Yaşanmışlıq... Qəzetin yazdıqlarından öncə saralan səhifələri danışır yaşananları. 90 ildə nələr var, nələr, kimlər var, kimlər...
Bu il sentyabr ayının 2-də “Azərbaycan müəllimi” qəzetinin 90 yaşı tamam oldu. Təntənəli şəkildə qeyd edilən yubiley tədbirləri çərçivəsində bir kitab işıq üzü gördü: “Azərbaycan müəllimi”: 90 ilin izi ilə” .
“Azərbaycan müəllimi”ndə ayrı-ayrı illərdə çap olunmuş minlərlə maraqlı, kəsərli, maarifləndirici, sanballı məqalə arasından seçilən 220 məqalə, 35 fotonun əks olunduğu nümunələr saralmış qəzet səhifələrdən ağappaq kitab vərəqlərinə köçürüldü. Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun elmi redaktoru, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayevin layihə rəhbəri olduğu kitabın müəllif-tərtibçiləri qəzetin əməkdaşları Oruc Mustafayev və Çingiz Səfərlidir.
90 ilinin izinə düşən qəzetin şöbə redaktoru Oruc Mustafayev “Azərbaycan müəllimi”nə müsahibəsində həmin kitabla bağlı danışıb.
Azərbaycanın taleyini yaşamış bir qəzet
- Oruc müəllim, “Azərbaycan müəllimi” qəzetinin 90 illik fəaliyyətini cəmləşdirərək bir kitab ərsəyə gətirdiniz. Öncəliklə, xeyirli-uğurlu olsun. Maraqlıdır, saralmış qəzet səhifələrini ağappaq kitab vərəqlərinə çevirmək fikri haradan ağlınıza gəldi, bu, kimin təşəbbüsüdür?
- Bilirsiniz ki, “Azərbaycan müəllimi” ölkəmizin mətbuat tarixində öz dəst-xətti və inkişaf yolu, ənənələri olan bir mətbu orqanıdır. Və Azərbaycanın taleyini yaşamış bir qəzetdir. Ölkəmizin son 90 ildə keçdiyi keşməkeşli yolu “Azərbaycan müəllimi” də keçib, çətinlikləri də, fərəhli anları da yaşayıb. İstər ötən əsrin 30-cu illərində savadsızlığın ləğvi, ilk məktəblərin açılması, müəllim hazırlığı, maarif və təhsil sahəsində ilk addımlar, qanlı-qadağalı İkinci Dünya müharibəsi, daha sonra dinc həyata keçid və yenidən başlayan quruculuq, sonrakı dövrlərdə müstəqilliyimizin qazanılması, üzləşdiyimiz siyasi xaos və böhran, sabitlik, tərəqqi və inkişaf dövrü, Vətən torpaqlarının işğalı və nəhayət, 44 günlük Vətən müharibəsinin qürurlu anları, ərazilərimizə qayıdış, Qərbi Azərbaycana qayıdış arzularının gerçəkləşməsi istiqamətində milli hədəflərimiz “Azərbaycan müəllimi”nin bu illərdəki fəaliyyətinin önəmli istiqamətləridir. Qəzetin keçdiyi 90 illik yolu layiqincə qeyd etmək barədə düşünməyə başladığımız ilk gündən belə bir fikir formalaşmışdı. Amma saytımızın redaktoru Çingiz Səfərli ilə müzakirələrimiz nəticəyönümlü oldu. Kitabın hazırlanmasına qərar verdik.
- Bu qədər qısa müddətdə reallaşdırılması prosesin qərarvermə mərhələsinin asan getdiyindən xəbər verir?
- İlk gündən təşəbbüsümüz Elm və Təhsil Nazirliyində dəstəkləndi. Qəzetimizin adına layiq iş görməli idik. Xüsusən, dəstək və etimad böyük olanda məsuliyyət də ağırlaşır. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayevin dəstəyini xüsusi qeyd etməliyəm.
- Bəs iş prosesi? Asan olmayıb hər halda ki, məzuniyyətinizi də bu işə sərf etdiniz.
- Başqa yolu yox idi, keçmiş əlifba ilə yazılan məqalələri yenidən işləməli, korrektə və redaktə etməliydik. Sadəcə fotoların seçilməsi nə qədər vaxt apardı. 100-dən çox şəkil seçmişdik, ancaq cəmi 35-i kitabda öz əksini tapdı. Araşdırma boyunca çox maraqlı məqalələrə, tanınan imzalara, müəlliflərə və hətta məşhur şəxslərin uşaqlıq fotolarına rast gəlirdik. Kitabın özəlliyini saxlamaq üçün hər birini olmasa da, rastıma çıxdıqca dayana bilməyib paylaşdıqlarım da oldu.Təhsil tariximizin ilk illərinə aid olan yazıların, arxivlərdən seçmələrin nə qədər maraq oyandırdığını, reaksiyalara səbəb olduğunu gördükcə daha da həvəsləndim.
