Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Böyük Britaniyanın Vorvik Universiteti arasıda "Bərpa olunan enerji mənbələri" üzrə magistratura səviyyəsində həyata keçirilən ikili diplom proqramı çərçivəsində Vorvik Universitetində təşkil edilən Yay məktəbində iştirak edən 38 nəfər tələbəmiz təcrübəni uğurla başa vuraraq Vətənə qayıdıblar.
 
Bu barədə "Azərbaycan müəllimi"nə universitetdən məlumat verilib.
 
35 gün davam edən Yay Məktəbi ərzində tələbələrə "WMG"-nin əcnəbi professor-müəllim heyəti tərəfindən "Energy Systems Integration" və "UK Renewable Energy Sector" modulları tədris olunub. Həmçinin, Yay məktəbi dövründə tələbələr Böyük Britaniyada yerləşən günəş paneli tarlaları və külək turbinlərinin istismarı zonaları da daxil olmaqla aparıcı bərpa olunan enerji bölgələrinə, o cümlədən, Lesterşirdə yerləşən “Low Spinney” quruda külək elektrik stansiyası, Vorvikdəki “UK Battery Industrialisation Centre”, Uelsdə yerləşən “Rheidol” Su Elektrik Stansiyası, Nottingemşirdəki “Hockerton” davamlı kənd layihəsi, Nyukaslda yerləşən “Dogger Bank” külək enerji stansiyasının baş ofisi və s. kimi sahə ilə əlaqəli ərazilərə səfər etmə şansı əldə etmiş, belə ekskursiyalar vasitəsilə real sektordakı tendensiyalar barədə ən son məlumatlarla tanış edilərək yeni çağırışlar və perspektivlərlə bağlı əhatəli məlumatlandırılıblar.
 
Əlavə olaraq, Yay məktəbinin tədris planında tarixi abidələrin, eləcə də muzeylər tələbələr tərəfindən ziyarət edilib və bu qəbildən olan müxtəlif mədəni fəaliyyətlər həyata keçirilib. Yay məktəbi dövründə tələbələrin “Warwick Castle”, “Black Country Museum” kimi tarixi abidələrin ziyarəti xoş təəssüratlarla yadda qalıb.
 
Yuxarıda öz əksini tapmış fəaliyyətlərdən başqa, tələbələr Vorvik Universitetinin labratoriyaları ilə tanış olmuş, “Deans Workshop”-da öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Tələbələrin araşdırma və öyrənmə bacarıqlarının təkmilləşdirilməsi istiqamətində onlarla iki günlük dissertasiya hazırlığı üzrə sessiya da keçirilmişdir. Əlavə olaraq, tələbələrə Vorvik Universitetindən məzun olmağın üstünlüklərindən danışılmış, onlarla peşəkar mühəndislik konsepsiyası üzrə biliklərin aşılandığı ayrıca təlim keçirilmişdir.
 
Bunlardan başqa, tələbələr Vorvik Universitetinin və ADNSU-VU İDP inzibati heyət nümayəndələrinin iştirakı ilə təşkil olunmuş “Student-Staff Liasion Committee Meeting”-də istər Vorvik Universiteti tərəfinin, istərsə də ADNSU tərəfinin bu Proqramın təşkili istiqamətinə gördükləri işlər barədə həm müsbət, həm konstruktiv tənqidi fikirlərini səsləndirmiş, Vorvik Universitetinin digər tələbələrinə şamil olunan bütün növ azad söz haqqı anlayışı ADNSU-VU İDP tələbələrinə də şamil olunmuşdur.
 
Yay məktəbinin bağlanış mərasimində tələbələr fərdi təqdimatla çıxış etmişlər. Yay Məktəbi ərzində əldə etdikləri bilik və bacarıqları, eləcə də təcrübə etdikləri yeni baxış bucağını təqdim etmələri üçün təşkil edilmiş bu sərgidə həm tələbələr, həm də Vorvik Universitetinin “WMG” rəhbəri və dekanı Robin Clark auditoriya qarşısında çıxış etmiş, ADNSU və Vorvik Universiteti arasındakı bu Proqramın həm iki ölkənin xoşməramlı əlaqələrinin bir təzahürü olduğunu, həmçinin Proqram çərçivəsində təhsilini uğurla yekunlaşdıracaq məzunların gələcəkdə Azərbaycanın təmiz enerjiyə keçidində əvəzsiz töhfələri olacağını bildirmişlər. Beləliklə, “1-ci Cohort” tələbələr üçün təşkil olunan və 35 gün davam edən Yay Məktəbi üzrə planlanmış bütün fəaliyyətlər yerinə yetirilmişdir.
 
Qeyd edək ki, Yay məktəbinin keçirildiyi müddət ərzində tələbələrin təhlükəsiz səyahətinin təmin olunması və səfər zamanı onları müşayiət etmək, təlim-tədris prosesində iştirak etmək məqsədilə ADNSU-nun əməkdaşları - İkili Diplom Proqramının layihə rəhbəri t.ü.f.d. Rafiq Əliyev, Proqramın tədris işləri üzrə koordinatoru Leyla Həsənova və ADNSU Neft-mexanika fakültəsinin müəllimi Mahmud İsmayılov tələbələrlə birlikdə Yay məktəbində iştirak ediblər.