Bu il ilk dəfə bütöv, suveren Azərbaycanda bilik günü qeyd olunur. Ölkəmizdə 133 mindən artıq şagird birinci sinfə gedir.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev 53 nömrəli tam orta məktəbdə keçirilən bilik günü tədbirində deyib.
O bildirib ki, ilk dəfə Şuşa, Xocalı, Xankəndi şəhərlərində, Laçının Sus kənd orta məktəbində ilk zəng çalınır: “Yeni tədris ilində işğaldan azad olunan ərazilərdəki məktəblərdə 1410 şagird təhsil alır. Onlardan 149-u birinci sinifə gedir.
Prezident İlham Əliyevin qayğısı, vitse-prezident Mehriban Əliyevanın diqqəti nəticəsində həyata keçirilən tədbirlər Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş təhsil siyasətinin davamıdır”.
Nazir müavini bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi, Elm və Təhsil Nazirliyinin xətti ilə məktəblərin 80 faizi yenilənib: “Yeni tədris ilində 29 yeni məktəb istifadəyə verilib. Ümumilikdə 83 məktəbin tikintisi davam edir, 37 məktəbin lahiyələndirilməsi həyata keçirilib, 670-dən artıq məktəb təmir edilib”.
Günel ABBAS