Şanlı Zəfərimizin qüruru ilə yubiley sevincimizi sizinlə bölüşmək və 90 yaşlı “Azərbaycan müəllimi”nin keçdiyi tale yoluna birlikdə nəzər salmaq möhtəşəm duyğular yaradır.
 
Bu sözləri "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Sarvan İbrahimov qəzetin 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edərkən deyib.
 
“Azərbaycan müəllimi” qəzetinin kollektivi adından hər birinizi salamlamaqdan və 3 qərinəlik yubiley tədbirimizdə sizləri görməkdən məmnunluq duyuruq. 2 sentyabr 1934-cü il “Qommunist Məarifi”nin təvəllüd tarixidir. Bu, Həsən bəy Zərdabinin “Əkinçi”si ilə əsası qoyulan Milli Mətbuatımızın öz sıralarında maarifçilik ideyalarının yeni carçısının tarixi kimi yadda qalacaq.
 
“Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə hazırlanan sənədli film, “90 ilin izi ilə” adlı xatirə kitabı və xüsusi buraxılış bu nüfuzlu nəşrin tarixi, uğurları, hədəfləri ilə bağlı ətraflı məlumat mənbəyi olacağına inamımızı bildiririk. Təkcə təntənəli yubiley mərasiminin iştirakçıları deyil, gələcək nəsillər üçün dəyərli hədiyyə olacaq bu geniş məlumat mənbəyinin hazırlanmasında “Azərbaycan müəllimi” qəzetinin əməkdaşları ilə birlikdə böyük zəhmət çəkən bütün həmkarlarımıza minnətdarlığımız hüdudsuzdur.
 
Tarixi ənənələrə sadiq, müasir informasiya cəmiyyətinin çağırışlarına açıq olan “Azərbaycan müəllimi” ölkənin çoxtirajlı nəşrlərindən biridir. İlk redaktor kimi yubilyar nəşrin 90 illik tarixində yer alan Azərbaycanın xalq maarif komissarı Mahmud Ağayev, eləcə də adlarını qeyd etmədiyimiz, minnətdarlıqla xatırladığımız sələflərimiz müasirləri üçün şərəfli tarixin yaradıcılarıdır.
 
Müasir Azərbaycanın, azərbaycançılıq  məfkurəsinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin 1994-cü ildə “Azərbaycan müəllimi”nin 60 illik yubileyi münasibətilə qəzetin kollektivinə göndərdiyi təbrik məktubundakı fikirləri xatırlamağı lazım bilirik: ““Azərbaycan müəllimi” qəzeti respublikamızın mətbuat tarixinə şərəfli yaradıcılıq yolu keçmiş, pedaqoji ənənələrin inkişafında silinməz izlər buraxmış, özünəməxsus dəst-xətti ilə seçilən nəşrlərdən biri kimi daxil olmuşdur”.
 
Qəzetin 70 illik yubileyində Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyev “Azərbaycan müəllimi” qəzetinə ünvanlanan təbrik məktubunda vurğulayırdı: ““Azərbaycan müəllimi” qəzeti təsis olunduğu gündən etibarən Azərbaycanda təhsilin aktual problemlərinin işıqlandırılmasında, qabaqcıl pedaqoji təcrübənin təbliğində böyük xidmətlər göstərmiş, təhsil müəssisələri üzrə ixtisaslaşmış jurnalistlərin formalaşmasında aparıcı rol oynamışdır”.
 
Qəzetin bugünkü kollektivi tələbəsi olduğumuz unudulmaz ustad müəllimimiz Şirməmməd Hüseynovun “Azərbaycan müəllimi” qəzetinin məfkurə yolunda saldığı izləri ehtiramla xatırlayır. 
“Azərbaycan müəllimi” fəaliyyətinin bütün dövrlərində ziyalıların, elm və mədəniyyət xadimlərinin, bütövlükdə təhsil ictimaiyyətinin etibarlı tribunası olub. Qəzet tarixi missiyasını ölkə təhsilindəki bugünkü islahatlar və qlobal yeniləşmə dövründə də uğurla davam etdirir.
 
“Azərbaycan müəllimi” “Mədəni cəbhə döyüşçülərinin mübarizə bayrağını yüksəklərə” şüarı ilə 90 il əvvəl çıxdığı yolu getməkdədir. 44 günlük Vətən müharibəsinin müzəffər xalqımıza bəxş etdiyi Şanlı Zəfərin qüruru ilə “Qarabağ Azərbaycandır!” şüarı “Azərbaycan müəllimi”nin səhifələrini bəzədi. Qürurluyuq ona görə ki, 30 illik işğaldan sonra uca və müqəddəs bayrağımız QARABAĞIMIZDA dalğalandı. 
 
Müzəffər xalqımızın şanlı tarixində “Azərbaycan müəllimi” ailəsi olaraq yer almaqdan qürur duyuruq. O qürurla da uzun və şərəfli yoldayıq!" - deyə Sarvan İbrahimov qeyd edib.