Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. 
 
“Azərbaycan müəllimi” xəbər verir ki, sentyabrın 6-da Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. 
 
Konfransda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
 
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə, STEAM və idman nailiyyətlərindən ibarət stendlərə baxış keçirilib.
 
Konfransda çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ümumi və məktəbəqədər təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlıq və şəffaflığın təmin olunması üçün qarşıda duran vəzifələr barədə qeydlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
 
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov çıxış edərək yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.
 
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev 2023-2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb.
 
Daha sonra Təhsil İnstitutunun Təhsilverənlərin peşəkar inkişafı mərkəzinin direktoru Nəzakət Mehdiyeva 2023-2024-cü tədris ili ərzində Təhsil İnstitutu tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.
 
Konfransın sonunda təhsil işçilərini maraqlandıran suallar cavablandırılıb və xatirə şəkli çəkilib.
 
Aişə MƏMMƏDOVA
Qazax-Tovuz üzrə regional təmsilçi