Arxivdəki “Azərbaycan müəllimi”
- Qəzetin arxivini necə, haradan tapdınız? Ən əsası, bütün nömrələrini tapa bildinizmi? Arxiv təəssüratlarınız maraqlıdır. Qəzetin arxivi əlçatandırmı? Harda saxlanılır və hansı adlarla? Arxivi tapmağınızda kömək edənlər oldumu?
- Düzü, arxiv gündəliyimiz çox zəngindir. Bu işə qəzetin redaksiyasında olan arxiv nüsxələrindən başladıq. 1946-cı ilə aid nüsxələri tapa bilməyəndə axtarışları genişləndirib ilk nüsxənin dalınca düşdük. O qədər güclü istək vardı ki, həmin nömrə harada olsa, arxasınca gedəcəkdim. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında 1946-cı ilin ilk nömrəsinə rast gəlsəm də, sonrakı nüsxələrini tapmaq üçün M.F.Axundov adına Milli Kitabxanaya “köçdüm”. Qeyd edim ki, istər Mərkəzi Elmi Kitabxanada, istərsə də Milli Kitabxanda axtarışlarıma qarşı olan böyük marağı görməmək mümkün deyildi. 90 yaşlı qəzetin arxiv nüsxələrini mənimlə bərabər axtardılar desəm, yalan olmaz. Qəzetimizin ötən 90 ilinin izini tapmaqda dəstək olan bütün kitabxana əməkdaşlarına dərin minnətdarlığımı bildirirəm. Onların səbri və dəqiqliyi sayəsində “azmadan” araşdırmamızı yekunlaşdırdıq. Milli Kitabxanada qəzetimiz 3 ayrı adla təsnifatlandırıldığından axtarışlar 3 ad üzrə aparıldı və lazımi materialları əldə edə bildik. Məsələn, Qəzet 1934-cü il 2 sentyabr tarixindən “Qommunist Məarifi” (“Kommunist maarifi”) adı ilə dərc olunub. Sonra daha çox pedaqoji yönümlü olması nəzərə alınaraq 1938-ci ildən “Müəllim qəzeti” kimi çıxıb. Qəzet 1938-ci ildən 1941-ci ilin iyul ayının ortalarına kimi bu adda nəşr olunub. 1946-cı ilin aprelindən artıq “Azərbaycan müəllimi” kimi dərc olunmağa başlayıb. Təsəvvür edin ki, 3 fərqli adda çıxmış qəzetin arxiv nüsxələrini tapmalı, toplamalı idim. Üstəlik, bu fərqli adları ayrı-ayrı yerdə tapacağım da ağlıma gəlməmişdi.
- Müharibə dövrünün təhsil qəzeti nədən yazırdı?
- 1941-ci il 20 iyun sayında qəzet ənənəvi mövzularında yazılar, eləcə də 1941-1942-ci dərs ilinin tədris planını dərc edib. İki gündən sonra Böyük Vətən müharibəsi başlayıb. İyunun 26-da çap olunmuş növbəti nömrənin səhifələri isə düşmənə nifrət və qəzəb ruhunda idi. Müəllimlər, tələbələr, oğlanlı-qızlı hərbi komissarlıqlara tələsir, Xalq Maarif Komissarlığı isə tam gücü ilə fövqəladə iş rejiminə keçmişdi. Bütün bu məqamlar müharibənin ilk aylarında bir neçə sayı dərc olunmuş qəzetin səhifələrində öz əksini tapıb. Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar qəzetin əməkdaşları cəbhəyə yollanıb.
Kitab təhsil tədqiqatları üçün də geniş mənbə rolunu oynayır
- 90 ildir nəşr olunan bir qəzetin səhifələrinin hər birinə artıq bələdsiniz. Deməli, təhsil sisteminin gəldiyi 90 illik yolu da mənimsəmisiniz. Bəs bu kitabı oxuyacaq oxucu təhsilin 90 ili ilə tanış ola biləcəkmi?
