Bu il Dağlıq Şirvan Regionu üzrə müəllimlərin işə qəbulu (MİQ) yolu ilə 722 müəllim Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən işlə təmin olunub və proses davam edir. 
 
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq regional təhsil idarəsindən məlumat verilib.  
 
Qeyd olunub ki, 2023-2024-cü tədris ilində 22 direktor, 722 müəllim ümumi təhsil müəssisələrində, 14 tərbiyəçi-müəllim isə məktəbəqədər təhsil müəssisələrində işlə təmin olunub. 
Bildirilib ki, məktəblərdə təlim və tədris üçün normal şərait yaradılmaqla yanaşı, şagirdlərin dərsə davamiyyətinin artırılması, onların bilik və bacarıqlarının üzə çıxarılması yönümündə də xeyli işlər görülüb və görülən işlər artıq öz bəhrəsini verməkdədir.
 
Bununla yanaşı, bu il təhsilverənlərin sertifikatlaşdırılması prosesində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 616 müəllimi iştirak edib, bunlardan 523 nəfəri test imtahanı mərhələsində uğur qazanıb. 
 
Elnarə QASIMOVA, 
Dağlıq Şirvan üzrə regional təmsilçi