Azərbaycan Tibb Universiteti (ATU) əcnəbi tələbələrin sayına görə ölkə üzrə yenə birincidir.
Bu barədə "Azərbaycan müəllimi"nə ATU-dan məlumat verilib.
ATU-nun Əcnəbi tələbələrlə iş üzrə dekanı, Farmakologiya kafedrasının baş müəllimi Natiq Bayramov bildirib ki, 509 dinləyici iyul ayının 4-6 tarixlərində 4 fəndən – Azərbaycan dili, kimya, biologiya və fizikadan universitetdaxili test üsulu ilə imtahan verərək hazırlıq şöbəsini bitirmiş hesab olunub:
"Universitetin daxili əmri ilə həmin dinləyicilərə şəhadətnamə verilməsi üçün Elm və Təhsil Nazirliyinə rektorluq adından müraciət edilib. Artıq hazırlığı bitirən tələbələr ölkəmizə gəlir, yeni müqavilələr imzalayır, təhsil haqqını ödəyirlər. Əmr imzalandıqdan sonra müvafiq fakültələrin I kursunda təhsillərini davam etdirəcəklər".
Dekanın sözlərinə görə, Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən, dövlət dilləri ingilis dili və rus dili olan ölkələrin vətəndaşlarının müsabiqədən keçmək şərti ilə birbaşa I kursda təhsil almaq hüquqları da var. Belə ki, Rusiya Federasiyasından olan vətəndaşlar rus, Pakistan və Hindistandan gələnlər ingilis bölməsində təhsil almaq üçün əvvəlcə Elm və Təhsil Nazirliyinin portal.edu.az. saytında qeydiyyatdan keçirlər. Bundan sonra rektorun əmri ilə yaradılan komissiya müsbət rəy verərsə, birbaşa I kursa qəbul edilirlər: "İndiyədək bu şərtlərlə qeydiyyatdan keçən tələbələrin sayı 40-dan çoxdur. Onu da vurğulamaq istərdim ki, Azərbaycanda təhsil alan 10 min xarici tələbənin təxminən 3 minə yaxını bizim universitetdədir. Bu ilk növbədə beynəlxalq akkreditasiyadan keçən universitetimizin dünyada günü-gündən artan reytinqi ilə əlaqədardır. Sevindirici haldır ki, 50-dən artıq ölkənin vətəndaşları universitetimizdə təhsil alır. Yaxın ölkələrdən – Türkiyə, İran və Rusiyadan gələnlər üstünlük təşkil etsə də, Hindistan, Pakistan, Afrika və ərəb ölkələri, İraq və İordaniyadan gələnlər də kifayət qədərdir. Hətta ABŞ və İsraildən də tələbələrimiz var. Yəni coğrafiya genişdir. 509 nəfərdən və birbaşa qəbul olanlardan əlavə, təxminən 60-a yaxın tələbənin Hindistandan birbaşa I kursa qəbul olunması gözlənilir".
Müsahibimiz keçən illə müqayisədə builki qəbulda artım olduğunu da deyib. Qeyd edib ki, ötən il hazırlıqdan keçən tələbələrin sayı 300-dən bir az artıq idisə, bu il onların sayı 500-dən çoxdur: “Bunlardan maddi vəziyyətlə əlaqədar bu il gəlməyənlər də ola bilər. Çünki biz onlara növbəti il üçün də şans veririk. Əgər universitetin proqramında dəyişiklik yoxdursa, növbəti il üçün də onların tələbə adı qüvvədə qalır. Eyni zamanda birbaşa I kursa qəbul olunan əcnəbi tələbələrin sayında da artım var. Keçən il 30 nəfər idisə, bu il 40-dan çoxdur. Müsabiqədən keçənlərin 50-dən çox olduğunu nəzərə alsaq, bu rəqəmin yenə də artacağı istisna deyil”.