- Şübhəsiz ki, “Azərbaycan müəllimi”nin keçdiyi 90 illik tarixə işıq salan bu kitab maarifimizin inkişaf yollarını əhatə edir. Bu yol əslində Azərbaycan təhsilinin, məktəbinin, müəlliminin keçdiyi yoldur. Maarifçilik tariximiz, ölkəmizdə ötən əsrin 30-cu illərində təhsil sahəsində görülən işlər, məktəblər, dərsliklər, yeni müəllim hazırlığına dair məsələlər bir çox cəhətdən bu gün üçün də aktual və maraqlıdır. Kitabda ölkəmizin təhsil tarixi qəzetin adına uyğun olaraq 3 fəsildə dövriləşdirilib. Bütün fəsillərdə ilk maarifçi-pedaqoqlarımızın məktəb və müəllim, tədrisin təşkili, dərsliklərin yazılması və təkmilləşdirilməsi, məktəbdə qiymətləndirmə, təlim-tərbiyə, müəllim və şagirdlərin bədii estetik zövqünün inkişafı, məktəbdənkənar fəaliyyətin təşkili ilə bağlı məsələlər, eləcə də problemlərə tənqidi yanaşma aparıcı istiqamət təşkil edib. Bütün bunlar 90 yaşlı qəzetin uzunillik fəaliyyətində oxucular üçün maraq kəsb edən sahələrdir. Bu baxımdan, kitab təhsil tədqiqatları üçün də geniş mənbə rolunu oynayır.
- Qəzetin ilk nömrəsini oxudunuzmu? Ümumiyyətlə, qəzetdə belə bir fikrə rast gəldinizmi, bu qəzet necə olub çıxmağa başlayıb, fikri ortaya atan kim olub?
- 1934-cü il sentyabrın 2-də, bir bazar günü ölkənin ilk pedaqoji qəzeti oxucularının görüşünə gəlib. Onu da deyim ki, 30-cu illərdə respublikada cəmi bir pedaqoji jurnal – “Yeni məktəb” və cəmi bir pedaqoji qəzet - “Qommunist Məarifi” nəşr olunurdu. Qəzetin necə çıxması və dərc olunmasını zəruri edən amillərə gəlincə, deməliyəm ki, ilk pedaqoji qəzetin dərci təklifini Azərbaycan Xalq Maarif Komissarlığı irəli sürüb. Məsələ onda idi ki, 30-cu illərdə savadsızlığa qarşı mübarizədə, qızların məktəbə cəlb olunmasında pedaqoji mətbuatın üzərinə böyük vəzifə düşürdü. Qəzetin maarifləndirici rolu əhəmiyyətli dərəcədə böyük idi. Bu dövrdə maarif sahəsində təbliğat-təşviqat tədbirlərinin aparılması, digər tərəfdən müəllimlərə elmi-metodiki yardımların göstərilməsi aktual məsələ idi. Ona görə də pedaqoji mətbuata ciddi ehtiyac vardı. Belə bir şəraitdə meydana gələn “Kommunist məarifi” həm maarif işinin gücləndirilməsinə xidmət edir, həm də müəllimlərə tədris proqramları və metodik yardım göstərirdi.
Qəzet ilk nömrəsindən başlayaraq ölkədə məktəb işinin inkişafı sahəsində qərarların həyata keçirilməsi uğrunda qəti mübarizəni özünün başlıca məramı kimi qarşıya qoyur. Qəzetin nəşrə başlaması münasibətilə ilk səhifəsində “Mədəni inqilabın yeni mübarizinə” adlı təbrik məktubu verilib, redaksiya heyətinə “Bakraboçi” qəzetinin təbrik məktubu dərc olunub. İlk səhifədə yer alan “Yeni qələbələrə doğru” və “Qəti dönüş yaratmalı” başlıqlı ilk yazılarda qəzet yeni tədris ilinə hazırlıqlı başlamağa çağırış edirdi. Elə buradaca “Məktəblərin dərs ilinə hazırlıq gedişi barədə” Ümumittifaq Kommunist (bolşeviklər) Partiyasının Zaqafqaziya Ölkə Komitəsinin məlumatı yerləşdirilib. Qəzet ilk sayından məktəb qarşısında duran mühüm vəzifələri – şagirdlərə elmlərin əsaslarını dərindən mənimsətmək, məktəb rejimini möhkəmlətmək, ümumi icbari təhsilin hər yerdə həyata keçirilməsini təmin etmək vəzifələrini öz fəaliyyət proqramı kimi qəbul edir, məktəb işində məsul vəzifələrin uğurla yerinə yetirilməsində müəllimlərə, maarif işçilərinə operativ köməklik edirdi. Cəmi 4 səhifə həcmində çıxan qəzetin ilk redaktoru 1934-1937-ci illərdə Azərbaycanın xalq maarif komissarı vəzifəsində çalışan Mahmud Ağayev olub. İlk vaxtlarda 5 min tirajla çıxan qəzetin nüsxələrinin sayı sonrakı illərdə 20 minə çatıb. Qəzetimizi müttəfiq respublikalarda da oxuyublar. Xarici ölkələrdə isə 44 abunəçisi olub.
