Bəhruz Əzimov: “Ən böyük hədəf təhsildə əlçatanlığa nail olmaqdır”
Bu il Təhsil Tələbə Krediti Fondunun (TTKF) təsis edilməsindən 3 il ötdü. Fond 4-cü dəfə təhsil tələbə krediti müraciət dövrünü açıq elan edib. Belə ki, bu il ali məktəblərin magistraturalarına qəbul olunanların qeydiyyatının başlaması ilə açılan elektron sistemlə hazırda universitetlərin ödənişli ixtisaslarına qəbul olunan bakalavrlar kredit üçün müraciət edir. Bu fəal dövrdə Fondda kadr dəyişikliyi də gerçəkləşib. Belə ki, avqustun 29-dan TTKF-in İdarə heyətinə sədrlik müavin Bəhruz Əzimova həvalə edilib.
Bəhruz Əzimovun “Azərbaycan müəllimi”nə müsahibəsini təqdim edirik.
“Yaxşı oxuyaraq faizdən və hətta borcun bir qismini ödəməkdən azad ola bilərlər
- Fondun fəaliyyətə başlamasından bir neçə il ötür. Necə dəyərləndirirsiniz bu dövrü?
- Fəaliyyətə başlayandan əsas gücümüzü təbliğat-təşviqat işlərinə yönəltmişik. Bu vaxtadək layihənin önəminə diqqət çəkməyə, vətəndaşlar üçün nə qədər faydalı olduğunu anlatmağa çalışmışıq. Təhsil tələbə krediti dövlətin vətəndaşa qayğısının göstəricisidir. Fondun yaranmasının başlıca məqsədi əhalinin həssas qruplarının təhsilə çıxış imkanlarını asanlaşdırmaq, hər kəs üçün bərabər imkanlar yaratmaq, təhsilin əhatə dairəsini genişləndirmək, eyni zamanda təhsilin keyfiyyətinə təsir göstərməkdir. Fond uyğun şərtlərlə kredit verir. Kreditdən istifadə dövründə tələbə yaxşı oxuyarsa, çoxlu fayda əldə edir, bir çox güzəştlərdən istifadə etmək imkanı qazanır. Məsələn, tələbənin əldə etmiş olduğu kredit gələcəkdə, geri ödəmə zamanı faizsiz, eyni zamanda standart kredit götürən tələbə “əlaçı” oxuyaraq məbləğin 25 faizinin, sosial kredit alan isə 50 faizinin bağışlanmasına nail ola bilər. Bu şərt təhsil kreditindən yararlanan tələbəni daha yaxşı oxumağa həvəsləndirir. Nəticə etibarı ilə tələbəni öztəhsil göstəricilərini yaxşılaşdırmağa həvəsləndirərək təhsilin də keyfiyyətinə təsir göstəririk.
- Hazırda yeni müraciət dövrü davam edir. Qəbul prosesində yenilik varmı?
- Fondun vəsaiti hesabına kreditlərin verilməsi Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən Qaydaya əsasən elektron sistem tərəfindən həyata keçirilir. Çox asan formada baş tutan müraciətdən sonra emal prosesi başlayır. Əsasən sosial həssas qrupların inteqrasiya olunmuş bazalardan statusları yoxlanılır və nəticə etibarı ilə müraciətçiyə sosial, yoxsa standart kreditin veriləcəyi müəyyənləşdirilir, yaxud imtina cavabı verilir. Qərar barədə məlumat tələbənin müraciət üçün yaratdığı şəxsi kabinetində əksini tapır, eyni zamanda tələbənin ərizə-bəyənnamədə göstərdiyi telefon nömrəsinə SMS göndərilir.2024-2025-ci tədris ilinin payız semestri dövrü üçün müraciətlər başlayıb. Magistratura təhsil səviyyəsi üzrə yeni qəbul olunan tələbələrin ali təhsil müəssisələrinə qeydiyyatı başlayandan elektron sistem də açıqdır. Sistemi iyulun 9-dan açdıq ki, bu il qəbul olunan magistrlər kredit hesabına qeydiyyat prosesini tamamlaya bilsinlər. Avqustun 26-dan isə bakalavr təhsil səviyyəsi üzrə ali təhsil müəssisələrinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib. Yeni qəbul olunanların qeydiyyat prosesi sentyabrın 6-da tamamlandı.Amma payız semestri üçün müraciət dövrü 2025-ci il fevralın ortalarınadək davam edəcək. Kredit barədə əvvəl qərar verə bilməyib, sonradan fikrini dəyişənlər, yaxud bu layihə barədə gec xəbər tutanlar kreditdən faydalanmaq şansını itirməsin deyə, sistemi açıq saxlayırıq. Fürsətdən istifadə edərək demək istəyirəm ki, öz vəsaiti ilə qeydiyyatdan keçən,yaxud təhsil haqqını ödəyənlər belə sessiya dövrünün sonuna qədər müraciət edib kredit ala bilərlər.
