Ali təhsil sistemi yeni hədəflərə istiqamətlənir
Noyabrın 16-da Prezident İlham Əliyevin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul edilib. Proqrama uyğun olaraq müxtəlif qurumların üzərinə ayrı-ayrı vəzifələr qoyulub. Həmin vəzifələrin yerinə yetirilməsində koordinasiya Təhsil Nazirliyinə həvalə edilib. Dövlət Proqramının icrası ilə əlaqədar olaraq, xüsusi idarəetmə qrupunun formalaşdırılması nəzərdə tutulub. Həmin qrup sənədin əhatə etdiyi illər ərzində tədbirlər planının yerinə yetirilməsinə, ümumiyyətlə, proqramın idarə edilməsinə nəzarət edəcək. Növbəti aylar ərzində idarəetmə qrupunun fəaliyyəti ilə bağlı təkliflər hazırlanıb təsdiq üçün təqdim olunacaq.
Təhsil naziri Ceyhun Bayramov bildirib ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin üzərinə böyük vəzifələr qoyulub və bu məsuliyyətin öhdəsindən layiqincə gələ bilmək üçün qurum bütün səylərini birləşdirəcək.
Dövlət siyasətinin məntiqi davamı
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nı Azərbaycanda ali təhsil müəssisələrinin rəqabətliliyinin qaldırılmasına xidmət edəcək sənəd olaraq yüksək qiymətləndirən təhsil naziri bunu ölkədə insan kapitalının inkişafına dövlət dəstəyinin təzahürü hesab edir. Onun fikrincə, Dövlət Proqramı ölkəmizdə indiyədək həyata keçirilən dövlət siyasətinin məntiqi davamıdır. Bu vaxta qədər həyata keçirilən siyasətin əsasında isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” və bu sənəd əsasında həyata keçirilən tədbirlər durur.
Xaricdə təhsil alanlarla bağlı məlumat bazası mövcuddur
Bəs, artıq başa çatmış ilk sənədin icra müddətində ölkə təhsil sistemi nəyə nail olub?
Rəqəmlərə əsaslansaq, 3558 Azərbaycan gənci dünyanın müxtəlif ölkələrinin qabaqcıl ali təhsil müəssisələrində ölkə üçün prioritet istiqamətlər üzrə təhsil almaq imkanı əldə edib. Onların böyük əksəriyyəti təhsilini başa çatdıraraq ölkəyə qayıdıb və hazırda müxtəlif sahələrdə fəaliyyətini davam etdirir. Proqram üzrə xaricdə təhsil alanların hər biri ilə bağlı Təhsil Nazirliyində məlumat bazası mövcuddur və həmin bazadan istər gənclərin təhsilinin tanınmasında, nostrifikasiya prosesinin daha qısa müddətdə tamamlanmasında, istərsə də işə qəbulu üçün istifadə olunur. Belə ki, baza həmin gənclərin xaricdə təhsil almış məzunları işə götürmək istəyən müəssisə və təşkilatlara yönləndirilməsində müstəsna rol oynayır. Eyni zamanda, maraqlı qurumlarla, işəgötürənlərlə bölüşülür.
60 faizi özəl, 40 faizi isə dövlət sektorunda işləyir...
İndiyədək işə götürülmüş məzunlar barədə məlumatların toplandığı bazanın təhlili göstərir ki, onların 60 faizi özəl, 40 faizi isə dövlət sektorunda fəaliyyətini davam etdirir. Təhsil naziri xüsusi qeyd edir ki, xaricdə təhsil proqramlarının məzunları dövlət qulluğuna qəbul üzrə müsabiqələrin test mərhələsindən azad olunub və onlar hər hansı vakansiya üzrə sadəcə müsahibə mərhələsinə qatılırlar. Bu da belə məzunlara işə qəbul zamanı verilən üstünlüklərdən biridir.