“Azərbaycan müəllimi” problemlərə münasibət bildirir
- Qəzet 90 ildir nədən yazır, nələrə işıq salır. Problemlərə münasbəti necə olub? Hansı illərdə çıxan “Azərbaycan müəllimi” daha maraqlı idi?
- Qəzet dərc olunduğu bütün illər ərzində öz missiyasına – maarifləndirmək, bilik vermək, yeni vətəndaş yetişdirmək amalına sadiq qalıb. Ölkəmizdə maarif hərəkatının ön cəbhəsində dayanıb. Qəzet ilk illərdən müəllimlər arasında pedaqoji, psixoloji, metodik biliklərin yayılması, qabaqcıl təcrübənin təbliği, təhsil sahəsindəki nöqsanlara qarşı mübarizəni günün tələbləri səviyyəsində qoyduğu üçün hər zaman pedaqoji ictimaiyyətin sevimli mətbu orqanı olub. Saralsa da, yaxşı qorunma sayəsində sapsağlam qalmış səhifələrini vərəqlədikcə maaarifçilik tariximizin ilk ləpirçilərinin bir-birindən dolğun yazılarına şahidlik edirik. Gözlərimizin önündə “Azərbaycan müəllimi” ildən-ilə inkişaf edir, məzmunca yenilənir, ölkə həyatının bütün tarixi anlarını öz səhifələrinə köçürür və bunu böyük məsuliyyət, böyük yaradıcılıq eşqi ilə edir. Qəzetin ilk nömrələrindən başlayaraq onun maraq dairəsinin, diqqət ayırdığı mövzuların həddən artıq geniş olduğunu görə bilərik: “Düşünmək lazımdır”, “Qabaqcıl təcrübə mübadiləsi”, “Bir məktubun izi ilə”, “Müəllimin əmək hüququ”, “Oxucunun xahişi ilə ezamiyyətdə”, “Ali məktəb həyatı” , “Qabaqcıl məktəblərimiz”, “İcra hakimiyyəti və məktəb”, “Hamilər” (burada alimlərimizin məktəblərlə sıx əlaqəsinə toxunulurdu), “Təhsil şöbələrində nə var, nə yox?”, “Elm xadimlərimiz”, “Ziyalı sözü”, “Unudulmazlar”, “Həlli vacib məsələ” və s. Sonuncu rubrikada yer almiş məqalələrdən biri belə adlanırdı: “Milli pedaqogika mümkündürmü?”. Professor Nurəddin Kazımov müstəqilliyinə qovuşan Azərbaycan Respublikasında milli pedaqogikanın yaradılması məsələlərindən, onun vacibliyindən danışırdı. Digər rubrikalardan biri “Məktəbşünaslıq” adlanırdı. Burada maraqlı yazılardan biri “Məktəbin idarəetmə fəaliyyətinin texnologiyaları” adlanırdı. Məqalədə qeyd olunub ki, idarəetmə nəzəriyyəsi olmadan idarə etmək mümkün deyil. Məktəb rəhbərlərinin həm nəzəri, həm də praktik cəhətdən idarəetmə hazırlığına malik olması çox vacibdir. Müəllif B.Əhmədov öz yazısında qeyd edib ki, idarəetmə işinin texnologiyası sahəsində kifayət qədər səriştəsi olmayan rəhbərlərin işlədiyi kollektivlər hədsiz ziyan çəkir. Sualın ikinci hissəsinə gəlincə, fikrimcə, qəzetin 30-40-cı illərə aid olan nömrələri həm bizim maarif işinin əsaslarını qoyan ilk təhsil mətbuatı yaradıcılarının qələm məhsullarını, onların qoyduğu mirası dərindən öyrənmək (bu çox vacibdir), həm də pedaqoji mətbuatın bu illərdə necə formalaşması baxımından əhəmiyyətlidir.
- Yeri gəldikcə, “Azərbaycan müəllimi” öz səhifələrində tənqidə də yer ayırıb. Hansı dövrdə şəffaflıq, hansı dövrdə açıqsözlülük gördünüz?
