Sentyabrın 9-da Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının üçüncü iclası işə başlayıb.
 
 
İclas Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Türk Akademiyasının Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Dilçilik Cəmiyyəti ilə birgə təşkil edilib.
 
 
Tədbirdə çıxış edən Türk Akademiyasının prezidenti Şahin Mustafayev komissiyanın yaradılması prosesi barədə iştirakçılara məlumat verib, layihənin təşəbbüskarları və iştirakçılarına təşəkkür edib. Şahin Mustafayev bildirib ki, görüşün məqsədi ortaq əlifba ideyasının inkişafı istiqamətində irəliləyişləri müzakirə etmək və onun təbliği istiqamətində gələcək addımları müəyyənləşdirməkdir. Akademik türk dünyası üçün zəruri olan ortaq əlifbanın yaradılması məsələsinin bütün ziyalıların qarşısında mühüm vəzifə kimi durduğunu vurğulayıb. Onun sözlərinə görə, hazırda ortaq kök və mədəniyyətlərə bağlı olan türk xalqlarının sürətli inteqrasiyası dövründə onların ortaq əlifbaya malik olması çox vacib məsələdir. 
 
 
İclasda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, hazırda türk dünyasının ortaq əlifbasının yaradılması bu dövlətlərin inkişafı və sıx əməkdaşlığı kontekstində atılan zəruri addımdır. Emin Əmrullayev diqqətə çatdırıb ki, ortaq türk əlifbasının yaradılması sahəsində görülən işlər zamanın çağırışıdır.
 
 
Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov da öz növbəsində türk dünyası ortaq əlifbasının yaradılmasında diferensiasiyanın az olmasına, daha çox inteqrasiyaya çağırıb. 
 
 
Türk Dilçilik Cəmiyyətinin prezidenti Osman Mert çıxışında qeyd edib ki, tarix bizim üzərimizə bu məsuliyyəti qoyub və biz daha qətiyyətli olmalıyıq. Hazırda türk dövlətləri arasında yaxınlaşma var, gəlin ortaq türk əlifbası yaradaq və bununla da adlarımızı tarixə yazaq.
 
 
İclas digər çıxış və müzakirələrlə davam etdirilib.