...akademik fəaliyyətlə məşğul olurlar
Ceyhun Bayramov sevindirici fakt kimi diqqətə çatdırır ki, dünyanın ayrı-ayrı universitetlərində təhsilini başa vuraraq Azərbaycana qayıdan məzunlar əmək fəaliyyətini davam etdirməklə yanaşı, həm də akademik fəaliyyətlə məşğul olurlar. Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində təhsil alan yüzlərlə Azərbaycan gənci öz pedaqoji akademik fəaliyyəti ilə ali təhsilə töhfə verir. Bu istiqamətdə ADA Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, BDU, UNEC, Bakı Ali Neft Məktəbi xüsusilə fəaldır.
20-dən artıq gəncin isə Təhsil Nazirliyində işlə təmin olunduğunu deyən təhsil naziri hesab edir ki, rəhbərlik etdiyi qurum xaricdə təhsil üzrə proqramın nəticələrindən indiyədək səmərəli şəkildə faydalanıb.
Yeni nəsil ali məktəblər
Birinci Dövlət Proqramının icrası müddətində Azərbaycanda dünyanın inkişaf etmiş təhsil sistemləri siyahısında olan qabaqcıl ali təhsil müəssisələrinin - Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Tibb Universitetinin filialları fəaliyyətə başlayıb. Azərbaycan ali təhsil sistemində artıq özünəməxsus yer tutan yeni nəsil ali təhsil müəssisələrinin - ADA, Bakı Ali Neft Məktəbi, Azərbaycan Turizm və Menecment Universitetinin yaradılması da bu dövrün əsas hadisələrindəndir.
Yeni innovativ layihələr - SABAH
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın qürurverici daha bir nəticəsi - SABAH əhatəlilik baxımından yeni innovativ layihələr siyahısında öndə gəlir. Bu layihə üzrə 12 ali təhsil müəssisəsində müxtəlif istiqamətlər üzrə kadr hazırlığı həyata keçirilir. Bir sıra innovativ yanaşmaları özündə ehtiva edən SABAH layihəsində dünyanın qabaqcıl universitetlərində istifadə olunan yanaşmalar tətbiq edilir.
İkili diplom proqramları
Əvvəlki Proqramın nəticəsi olaraq, Azərbaycanın bir sıra ali təhsil müəssisələrinin aparıcı beynəlxalq universitetlərlə ikili diplom proqramlarının sayı son illərdə artıb. Ölkə iqtisadiyyatı üçün vacib istiqamətləri əhatə edən bu layihələrdən biri Azərbaycan və Fransa Prezidentlərinin birgə təşəbbüsü ilə yaradılan UFAZ-dır. Azərbaycan-Fransız Universitetində ölkə iqtisadiyyatı üçün mühüm olan 4 istiqamət - neft-qaz mühəndisliyi, kimya mühəndisliyi, geofizika mühəndisliyi və kompüter elmləri sahəsi üzrə kadr hazırlığı həyata keçirilir. Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu, Azərbaycan tərəfindən isə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) daxildir. 3 ildir fəaliyyət göstərən universitetin artıq yüksək nəticələri var. 420-yə yaxın gənc ikili diplom proqramlarında təhsilini uğurla davam etdirir. Təhsil naziri Ceyhun Bayramov deyir ki, bu sahədə nəticələrdən qarşı tərəf də razıdır və bunu böyük məmnunluqla qeyd edirlər.
5 beynəlxalq ikili diplom proqramı təsis olunacaq
Elə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın da əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Əvvəlki proqram əsasında həyata keçirilən tədbirlərin yeni proqram üçün zəmin yaratdığını deyən təhsil naziri hesab edir ki, yenicə təsdiq edilən sənəd ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, insan kapitalının inkişaf etdirilməsi, strateji əhəmiyyət kəsb edən sahələr üzrə milli kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət Proqramında nəzərdə tutulan hədəflərə iki istiqamət üzrə hərəkət planı cızılıb. Sənədin birinci komponentində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulub. Təhsil naziri Dövlət Proqramı çərçivəsində ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşdirilməsi üçün ilkin mərhələdə 5 beynəlxalq ikili diplom proqramının təsis olunacağını deyir.