- “Azərbaycan müəllimi” tənqidə elə ilk sayından başlayıb. Məsələn, qəzetin 2 sentyabr 1934-cü il tarixli ilk sayında birinci səhifədə “Qara lövhə” rubrikasındakı xəbərdə “Yeni dərs ilinə tam hazırlıqlı olmaq üçün məktəb təmirini gecikdirmiş və bu sahədə biabırcasına geridə qalmış rayonlar”ın siyahısı verilib.
“Kommunist maarifi”inin ilk saylarında savadsızlıqla mübarizə sahəsində geridə qalan məktəblərin, xüsusən qızların tədrisə cəlb olunması işində fəaliyyətsizlik göstərən təhsil müəssisələri ciddi surətdə tənqid olunub. Bu sahədə silsilə yazılar bütün ölkəni əhatə edirdi. Ciddi məsələlərdən biri kimi ayrı-ayrı rayonlarda qızların məktəbdən çıxarılaraq erkən nikaha cəlb olunması faktları üzə çıxarılır. Məktəb tikintisi, dərskiklərlə təminat, gənc kadrların işlə təmin olunması sahəsində regional təhsil idarələrində buraxılan kobud nöqsanlar qəzetdə ən çox tənqid olunan mövzular idi. Məktəbə ayrılan odun yanacağı məktəb müdirinin evinə daşıtdırması, dərs saatlarının kobud və səhlənkarlıqla, qanunazidd şəkildə bölüşdürülməsi, müəllimlərin təyinatı üzrə xalq maarif komissarlığının əmrlərinin yerlərdə qulaqardına alınması, bəzən də ləğv edilərək öz istəklərinə uyğun qərarların qəbul edilməsi kimi hallar qəzetdə ən kəskin dillə tənqid olunub. Dərsliklərdə buraxılan səhvlərə kəskin münasibət görkəmli alimlərin da diqqətindədir. Məsələn, akademik Həmid Araslı “Keyfiyyətsiz dərslik haqqında” məqaləsində bu sahədə problemlərin dərin təhlilini verib. Bundan əlavə, “Vicdan susanda”, “Pis rəhbərliyin dözülməz nəticələri”, “Bacarıqsız və səhlənkar direktorun məktəbində”, “Maarif şöbə müdirinin başabəla əmrləri”, “Belə dərs olmaz” kimi tənqidi yazılar reallığı və dolğunluğu ilə seçilir. Və təhsil mətbuatında tənqidi yanaşmanın örnək nümunələrindəndir. Əlavə edim ki, “Azərbaycan müəllimi” də dərc olunmuş tənqidi yazılar Xalq Maarif Komissarlığının kollegiya iclaslarında daim müzakirə olunur və müvafiq qərarlarla təsbit olunurdu.
“Azərbaycan müəllimi”nin cənub mövzusunda fəaliyyətinin araşdırılması da gələcək tədqiqat istiqamətlərindən biri ola bilər”
- Bu 90 ildə sizi ən çox nə təsirləndirdi? Kimlərin imzasını, kimin şəklini görmək təəccüb, sevinc yaratdı?
- “Azərbaycan müəllimi” qəzetində ötən əsrin 30-40-cı illərindən başlayaraq jurnalistikamızın korifeyi Şirməmməd Hüseynov, Qılman İlkin, Nurəddin Babayev, Əlfi Qasımov, Əfzələddin Dəmirçizadə, Mustafa Muradxanov, Mehdi Mehdizadə, Bəxtiyar Vahabzadə, Qasım Qasımzadə, Hüseyn Əhmədov, Əziz Mirəhmədov, Bəşir Əhmədov, Əjdər Ağayev ölkəmizdə maarifçi publisistikanın ən gözəl nümunələrini yaradıblar. Adlarını çəkdiyim və çəkmədiyim görkəmli şəxslərin qəzetimizdə müxtəlif illərdə dərc olunan məktəb həyatından, müəllimlərimizin fəaliyyətindən, proqram və dərsliklərdən, uşaq ədəbiyyatından, tədris qaydalarından bəhs edən sanballı məqalələri dərin pedaqoji təhlilə əsaslanır və indi də oxunaqlıdır. Onlar Azərbaycanda pedaqoji mətbuatın inkişafında xidmətləri olan şəxslərdir. Bu məşhurların bir-birindən maraqlı yazılarını oxuduqca “Azərbaycan müəllimi”ni niyə sevirəm” sualının cavabını tapdım. Məsələn, 7 il qəzetimizdə çalışmış, “Azərbaycan müəllimi”ni özünün həyat müəllimi adlandıran Əlfi Qasımovun, 1937-ci ildə “Müəllim qəzeti”də “Tələbə” imzası ilə kiçik tənqidi yazılar yazan, bu qəzeti özünə həm dost, həm müəllim, tərbiyəçi bilən Əziz Mirəhmədovun, əməkdaşı olduğu qəzeti özü üçün həyat məktəbi adlandıran şair Qabil İmamverdiyevin, qocaman müəllim, xəstə olmasına baxmayaraq “Uçitelskaya qazeta” üçün “Müəllim!” adlı məqalə yazan, uşaqların sevimlisi Abdulla Şaiqin, rayon kənd məktəbinə gedib ədəbiyyat dərsində işirak edən, qəzetimizdə dərsin mükəmməl təhlilini aparan Bəxtiyar Bahabzadənin yazılarını heyranlıq və dərin məmnunluq içində oxuyuruq. Və yaxud müəllimi canlı məşəl, qəlbimizi, təfəkkürümüzü işıqlandıran günəşə bənzədən görkəmli pedaqoq İmamverdi Əbilovun müəllim nüfuzu və fəziləti haqda yazıları dərin pedaqoji səciyyə daşıyır və oxucular onu sevə-sevə oxuyur.