- İndiyədək olan müraciətlər çoxdur?
- Fəaliyyətə başladığımız gündən bu günədək Fonda məxsus elektron portalda 52 min ətrafında müraciət qeydə alınıb, 40 minə yaxın rəsmiləşmə həyata keçirilib. Yeni müraciət dövrü açıq olduğundan bu rəqəm sürətlə dəyişir. Bu semestr üçün daxil olan 6000-ə yaxın müraciətdən 3000-dən çoxuna razılıq verilib. Proses fevralın sonunadək davam edəcək. 10 mindən çox müraciət və 10 min ətrafında rəsmiləşmə olacağını gözləyirik. Hətta daha çox da ola bilər, çünki hər semestrdə müraciət sayında və rəsmiləşmədə artan dinamikanı müşahidə edirik.
- Hər gün neçə nəfərə razılıq bildirişi göndərilir?
- Bakalavr qeydiyyat dövrü olduğu üçün bu mərhələdə çoxdur. Elə günlər olur ki, 500 nəfərə yaxın şəxsin müraciətini sistem qəbul edir, qeyri-iş günləri də sistem açıq olduğundan rəqəm arta bilər. Nəticədə orta hesabla hər gün 80-100, indiki halda qeydiyyat dövrü olduğu üçün 100-500 tələbəyə rəsmiləşmə, kredit təyinatı barədə ismarış göndərilə bilər.
Kredit verməkdən niyə imtina edilir?
- 3 illik fəaliyyətinizi qiymətləndirsəniz, əldə etdiyiniz nəticə ilə hədəfləriniz nə qədər yaxın, nə qədər uzaqdır?
- “Azərbaycan Respublikasının 2022-2026-cı illər sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq Elm və Təhsil Nazirliyində fəaliyyət planı hazırlanıb. Qarşımıza qoyulan hədəflər illik olaraq göstərilib. Fond fəaliyyət göstərdiyi 3 ildə 100 faizdən çox icra göstəricisi ilə bu hədəflərin öhdəsindən gəlməyə nail olub. Növbəti illərin hədəflərinin də öhdəsindən gələcəyimizi düşünürük. Müraciətlərin 80 faizindən çoxuna müsbət cavab verilməsi yaxşı göstəricidir. Məsələn, fəaliyyətə başladığımız ilk semestrdə elektron sistemin bəzi xüsusiyyətlərini nəzərə almadığımızdan imtinaların sayı çox oldu. Belə ki, kredit müraciəti edən tələbələrin arasında qiyabi oxuyan tələbələr də vardı. Yalnız birinci semestrdə sistem qiyabi təhsil alan, ya da artıq tələbə statusu olmayanların müraciətini əvvəlcə qəbul etdi, sonra imtina verdi. Bu da imtina saylarının çox olmasına gətirib çıxardı. Növbəti semestrdən sistemi təkmilləşdirdik, qiyabi və təhsil statusu aktiv olmayan tələbələrin müraciətləri, ümumiyyətlə, qəbul olunmadı.
