COP29 ili çərçivəsində 13 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə Bakı şəhər 279 nömrəli tam orta məktəbdə təhsilverənlər üçün “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda təlim keçirilib.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan xəbər verilib.
 
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Südabə Abdullayeva COP29-un Azərbaycan üçün əhəmiyyətindən danışıb və bu günə qədər ev sahibliyi etdiyi ən nüfuzlu beynəlxalq tədbir kimi dəyərləndirib. COP29 çərçivəsində təhsil müəssisəsində görülən işlər haqqında məlumat verib və “Azərbaycanın köməyi ilə təbii qaz təchizatı mənbələrinin şaxələndirilməsi” mövzusunda maaifləndirici simulyasiya təlimin keçirilməsində müəllimlər üçün istiqamət verəcəyini qeyd edib.
 
ARTİ-nin şöbə müdiri dosent Aynur Paşayeva təlimdə çıxışı zamanı COP-un növbəti iclasının Azərbaycanda keçirilməsinin yaşıl və təhlükəsiz gələcək üçün xüsusi əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, bu tədbir dünya birliyinin ölkəmizə olan etimadından irəli gələrək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Ölkəmizin BMT-yə təqdim etdiyi son “İqlim Planı”na görə 2030-cu ilə qədər bərpa olunan enerjinin 30%-lik hədəfinə çatmağı qarşıya məqsəd qoyub. Bu baxımdan, Azərbaycanın COP29 çərçivəsində karbon emissiyalarının azaldılması və bərpa olunan enerjiyə üstünlük verilməsi, iqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi kimi hədəfləri qlobal ekoloji problemi aradan qaldırmaq üçün ciddi addımlardır.
 
Təlimdə ARTİ-nin aparıcı mütəxəssisi Xalidə Hüseynova çıxış edərək Azərbaycanın neft-qaz strategiyasının təməlində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi”nin uğurlu davamı kimi COP29-un milli maraqlara xidmətindən, elmi və siyasi əhəmiyyətindən geniş məlumat verib. X.Hüseynova qeyd edib ki, qədim neft ölkəsi kimi dünyada tanınan Azərbaycan artıq “mavi yanacaq” mənbəyi və etibarlı, təhlükəsiz təzhizatçısı kimi özünü təsdiqləyib.
 
Təlim çıxışlar ətrafında müzakirələrlə davam etdirilib.