“Azərbaycan müəllimi” sovet rejimi şəraitində cəsarətli vətəndaşlıq mövqeyi ortaya qoyub. İlk dəfə "Cənubdan səslər" adlı rubrikanı mətbuata gətirib. Uzun illər bu bölmədə cənubda yaşayıb-yaradan soydaşlarımızın yaradıcılığı barədə məlumatlar yer alıb Qəzetin 80-ci illərdəki nömrələrində bu mövzularda məqalələri oxumaq olar.
Yeri gəlmişkən, onu da qeyd edim ki, "Cənubdan səslər" rubrikasının ideya müəllifi görkəmli ədəbiyyatşünas alim professor Abbas Zamanov olub. Vaxtilə Xalq yazıçısı Mirzə İbrahimov bu xüsusda yazırdı: “Azərbaycan müəllimi” qəzetində “Cənubdan səslər” adı altında xüsusi bölmə ayrılıb. Cənubi Azərbaycan ədəbiyyatının patriotlarından və tədqiqatçılarından olan Abbas Zamanov könüllü olaraq o bölmənin rəhbərliyini boynuna götüüb. Təkcə “Azərbaycan müəllimi”ndə çap olunmuş məqalələr bir yerə toplansa, sanballı bir kitab əmələ gələr”.
Doğrudan da A.Zamanov 12 may 1982-ci ildə “Azərbaycan müəllimi” qəzetində cənublu qocaman şair Məhəmmədəli Məhzunun yaradıcılığı barədə məqələsini, o cümlədən onun “Ayrılıq” və daha iki şeirini oxuculara təqdim edib. Təbrizli gənc şair Həbib Fərşbafı da oxuculara A.Zamanovun təqdimatında “Azərbaycan müəllimi”ni tanıdıb. Bundan əlavə, qəzetimizin əməkdaşı Flora Xəlilzadə 70-ci illərdə cənub mövzusunda çox cəsarətli yazılarla çıxış edib. F.Xəlilzadənin hələ o dövrdə Zəngəzurun təbiəti, toponimləri ilə bağlı yazıları böyük maraqla qarşılanırdı. Düşünürəm ki, “Azərbaycan müəllimi”nin cənub mövzusunda fəaliyyətinin araşdırılması da gələcək tədqiqat istiqamətlərindən biri ola bilər. Bundan əlavə, “Azərbaycan müəllimi”nin 30-cu illərdə Zəngəzurda maarifçiliyin inkişafı tarixindən bəhs edən yazıları da bu gün üçün aktualdır. Və tarixi torpaqlarımızda maarifin, təhsilin vəziyyətini qiymətləndirmək baxımından əhəmiyyətlidir.
- Fotoların seçilməsindən danışdınız bayaq... Maraqlıdır, kimin fotolarına rast gəldiniz?
- Bəli, “Azərbaycan müəllimi” həm də pedaqoji foto-salnamənin əsasını qoyub. Qəzetin arxivini araşdırarkən 1946-cı ildə çıxan nömrələrdən birində “Aida İmamquliyeva bu il ilk dəfə məktəbə gəlmişdir”, digər nömrələrdə “Məktəbə gedirəm” və s. fotoşəkillər öz tarixiliyi baxımından əhəmiyyətlidir. Bu şəkillər “Azərbaycan müəllimi”ndə həm də fotojurnalistikanın inkişaf etdiyini göstərir. İstedadlı fotomüxbir Əli Qafarov bu dövrdə qəzetimizdə bir-birindən dolğun fotoetüdlər yaradıb.