- İmtinalardan söz düşmüşkən, imtina səbəbləri ən çox nə ilə bağlı olur?
- Tələbələrin imtina cavabı almasının səbəbləri daha çox onların qəbul balının və ya təhsil göstəricilərinin tələbə uyğun olmamasıdır. Növbəti semestrlərdə standart təhsil tələbə krediti alan şəxsin göstəricisi 71 baldan aşağıdırsa, imtina cavabı verilir. Hər iki növ təhsil tələbə kreditinin reallaşması üçün vacib şərt tələbənin akademik borcunun olmamasıdır. Ola bilər ki, təhsilalan sosial kreditə müraciət etsin, burada bal tələbi olmasa da, akademik borcun olması, ya da sosial statusunun olmaması bu krediti əldə etməsinə imkan verməyə bilər. Bu zaman həm standart, həm sosial kreditdən imtina alır. Çünki standart kredit üçün müraciət edən şəxsin ali məktəblərə qəbul balı, təhsil göstəriciləri, həmçinin akademik borcunun olmaması əsas şərtdir. Sosial kredit üçün həssas qruplarda yer alan ailələrin üzvü olması ilə yanaşı, müraciət etdiyi semestrdən öncəki semestr üzrə akademik borcunun qalmaması da vacib şərtdir.
- Magistraturaya qəbul olan şəxsin bakalavr təhsili aldığı universitetdə bir təhsil keçmişi, təhsil tarixçəsi olur. Magistraturaya qəbul balından başqa, əsaslanıla biləcək bir sənəd də bu, ola bilərmi?
- Ədalətli qərar naminə hər iki təhsil səviyyəsində kredit üçün müraciət şərtləri eynidir, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarında topladığı bal əsas götürülür. Sosial kredit üçün birinci kursun birinci semestrində hətta qəbul balına da baxılmır, nə qəbul balı, nə də müvəffəqiyyət göstəricisi tələbi qoyulub. Bu krediti almaq üçün akademik borcunun olmaması əsas şərtdir. Standart kreditdə isə birinci kurs birinci semestrdə yalnız qəbul balının 250 bal olması əsas təşkil edir. Sonrakı semestrlərdə akademik borcun olmaması ilə yanaşı, müvəfəqqiyyət göstəricisi də vacibdir. Magistratura tələbəsinə kredit verilməsi üçün də eyni qayda keçərlidir. Lakin magistratura səviyyəsinə yeni qəbul olan tələbələrdən ilk semestrdə Standart kredit üçün 50 bal tələbi qoyulub.
İlk mənbə elə özümüzük
- Müşahidələriniz nə göstərir, müraciət edənlər təhsil tələbə krediti ilə bağlı hardan eşidir: KİV vasitəsilə öyrənir, universitetlər yönləndirir, yoxsa dildən-dilə gəzib, yayılır Fondun adı və fəaliyyəti?
- Proses yeni olduğundan 3 ildə fəal təbliğat-təşviqat işləri apardıq. Bu gün də bu proses davam edir. Həm televiziya və radio məkanında, həm sosial şəbəkə hesablarımızda, həm də videoblogerlər, sosial şəbəkələrdə izləyici çoxluğu ilə seçilən hesablarda reklam və təlimat xarakterli məlumatlarımızı paylaşırıq. Ölkə ərazisindəki bütün ali və orta ixtisas, o cümlədən peşə təhsili müəssisələrində ildə ən azı 2 dəfə ezamiyyətdə olur, şagirdlər və tələbələrlə görüşür, onlara məlumatlandırıcı broşurlar, bukletlər paylayırıq. Ölkə hüdudlarındakı təhsil müəssisələrində təbliğat-təşviqat işi quraraq çalışırıq ki, bütün tələbələr üçün bu məhsul anlaşılan, əlçatan olsun. Əsas benefisiarlarımız tələbələrlə də məhdudlaşmır. Gələcəkdə tələbə olmaq istəyənlər - orta ümumtəhsil müəssisələrinin IX-XI siniflərində oxuyan abituriyentlərlə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə regional təhsil idarələrində görüşlərdə oluruq. Abituriyentlərin bir mərkəzdə toplaşması, onların valideynləri ilə bu məlumatların bölüşülməsi istiqamətində də işlərimiz çoxdur. Ona görə də ilk mənbə elə özümüzük. Kredit üçün müraciət edənlərin təbii artımı da var, yayılan xəbərlərdən eşidib bilənlər hər gün çoxalır. İnsanların paylaşaraq yaydığı məlumatlar sayəsində bu proses son vaxtlar sürətlənib, kredit götürənlərdən eşidənlər, bu layihələrdən faydalananları görüb kredit üçün baş vuranların sayında artım aydın görünməyə başlayıb.
