Elm və Təhsil Nazirliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutunun birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün "Psixoloji qiymətləndirmə alətlərinin məktəb mühitində istifadəsi" mövzusunda təlimlərə start verilib.
Bu barədə "Azərbaycan müəllimi"nə institutundan məlumat verilib.Bildirilib ki, təlimin məqsədi müəllimlərin psixoloji qiymətləndirmə alətlərindən istifadə etmək bacarıqlarının inkişaf etdirilməsi, onların bu sahədə peşə və ixtisas hazırlığının təkmilləşdirilməsidir.
Təlimlər müddətində müəllimlərin şagirdlərdə rast gəlinən müxtəlif problemlərlə və onların diaqnostikası məsələləri ilə bağlı ümumi məlumatlandırılması, onlara məktəbdə psixodiaqnostika işinin təşkili məsələləri, şagirdlərdə rast gəlinən psixoloji problemlərin psixodiaqnostikası üçün istifadə olunan anket, sorğu və obyektiv testlər, şagirdlərlə psixodiaqnostika işində adaptasiya olunmuş metodikalar, proyektiv metodikalar haqqında məlumat verilməsi və həmin metodikaların tətbiqi qaydalarının mənimsədilməsi nəzərdə tutulur.
Qeyd edək ki, təlimlər əyani aparılır və 30 akademik saatı əhatə edir.