- Kitabdan çox həvəslə danışırsınız, qəzeti səhifə-səhifə oxuyaraq hər ilinə, hər səhifəsinə hakim olmusunuz... Qəzetdəki iş təcrübənizin üzərinə bu 90 ili də gələ bilərikmi? Qəzetdə hazırda məsul vəzifələrdə çalışırsınız, oturub 90 ili səhifələməyə necə vaxt tapdınız?
- Elə bilirəm ki, qəzetin 90 illik tarixinə baş vurarkən ilk növbədə bu tarixi, onun ayrı-ayrı dövrlərə dair məzmunlu yazılarını öz içimizdə yaşatmağımız mühüm şərtdir. Hər ilinə, hər səhifəsinə baş vurarkən, rast gəldiyimiz imzalar, yazılar bizi yaşadır. Və bu hiss məqsədyönlü şəkildə hədəfə yönəldir. Biz 90 illik qəzetin səhifələrində nə axtarırıq? Görəsən nələrə rast gələcək, nələri tapacağıq? Tapdığımız bizim üçün əsl tapıntı, yenilik olacaqmı? Qəzetin səhifələrini vərəqlədikcə, oxuduqlarını, tapdıqlarını dərhal oxuculara çatdırmaq istəyiı baş qaldırır insanda. Buna görə də axtarışları davam etdirirəm. Axtarmağa, həm də öyrənməyə həvəsləndirən isə gözləmədiyimiz düşündürücü fikir və rəylər, müəllim sənəti, müəllim ucalığı, məktəbin müqəddəsliyi ilə bağlı ilk maarifpərvərlərimizin böyük sevgi ilə əksini tapan ürək çırpıntılarıdır. Onların saralmış vərəqlərdəki fikirlərini oxuduqca sanki o insanların ürəyinin döyüntüsünü hiss edirsən. Və bütün bunlar 90 illik tarixi öz yaddaşına köçürmək üçün inanılmaz həvəs, güc verir. Bütün bunları yaşadıqdan sonra isə bu işə ayırdığın vaxt məfhumu gücsüzləşir, daha böyük həvəs və maraqla daha nələrisə tapmaq ümidi ilə yenidən 90 illik yolla irəliləyirsən. Çünki əsas ayırdığın vaxt deyil, tapdığındır.
- “Azərbaycan müəllimi” qəzetini sizin kimi başqalarının da oxuması, 90 yaşlı qəzetin hətta ilk nömrəsinin əlçatanlğı fikri kifayəq qədər cəlbedici səslənir. Yəni, qəzetin 90 ilini elektronlaşdırmaq fikrinizdən xəbərdarıq. Bu fikir tezliklə reallaşa bilərmi?
- Bilirsiniz, gözlərimiz önündə 90 il keçilmiş yol, yaşanmış ömür var. “Azərbaycan müəllimi” bir ümmandır, xəzinədir. Bu ömrün səhifələri ilə tanış olduqca istər-istəməz bu ölçüyəgəlməz maarif xəzinəsinin qorunması, həyatlarını, ömürlərini, gənclik eşqlərini bu qəzetin yolunda sərf etmiş böyük maarifpərvərlərin, pedaqaq alimlərin, mütəfəkkirlərin xatirəsi qarşısında özünü borclu hiss edirsən. Onların bizə qoyduğu əmanətə baxırsan və deyirsən, mən nə etmişəm?
Buna görə də, ilk növbədə, düşünürəm ki, qəzetimizin 90 illik arxivinin elektronlaşdırılması günümüz üçün olduqca vacibdir. Elektron arxiv bizim xalq maarifinin öncüllərinin ədəbi-bədii, elm-təhsil mirasından faydalanmağımıza olduqca gözəl imkanlar açacaq. Bu arzunun reallaşması, elə bilirəm ki, maarifsevərlərimiz, təhsilimizin təəssübünü çəkən insanlarımız üçün də onların araşdırmalarında yaxından köməyi olacaq. Təhsil tariximizin inkişaf yollarına şahidlik edən qəzetimizin yaddaşının elekton formatda təqdimi həm də bu yolda iz açmış insanların xatirəsinə dərin ehtiram və hörmətin ifadəsi olacaq. Bu canlı arxiv dar məcradan çıxaraq evlərə, məktəblərə, universitetlərə yol tapacaq, hamı üçün əlçatan olacaq.