Təhsil kreditindən ən çox faydalananlar kimlərdir?
- Orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrin də kredit götürmək şansı yaranıb. Ən aşağı təminatlı ailələrin uşaqlarının peşə təhsilində olduğu deyilir.
- Peşə təhsil səviyyəsində ayırdığımız kreditlər texniki peşə və yüksək texniki peşə təhsili ixtisasları üzrə təhsil alanlara verilir. Təhsil tələbə krediti ilə bağlı qaydaya 2023-cü ildən edilən əlavənin qəbul edilməsi nəticəsində artıq 3-cü semestrdir ki, bu təhsil səviyyəsindən də kredit üçün müraciət edə bilirlər. Ancaq onların çəkisi kredit üçün müraciətlərin arasında çox deyil. İlk növbədə ona görə ki, peşə təhsili müəssisələrində təhsil alanların yaşı, əsasən az olur, qərarvermədə onlarla yanaşı, valideynlərinin də iştirakı əsas şərtlərdəndir. Peşə təhsili səviyyəsində təhsil haqqının az olması da müraciətlərin sayının az olması səbəblərindəndir. Bu təhsil səviyyəsində Fonda, əsasən kredit şərtləri ilə tanış olan ailələr müraciət edirlər. Ona görə də qarşıya qoyduğumuz məqsədlərdən biri bu təhsil səviyyəsində təşviqat işlərini gücləndirərək, daha çox vətəndaşın bu imkandan yararlanmasına nail olmaqdır. Ancaq orta ixtisas təhsil səviyyəsində xeyli müraciət var.
- Hər təhsil səviyyəsi üzrə müraciət edənlərin müqayisəsi üçün bu rəqəmlər maraqlı olardı.
- Bu günə olan statistikaya nəzər salsaq, 40 min ətrafında tələbə müraciəti rəsmiləşdirilib. Rəsmiləşdirilən kreditlərdə bakalavrların çəkisi 69, magistrlərinki 26, orta ixtisas təhsili səviyyəsində oxuyanlar 4.5, peşə təhsili isə 0.5 faiz təşkil edir.
- Təhsilin doktorantura səviyyəsində təhsilalanlara kredit niyə verilmir?
- Təbliğat-təşviqat kampaniyalarında rastlaşdığımız suallardan biri də bu olur. Himayəçilər Şurasında bu məsələ müzakirə olunub, ancaq dəyişiklik qərarı qəbul edilməyib. Birinci növbədə doktorantların xüsusi çəkisinin az olmağı nəzərə alınıb. Eyni zamanda bu təhsil səviyyəsində təhsilalanların işləmək imkanları var. Onlar bilik və bacarığı, eyni zamanda işləməyə vaxtı olan şəxslərdir, əmək bazarında özlərinə iş tapa, gəlirlərini formalaşdıra bilərlər. Təhsil tələbə kreditləri tam oxuyan, işləmək imkanı olmayanlara, o cümlədən sosial həssas qruplara şamil olunur.
“Bu kreditə görə valideyn hər hansı məsuliyyət daşımır”
- Fond, fəaliyyəti dövründə ilk ünvan ola bilibmi, sizcə?