Bu məqsədlə nüfuzlu xarici tərəfdaş ali təhsil müəssisələri seçiləcək, xarici mütəxəssislərin cəlb olunması yolu ilə yerli ali təhsil müəssisələrində inzibati-akademik heyətə təlim keçiriləcək və tədris proqramları yenilənəcək.
İkili diplom proqramlarının tətbiqinin genişlənməsindən nə gözləyirik?
Təhsil naziri Ceyhun Bayramov deyir ki, ikili diplom proqramlarının tətbiqi ilə belə modulların sayı genişləndiriləcək. Hazırda beynəlxalq səviyyədə qəbul edilmiş sertifikat proqramları bəzi Azərbaycan universitetlərində nəzərə alınır. Həmin proqramları uğurla başa çatdırıb sertifikat alan tələbələrin standarta uyğun olmayan məzmunu keçməsinə ehtiyac qalmır: “Artıq bir sıra ali təhsil müəssisələrimiz bu yanaşmanı tətbiq edir. Məsələn, İT sahəsində, o cümlədən xarici dil üzrə qabaqcıl beynəlxalq şirkətlərin yaratdıqları məzmun və proqramlar var. Xarici dilin tədrisi ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən beynəlxalq qiymətləndirmə proqramlarını keçib sertifikat əldə edənlər əvvəlcədən müəyyən olunmuş fənləri mənimsəmiş hesab edilir və bunun əsasında da onların kreditləri hesablanır”.
Nazir belə hesab edir ki, bu, tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək. Odur ki, Təhsil Nazirliyi ali təhsil müəssisələrinin rəhbərlərinə ikili diplom proqramlarında tədris olunan modulların həmin ali məktəbdə bu proqramların tərkib hissəsi olmayan ixtisaslarda da tətbiqini tövsiyə edəcək.
Doktorantura səviyyəsində xaricdə təhsil maliyyələşdiriləcək
İkinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək.
Dövlət Proqramı Dövlət Neft Fondunun vəsaiti və alternativ mənbələrin (dövlət büdcəsindən ayırmalar, beynəlxalq təşkilatların (fondların) texniki-maliyyə yardımları, kreditlər və qrantlar, mülkiyyət formasından asılı olmayaraq xarici və yerli hüquqi və fiziki şəxslərin ianələri) hesabına maliyyələşdiriləcək.
Nazir hansı təşəbbüslərin maliyyələşdiriləcəyi ilə bağlı müəyyən məlumatlar da verib. Belə görünür ki, doktorantlar qarşısında növbəti 5 il üçün geniş imkanlar açılır. Məsələn, Azərbaycan gəncləri süni intellekt istiqaməti üzrə təhsil almaq istəsə, Təhsil Nazirliyi bunu müsbət qarşılayacaq: “Bu, hazırda bütün dünyada çox aktual mövzudur. Gənclərimiz həmin sahə üzrə doktorantura səviyyəsində təhsil almaq üçün müraciət edərsə, çox şad olarıq. Təhsil Nazirliyi belə müraciətlərə müsbət yanaşacaq”.
Bu mərhələyə qədər isə gənc doktorantların üzərinə xeyli iş düşür. Onlar araşdırma aparmalı, maraqlandıqları istiqamət üzrə təhsil proqramı haqqında məlumat toplamalıdırlar. Təhsil almaq istədikləri ali təhsil müəssisəsinin qəbul meyarlarına cavab verməli və həmin təhsil pilləsinə qəbul olunduqdan sonra dövlət proqramı vasitəsi ilə maliyyələşdirilmək üçün müraciət etməlidirlər. Yalnız bundan sonra dövlət onların təhsilinin maliyyələşməsinə baxa və yardım edə bilər.
