“2023-2024-cü tədris ilində Lənkəran-Astara Regional Təhsil İdarəsinin tərkibində olan məktəblərdə aparılan monitorinqlərin nəticələrinə görə, qız şagirdlərin təhsil qiymətləndirilməsi üzrə nəticələri oğlan şagirdlərə nisbətən daha yüksək olub. Həm IV və VI siniflər üzrə monitorinq hesabatlarına görə, həm də IX-XI siniflər üzrə Dövlət İmtahan Mərkəzindən (DİM) alınan imtahan nəticələrinə görə qızlar oğlanlardan daha yaxşı nəticə göstərib. Bu hal araşdırılmalı və oğlanların nəticələrinin daha zəif olmasının səbəbi aşkara çıxarılıb problem həll olunmalıdır”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun (ARTİ) Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov bu gün Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə keçirilən ənənəvi sentyabr konfransında çıxışında səsləndirib.
Slaydla təqdimat edərək konfransda geniş çıxış edən direktor region üzrə bir neçə ilin təhsil göstəricilərini ölkə üzrə olan təhsil göstəriciləri ilə müqayisə edərək zəif və yüksək nəticələr barədə ətraflı məlumat verib:
“Bizim nəticələrimiz şagirdlərin nəticəsi ilə müəyyən olunur. Builki sertifikatlaşdırma nəticələri bir daha göstərdi ki, imtahanlarda yüksək bal toplayan müəllimlər bəzən bu savadı sinifdə nümayiş etdirə bilmirlər. Bununla bağlı statistik məlumatlar da bizdə var”.
ARTİ-nin regional təhsil idarələri ilə əmkdaşlığından, müəllimlər üçün təşkil edilən layihələrdən, ölkə üzrə keçirilən fənn müsabiqələrindən, “İnnovativ məktəb” layihəsindən danışan İlham Cavadov yeni tədris ilində həyata keçiriləcək tədbirlər haqqında da geniş məlumat verib:
“Nəticələri yüksəltmək üçün kiçikyaşlı uşaqları yarışlara, müsabiqələrə cəlb etmək lazımdır. Respublika Fənn Olimpiadalarında, Lütfi Zadə adına məntiq yarışmasında, “Sabahın alimləri” müsabiqəsində hər il daha çox şagirdin iştirakını təmin etmək lazımdır. Beynəlxalq qiymətləndirmə monitorinqlərində nəticələri yüksəltmək lazımdır. İndiyə qədər təkcə Bakı məktəblərində aparılan PISA (Program for International Student Assessment) beynəlxalq qiymətləndirmə tədqiqatı bu ildən bütün ölkə üzrə keçiriləcək. Bunu nəzərə alaraq məktəb direktorlarına bu yöndə hazırlıq səviyyəsini yüksəltmək üçün tapşırıqlar vermək lazımdır”.
Nilufər HACILI,
Lənkəran-Astara regionu üzrə təmsilçi