11-12 sentyabr tarixlərində Elm və Təhsil Nazirliyi ilə Times Higher Education (THE) beynəlxalq reytinq agentliyinin birgə təşkilatçılığı, eləcə də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universitetinin birgə əməkdaşlığı ilə "Qlobal ali təhsil gündəliyində iqlim dəyişikliklərinə qarşı mübarizə" mövzusunda forum keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, COP29 sammiti ərəfəsində keçirilən forumun məqsədi iqlim dəyişikliyi ilə bağlı aktual məsələlərin müzakirəsini aparmaq, effektiv həll yolları təklif etmək və bu sahədə alimlər, sənaye liderləri, tələbələr və ictimaiyyət arasında əməkdaşlığı gücləndirməkdir.
Forumda universitet rəhbərləri, siyasətçilər, dövlət və qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələri iqlim dəyişikliyinin insanların həyatını necə formalaşdırdığını və onun mənfi təsirlərini aradan qaldırmaq yollarını müzakirə edirlər.
Tədbirdə Azərbaycan Respublikasının 15-dən artıq nüfuzlu spikerinin, o cümlədən - Elm və təhsil naziri Emin Əmrullayev, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əsgərov, SDU-nun rektoru, dosent Rüfət Əzizov, bp Azərbaycan-nın Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, British Council Azərbaycan üzrə ölkə direktoru Nərgiz Hacıyeva, Azərbaycan üzrə ölkə nümayəndəsi, BMT-nin Qlobal Müqavilə üzrə Azərbaycan nümayəndəliyinin rəhbəri Samir Məmmədov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və digər elm adamları çıxış edirlər.
Tədbirdə BMT-nin Dayanıqlı İnkişaf Məqsədi 13 iqlim fəaliyyətinin əhəmiyyəti və universitetlərin bu istiqamətdə dəstəyi, universitet tədqiqatlarının iqlim fəaliyyətini strategiyalarının mərkəzinə necə qoyması, universitetlərin iqlim böhranı ilə mübarizə aparmaq üçün əsas tərəfdaşları bir araya gətirmək qabiliyyəti, tələbələrin sənayenin və iş yerlərinin yaşıllaşdırılmasına necə dəstək ola biləcəyi, universitetlərin iqlim dəyişikliyi ilə mübarizədə az təmsil olunan qrupları dəstəkləməsi kimi məsələlər müzakirə olunur.