Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində muxtar respublika təhsil işçilərinin sentyabr konfransı keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponantlarla tanışlıq olub.
Sonra tədbir iştirakçıları “Gənclik” Mərkəzinin foyesində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxıblar.
Konfransda əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxış edərək bildirib ki, bu gün nazirliyin tabeliyində 269 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 210-u ümumtəhsil məktəbi, 20-si məktəbəqədər, 35-i məktəbdənkənar, 1-i xüsusi təhsil 3-ü isə peşə təhsil müəssisəsidir. Naxçıvanda bu il ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada hər bir namizədə bərabər imkanlar yaradılmaqla və şəffaflıq təmin edilməklə keçirilən müəllimlərin işə qəbul üzrə müsabiqədə namizədlərdən 133-ü müəllim adını qazanıb.
Qeyd edilib ki, 2024-cü il şagird nailiyyətləri baxımından Naxçıvan təhsili üçün ən uğurlu illərdən biridir. Belə ki, buraxılış və qəbul imtahanlarında şagirdlər tərəfindən son 5 ilin ən yüksək nəticələri əldə edilib.
Konfransda şagirdləri qəbul imtahanlarında yüksək nəticə göstərən Babək rayon Arazkənd ümumi orta məktəbinin müəllimi Dünya Əliyeva və Culfa şəhər 3 nömrəli tam orta məktəbin müəllimi Vüsalə Ələkbərova çalışdıqları təhsil ocaqları üzrə qazanılan nailiyyətlərdən danışıblar.
Azərbaycan elm və təhsil nazirinin müavini Firudin Qurbanov slayt vasitəsilə ölkəmizdə 2003-2023-cü illərdə təhsil infrastrukturunun təkmilləşməsindən söz açıb. Nazir müavini qeyd edib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil quruculuğu ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirir. Son illərdə təhsil infrasturukturu tamamilə yenilənib, tədris şəraiti tam müasirləşdirilib. 2017-2022-ci illərdə bir milyondan çox şagirdin tədris şəraitnin yaxşılaşdırılmasına xidmət edən 414 modul tipli məktəb tikilib istifadəyə verilib. 2023-cü ilin sonunadək ölkə ərazisində 1365 məktəb fiber-optik şəbəkəyə qoşulub, 2026-cı ilədək daha 1500 məktəbin fiber-optik şəbəkəyə qoşulması planlaşdırılır. Texnoloji təminatın ilbəil daha da yaxşılaşdırılmasının nəticəsidir ki, 2020-ci ildə 36 şagirdə 1 kompüter düşürdüsə, 2026-cı ildə bu say 6 şagirdə 1 kompüter təşkil edəcək.
Konfrans Heydər Əliyev Uşaq Gənclər Yaradıcıllıq Mərkəzinin dərnək üzvlərinin ifasında mahnı nömrələrinin səsləndirilməsi ilə yekunlaşıb.
Sonda “Gənclik” Mərkəzinin qarşısında xatirə şəkli çəkdirilib.
10:56
Hazırda Naxçıvan Muxtar Respublikasında təhsil işçilərinin sentyabr konfransı keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar Heydər Əliyev muzeyinin eksponantları ilə tanış olublar.
Şagirdlərin əl işlərindən ibarət sərgiyə, həmçinin onların idman nailiyyətlərinə baxış keçirilir.
Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, təhsil nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak edirlər.