- Son deyil, ilk ünvan olmalıdır. Bunun üçün təbliğat və təşviqat işlərində bu layihənin tələbəyə və onun valideynlərinə nə qədər uyğun şərtlərlə həyata keçirildiyini anladırıq. Onlara izah etməyə çalışırıq ki, ən sərfəli kredit məhz budur. Təhsil tələbə kreditlərinə baxsanız, sosial kreditlər illik cəmi 2 faizlə, standart təhsil tələbə krediti isə illik 6 faizlə verilir. Bu, bank kreditlərinin faizlərindən çox aşağıdır. İkincisi, bankdan fərqli olaraq, təhsil tələbə kreditinə müraciət edən tələbədən nə zamin, nə girov tələb olunur. Tələbə birbaşa özü baş vurur, problemini özü həll edir. Bu kreditə görə valideyn hər hansı məsuliyyət daşımır. Bəzən valideynlər narahatlıq keçirir, gələcəkdə bu kredit onların maaşından tutulacaq, yaxud əmlakı müsadirə olunacaq kimi qorxular keçirirlər.Bütün bu narahatlıqlar əsassızdır. Valideynlər bilməlidirlər ki, təhsil krediti tələbəyə verilir və o, oxuduğu dövrdə heç bir vəsait qaytarmır, faiz hesablanması getmir, üstəlik,təhsilini bitirəndən sonra da 2 il güzəşt müddəti olur. Bu müddət ərzində o, iş tapar və işə başlayarsa, sistem onu avtomatik olaraq aşkarlayır və geri ödəmə dövrünü başladır. Geri ödəmə dövrü 10 il davam edir. Bu müddət üçün bərabər hissələrə bölünmüş qrafik formalaşdırılır. Tələbə məzun olduqdan sonra onun təhsil nəticələrinə uyğun olaraq götürdüyü krediti faizsiz, yaxud güzəştlə və s. qaytaracağına qərar verilir.
Geri ödəmə başlayıb
- Geriödəmə başlayıbmı?
- Təbii ki, artıq 4500 ətrafında müqavilə üzrə geriödəmə başlayıb. 360 tələbəyə 25, 160-dan çox tələbəyə müqavilə üzrə 50 faiz güzəşt, 2000-dən çox müqavilə üzrə isə faizsiz geri ödəmə həyata keçirilir.
- Təhsil tələbə kreditindən yararlanan tələbələrin işlə təmin olunma imkanlarını yaxşılaşdırmaq istiqamətində Fond davamlı iş aparır. Belə görürük ki, bu istiqamətdə memorandumlar imzalanan özəl və dövlət təşkilatlarının siyahısı formalaşıb. Kimlərlə razılaşmısınız, hansı əməkdaşlıqlarınızın nəticələri var, müzakirə olunan razılaşmalar kimlərlə olacaq?
- Fəaliyyətə başlayanda struktur bölmələrimizdə bu yox idi, 2023-cü ildə Himayəçilik Şurasının toplantılarından birində verilən təşəbbüslə İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsi yaratdıq. Şöbə əsasən tələbələrlə, universitetlərdə karyera mərkəzləri ilə, o cümlədən işəgötürənlərlə sıx əməkdaşlıqlar həyata keçirir. Kreditdən istifadə edən və məzun olan tələbələrə mövcud vakansiyalar təklif edilir. Eyni zamanda təcrübə, güzəştli şərtlərlə təlim proqramlarına cəlb edilirlər. İşəgötürən olaraq istər özəl, istər dövlət qurumları ilə əməkdaşlıqlarımız mövcuddur. Bu tələbələrlə işəgötürənlər arasında körpü rolu oynayır.
- Fondun xətti ilə işə alınanlar varmı?
- 300-dən çox məzun işlə təmin olunub. Biz işlə təmin edən qurum deyilik, işlə təmin olunmaları üçün hər hansı iş görmək barədə qarşımızda hər hansı tələb də yoxdur. Ancaq biz özümüz bu məqsədə xidmət edən addımlar atırıq.
