Bakı Mühəndislik Universitetində (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb.
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, bu barədə qərar universitetin Elmi Şurasının iclasında qəbul olunub.
BMU-da yeni fakültənin yaranması Prezident İlham Əliyevin qarşıya qoyduğu innovativ texnologiyalarla işləmək bacarığına malik, yeni sənaye inqilabının çağırışlarına cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlığının həyata keçirilməsi vəzifələrinin icrası istiqamətində atılan mühüm addımlardan biridir.
Vurğulamaq vacibdir ki, son dövrlər BMU-da informasiya texnologiyaları üzrə ixtisasların müasir dövrün tələblərinə uyğun tədrisi üçün gerçəkləşdirilən işlər uğurla davam etdirilib, kompüter laboratoriyalarının maddi-texniki bazası gücləndirilib. Bu işlərin davamı olaraq cari ildə BMU-da bp şirkətinin dəstəyi ilə ilk Kibertəhlükəsizlik laboratoriyası yaradılıb. Laboratoriya müasir, innovativ informasiya- kommunikasiya texnologiyaları avadanlığı və proqram təminatı ilə təchiz edilib.
Bundan başqa, son illərin qəbullarının nəticələrinə əsasən, BMU-da informasiya texnologiyaları sahəsi üzrə ixtisaslara maraq getdikcə artmaqdadır. Ayrılan plan yerlərinin tam dolması ilə yanaşı, yüksək nəticə göstərən tələbələr məhz bu ixtisaslara üstünlük verirlər. Builki qəbulda da yüksək bal toplayan abituriyentlərin seçdiyi ixtisaslar sırasında əsasən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və başqa ixtisaslar yer alıb.
Sadalananlar, xüsusilə universitetdə informasiya texnologiyaları ixtisaslarının ali təhsilin əsas baza istiqamətinə çevrilməsi zərurəti nəzərə alınaraq informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri ixtisaslarını özündə birləşdirən İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb.
Fakültədə tədris Azərbaycan və ingilis dillərində aparılacaq. 3 kafedradan (İnformasiya texnologiyaları və proqramlaşdırma, Kibertəhlükəsizlik və kompüter mühəndisliyi, Riyaziyyat və kompüter elmləri) ibarət olan fakültədə dərslər elmlər doktorları, fəlsəfə doktorları, professor və dosentlər daxil olmaqla, böyük təcrübəyə malik müəllimlər tərəfindən tədris ediləcək. Fakültədə bu ildən etibarən 4 bakalavr, 2 magistr ixtisası üzrə ümumilikdə 1100-dən çox tələbə təhsil alacaq.