Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə” müvafiq əmrinə əsasən, yeni tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunacaq.  
 
"Azərbaycan müəllimi" xəbər verir ki, dərslərin təşkilinə metodik dəstək məqsədilə Elm və Təhsil Nazirliyi, COP29 Azərbaycan Əməliyyat Şirkəti və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yerli bölmələrinin metodistləri və qabaqcıl müəllimlər üçün vebinar keçirilib. 
 
Vebinarda COP29 Əməliyyat Şirkətinin dayanıqlı inkişaf məsələləri üzrə ixtisaslaşmış mütəxəssisləri, iqlim dəyişikliyi üzrə mütəxəssis Ayan Şamçiyeva, eləcə də Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun əməkdaşları iştirak ediblər. 
 
Vebinarda “Yaşıl dünya naminə həmrəylik dərsləri” adlı müəllimlər üçün metodik vəsait, həmçinin videotəlimat barədə məlumat verilib, bu yöndə zəruri tövsiyələr iştirakçıların diqqətinə çatdırılıb. 
 
Sonda iştirakçıların fikir və təklifləri dinlənilib, sualları cavablandırılıb. 
 
 
Qeyd edək ki, sözügedən mövzunun tədrisi ilə bağlı müəllimlərə dəstək məqsədli 3 dərsdən ibarət “Yaşıl dünya naminə həmrəylik dərsləri” adlı metodik vəsait www.trims.edu.az portalında yerləşdirilib. Vəsait əsasında hazırlanmış videotəlimat da həmin portalın “Videoresurslar” bölməsinə əlavə olunub.  
 
 
Tədris ili ərzində mövzu ilə bağlı dərslərin keçirilməsi və layihələrin tətbiqi diqqətdə saxlanılacaq.