ADA Universitetində ilk dəfə olaraq 2024-2025-ci tədris ilində İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin bakalavr pilləsinə tələbə qəbulu həyata keçirilib. ADA Universitetində yeni tədris ilinin başlanması münasibətilə “Kənd təsərrüfatı və qida elmləri” fakültəsinin bakalavr pilləsinə qəbul olunan tələbələr və onların valideynləri ilə görüş təşkil olunub. Görüşdə ADA-nın rektoru, səfir Hafiz Paşayev, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, nazirliyin rəhbər şəxsləri, professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak ediblər.
 
ADA-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, tədbiri açan ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində ölkə iqtisadiyyatının tələblərinə uyğun olaraq ən mühüm ixtisaslar üzrə peşəkar kadrlar hazırlanır. Kənd təsərrüfatının ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olduğunu deyən rektor Hafiz Paşayev diqqətə çatdırıb ki, müasir dövrdə aqrar sahədə rəqabətədavamlı kadrların yetişdirilməsi mühüm əhəmiyyət kəsb edir. İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində təsis edilən “Kənd təsərrüfatı və qida elmləri” fakültəsində yüksəkixtisaslı kənd təsərrüfatı mütəxəssislərinin yetişdiriləcəyini deyən Hafiz Paşayev əlavə edib ki, İtaliyanın Bolonya Universiteti ilə əməkdaşlıq bu sahədə təhsil alan gənclərə beynəlxalq səviyyəli təhsil və bacarıq qazandıracaq.
 
Sonda rektor vurğulayıb ki, sözügedən fakültənin bu il qəbul edilən ilk tələbələri ADA Universitetindən ölkəmizin inkişafına dəstək ola biləcək peşəkar kimi məzun olacaqlar.
 
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə aqrar inkişaf strategiyasının əsas istiqamətləri, aqrar sahəyə dövlət dəstəyi, nazirliyin fəaliyyəti, həyata keçirilən innovativ layihələr barədə tələbələrə ətraflı məlumat verib. Aqrar sahədə innovasiyalar və müasir texnologiyaların tətbiqinə, davamlı inkişaf prinsiplərinə önəm verildiyini deyən nazir tələbələrin bu sahədəki yenilikləri mənimsəməsinin və gələcək fəaliyyətlərində tətbiq etməsinin cəmiyyət üçün faydalı olacağını vurğulayıb.
 
Yeni açılmış fakültənin dekanı Matteo Vittuari rəqabətədavamlı kadr hazırlığı, tədris prosesinin təşkili, ADA-Bolonya Universiteti arasında əməkdaşlıq, aqrar sahədə təcrübə mübadiləsi ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. ADA Universitetinin aqrar sahədə fəaliyyət göstərən dövlət və özəl qurumlarla sıx əməkdaşlıq etdiyini deyən Matteo Vittuari bildirib ki, Bolonya Universiteti ilə qarşılıqlı bilik və təcrübə mübadiləsinin aparılması tələbələrin peşəkar kadr kimi yetişməsinə zəmin yaradır.
 
Təbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyi Aparatının rəhbəri Azad Cəfərli kənd təsərrüfatını strateji və unikal sahə adlandırıb. Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici bazarlara 540 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulu ixrac edildiyini deyən Azad Cəfərli bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5 faiz artdığını bildirib. Aqrar sahənin inkişafının peşəkar kadrlardan asılı olduğunu deyən Aparat rəhbəri tələbələrin zəruri bilik və bacarıqlara yiyələnəcəklərinə və ölkəmizin dinamik inkişaf prosesinə töhfə verəcəklərinə əminliyini ifadə edib.
 
Daha sonra Kənd təsərrüfatı və qida elmləri fakültəsinə qəbul olunan tələbələr və onların valideynlərinin sualları cavablandırılıb, tədris prosesinin təşkili ilə bağlı müzakirələr aparılıb.
 
Qeyd edək ki, Kənd təsərrüfatı və qida elmləri fakültəsi İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində Bolonya Universiteti ilə əməkdaşlıq nəticəsində təsis edilib. Bu ildən fakültə üzrə bakalavr və magistr ixtisasları ADA Universitetinin Bakı kampusunda, Qazax və Gəncədəki regional mərkəzlərində tədris olunacaq.