- Qəzetimizin 90 illik yubileyini qeyd etdik. Məncə, artıq 100 illiklə bağlı hazırlıqlara başlaya bilərik. Nə planınız var?
- Bəli, doğrudan da 90 illik yubileyimiz özəl anlarla yadda qaldı. Bu tədbirin araya-ərsəyə gəlməsində əməyi olan insanları ancaq alqışlamaq lazımdır, çox sağ olsunlar. Təhsilə, təhsil mətbuatına bu cür münasibət örnəkdir. Təbii ki, 90 illik tarix bir hesabatdır. Bu qəzeti yaradanlar, yaşadanlar qarşısında bizim hesabatımızdır. Gələcək qarşısında da müəyyən hesabat verməliyik ki, 10 ildən sonra qəzeti necə görmək istəyirik. Bundan ötrü nələri etməliyik ki, bir əsrlik qəzetin ildönümünə alnıaçıq çıxaq. Və gələcək artıq bu gündən başlanır.
Bu günü artıq yeni başlanğıc hesab edə bilərik, gələcək üçün öz hədəflərimizi müəyyənləşdirməli və ona qarşı inamlı addımlar atmalıyıq.
“Keçmişin ən yaxşı mirasından bəhrələnməli” formulunu nəzərə alsaq, arxiv nüsxələrdən də gördüyümüz kimi, “Azərbaycan müəllimi”nin rubrikalarının sayının artırılmasını vacib hesab edirik. Bir vaxtlar rubrikalarının sayı 70-80-ə çatan “Azərbaycan müəllimi” demək olar ki, təhsil sahəsinin, onun iştirakçılarının – məktəbin, müəllimin, şagirdin, valideynin qayğılarını əks etdirməyə çalışıb. Qəzetin yeni dönəmdə, həm də dövrün çağırışlarına uyğun olaraq rubrikalarının, əhatə etdiyi mövzuların çeşidini və keyfiyyətini artırmaq ciddi və həm də aktual məsələ olaraq gündəmimizdə duran əsas məsələlərdəndir.
- 100 ilin qəzeti dünya ilə bağını niyə qoparıb?
- “Azərbaycan müəllimi”nin beynəlxalq görümlülüyünün artırılmasına nail olmaq hədəflərimizdəndir. Vaxtilə “Azərbaycan müəllimi” keçmiş İttifaq respublikalarından olan müəllimlərin əsas tribunası hesab olunan, yüz min nüsxələrlə dərc olunan “Uçitelskaya qazeta” ilə əməkdaşlıq edib. 2014-cü ildə hətta qəzet rəhbərliyinin tapşırığı ilə bu qəzetin 90 illik yubileyinə “Azərbaycan müəllimi” adından təbrik məktubu göndərdim. “Uçitelskaya qazeta”nın birbaşa himayəsi ilə keçirilən “Rusiyanın ən yaxşı müəllimi” müsabiqəsinin ölkə üzrə mütləq qalibləri ilə “Azərbaycan müəllimi” qəzetində müsahibələr dərc etdik. Bu müsahibələr müəllimlərimiz üçün gözəl təcrübə nümunəsi idi.
Onu da deyim ki, qəzetimizin arxivini araşdırarkən adıçəkilən qəzetin Bakı şəhər məktəblərinin qabaqcıl müəllimlərindən aldığı müsahibə və reportajlara rast gəlmişəm. Eləcə də Azərbaycanın görkəmli pedaqoqlarından Abdulla Şaiq, Mustafa Muradxanov, Hüseyn Əhmədov, Mehdi Mehdizadənin “Uçitelskaya qazeta”da məqalələrinə rast gəlmək mümkündür.
Bu cür məqalələr, tədqiqatlar təhsil sahəsində əlaqələrin artmasına, təcrübələrin genişlənməsinə və qarşılıqlı surətdə zənginləşməsinə xidmət edir ki, bu prizmadan “Azərbaycan müəllimi” gələcək fəaliyyətində bu kimi məsələlərə də diqqətini artıracaq.
- Danışarkən kitabın əhəmiyyətinə xüsusi diqqət çəkdiniz. Məhsulunuzu tanıtmaq, daha çox insana çatdırmaq üçün nəsə edirsiniz?
- Yubiley tədbirlərimiz çərçivəsində geniş məlumat verdik. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kitabxanasına da kitab təqdim etdim. Ümid edirəm tələbələr yararlanacaqlar.
Ruhiyyə DAŞSALAHLI
Foto: Kənan QAFAROV