"Elmi, qeyri-elmdən ayırmalıyıq. Biz elm deyəndə nə nəzərdə tuturuq? Bu, çox vacib bir sualdır".
 
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilmiş Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunda çıxışı zamanı deyib.
 
E.Əmrullayev bildirib ki, nazirlik olaraq müzakirələri dinləyəndə, gördüyümüz ondan ibarətdir ki, kifayət qədər çoxlu ictimai müzakirə var, amma onun içində elm azdır.
 
"Elmin səviyyəsi elmmetrik formatda ölçülə bilən məqalələr, sitatların sayı ilə müəyyən edilir. Bu, varsa, mənə görə elm var, bu, yoxdursa, çoxlu hay-küylü fikirlər varsa, onda sadəcə hay-küy var, elm yoxdur. Hay-küydən elmə gedən yolda nümunələr istəyirik. Nümunələr olduqca vacibdir. Çünki bir çox hallarda əsl elmlə, doğru, dürüst elmlə məşğul olan insanların adlarını elmmetrik jurnallarda görürük. Yəni, biz onları sosial mediada və digər platformalarda görmürük. Alimlərlə müzakirələrimdə bəzən suallar verirəm ki, niyə siz sosial mediada çox aktiv deyilsiniz, deyirlər ki, buna vaxt yoxdur. Çünki biz tədqiqatla məşğuluq və həmin vaxtı tədqiqata sərf eləsək, daha yaxşı olar".