- Bu və başqa məsələlərdə ən böyük hədəflər siyahısında nələr var?
- Ən böyük hədəf təhsildə əlçatanlığa nail olmaqdır. Artıq tələbələrdən geri dönüş alırıq. Kredit olmasaydı, təhsilini davam etdirə bilməyəcəyini dilə gətirən, dövlətimizə bu imkana görə təşəkkür edənlər çoxdur. Həmin hekayələrdə nəticəvilik var. Yəni, təhsil aldı, məzun oldu və yaxşı işlə təmin olundu, əmək fəaliyyəti var, gəliri formalaşıb. Ola bilsin ki, iş tapmasında kömək göstərdiklərimizdəndir, hazırda uğurlu karyerası var. Aralarında sosial həssas qruplardan gələnlər çoxdur. Təhsil krediti götürərək daha yuxarı səviyyəli universitetdə təhsil alıb, uğurlu karyera qurublar. Məqsədimiz budur ki, maksimum dərəcədə çox gəncə təhsili əlçatanlaşdıraq.
- Sosial tərəfdaş kimi çıxış etdiyiniz layihələr var. Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının tərəfdaşlığı ilə keçirilən “İrəliləyiş” layihəsində fondun da imzasını gördük. Belə layihələr çoxdurmu?
- Doğrudur, Karyera Mərkəzi, bir çox özəl və dövlət qurumları ilə, “İrəliləyiş” layihəsi ilə memorandumlar imzalamışıq. Əməkdaşlıqlar çərçivəsində təhsil kreditindən istfadə edən tələbələrin cəlb olunmasını təşviq etmişik. Onların bu layihələrdən yararlanaraq bilik və bacarıqlarını artırmalarını, gələcəkdə əmək bazarına çıxış imkanlarını yaxşılaşdırmağı, rəqabət qabiliyyətliliyini hədəfləyirik. Onlar arasında könüllü fəaliyyətə, təcrübəyə cəlb olunanlar da var.
Hazırda strukturumuzda 2 nəfər təcrübəsini tamamlayıb ştata keçən əməkdaşımız var. Gələcək planlarımızdan biri də təhsil kreditlərindən yararlanan, bilik və bacarıqları ilə fərqlənən tələbələri Təhsil Tələbə Krediti Fondunda müvafiq vakansiya olarsa, burada işlə təmin etməkdir.
- Fondun təhsil haqqından əlavə, başqa vacib xərclərində də tələbələrə dəstək verəcəyi deyilirdi. Vəziyyət nə yerdədir, bu, fikir səviyyəsində qaldı, yoxsa plan mərhələsinə keçid gözlənilir?
- Tələbələrin dəstək ola biləcəyimiz yataqxana, nəqliyyat, yemək, təlimlər, dərslik kimi xərcləri ola bilər. İlk müzakirələrimizi yataqxana xərclərinə dəstək vermək məqsədi ilə aparmışıq, bir sıra araşdırmalarımız, təhlillərimiz olub. Bunun üçün nə qədər vəsaitin tələb olunması, kreditdən istifadə edəcək tələbələrin xüsusi çəkisi müəyyənləşdirilməlidir. Bununla bağlı yaxın olmasa da, gələcək planlarımız var.
- O zaman deyə bilərikmi ki, fond tələbəyə təhsil krediti verib onu vəziyyətdən çıxaran hələlik tək qapıdır?
- Elədir. Dövlətin xüsusi qayğı göstərdiyi imtiyazlı tələbələr var. Təhsil Tələbə Krediti Fondu əyani ödənişli təhsil alan tələbələrin müraciət edə biləcəyi tək etibarlı qapıdır. Belə ki, hazırda Azərbaycan Respublikasında tələbə üçün yaradılmış təhsil kreditləri və xüsusi imkanlar hər hansı bir digər bank məhsulunda yoxdur.
Ruhiyyə DAŞSALAHLI
Foto: Kənan QAFAROV