Alimlərin qarşılıqlı əməkdaşlığı elmin inkişafına töhfə verəcək
Dövlət Proqramında Azərbaycan alimlərinin ayrı-ayrı ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparması da əksini tapıb. Nazirin fikrincə, xarici professor-müəllim heyəti ilə birgə tədqiqatların həyata keçirilməsi, beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsi elmdə müsbət nəticələrə gətirib çıxaracaq. Xarici proqramlar üzrə cəlb edilmiş alimlər Azərbaycanda işini başa çatdırıb öz ölkələrinə qayıtdıqdan sonra belə, yaradılan bu əlaqələrin faydasını görmək mümkün olacaq: “Dünyada elm sahəsində baş verən yeniliklərdən görünür ki, alimlərin əldə etdiyi nəticələr bir deyil, bir neçə müəssisədə, hətta bir neçə ölkədə, qitədə əməkdaşlığın nəticəsidir”.
Dövlət Proqramı neçə doktorantı və hansı universitetləri əhatə edəcək?
Dövlət Proqramının verdiyi imkanlardan neçə nəfər doktorantın yararlana biləcəyi, yaxud ikili diplom proqramlarının hansı universitetlərdə tətbiq ediləcəyi də maraqlıdır. Ceyhun Bayramov qeyd edir ki, doktorantların sayı ilə bağlı hər hansı məhdudiyyət yoxdur. İkili diplom proqramlarının tətbiq ediləcəyi universitetlər isə hələlik müəyyənləşdirilməyib: “Sənədin qəbulundan cəmi bir neçə gün ötüb. Buna baxmayaraq, artıq Təhsil Nazirliyinə bir sıra ali təhsil müəssisələrindən müraciətlər daxil olub. Müraciətlərdən biri kənd təsərrüfatı üzrə ikili diplom proqramının təsis edilməsinə dairdir. Bu müraciətlə bağlı artıq Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlara da başlanılıb. İnformasiya Texnologiyaları sahəsi üzrə ikili diplom proqramının təsis edilməsinə dair müraciət də dəyərləndiriləcək. Təhsil sahəsi üzrə - müəllim hazırlığı, məzmun, qiymətləndirmə, psixologiya, psixoloji xidmətin təşkili, təhsilin idarəedilməsi kimi magistr proqramlarının təsis edilməsinə dair müraciətlər də var”.
Bu proqramda iştiraka dair böyük motivasiya müşahidə olunduğunu vurğulayan nazir Dövlət Proqramının bir tərəfdən ali təhsil müəssisələri üçün geniş imkanlar açdığını, digər tərəfdən proqrama qoşulan təhsil müəssisələrinin üzərinə böyük məsuliyyət qoyduğunu da qeyd edir. Belə ki, Proqrama qoşulmaq üçün təhsil müəssisələri xeyli iş görməlidirlər. Proqramların uyğunlaşdırılması, şəraitin təşkili və başqa məsələlər həll edilməli, bir sözlə, Proqramı qəbul edən müəssisənin bəlli potensialı olmalıdır.
Doktorantura təhsili üzrə seçim meyarları müəyyənləşdirilir
Təhsil naziri vəd edir: “Növbəti illərdə məhz bu Dövlət Proqramının uğurla icrası nəticəsində ilk ikili diplom proqramlarının təsis edilməsinin, Azərbaycan tələbələrinin dünyanın aparıcı universitetlərinin doktoranturasına qəbul olunmasının şahidi olacağıq. Dövlət Proqramına uyğun olaraq hər iki istiqamət üzrə müvafiq əlavə sənədlərin qəbul edilməsi, ikili diplom proqramı ilə bağlı seçim meyarlarına dair xüsusi qaydaların hazırlanması, eyni zamanda doktorantura təhsili üzrə də seçim meyarları üzərində iş gedir. Qısa müddət ərzində həmin sənəd layihələri Nazirlər Kabinetinə təqdim ediləcək”.
Ruhiyyə DAŞSALAHLI