Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
Gələn il 150 illik yubiley yaşını tamamlayacaq milli mətbuatımızın 90 ilinə şahidlik etmiş, ölkəmizdə maarifin, milli-mənəvi dəyərlərin təbliğində müstəsna xidmətlər göstərərək nəşr olunduğu bütün dövrlərin səlnaməsini yaratmış, tarixi proseslərin öyrənilməsi baxımından mötəbər istinad mənbəyi funksiyasını uğurla yerinə yetirmiş “Azərbayacn müəllimi” qəzetinin keçdiyi şərəfli yol milli mətbuat tariximizin ayrılmaz tərkib hissəsi və qürur mənbəyidir. Azərbaycan ziyalılarının başladığı maarifçilik hərəkatının vacib prinsipləri olan məktəbin, maarifin təbliği “Azərbaycan müəllimi” qəzetinin toxunduğu mövzular içərisində daim prioritet təşkil etmiş və bugün də öz tarixi irsinə, prinsiplərinə sadiqlik redaksiya tərəfindən yaradılan kontent nümunələrində özünü qoruyub saxlamaqdadır. Milli mətbuatımızın keçdiyi yola nəzər saldıqda deyə bilərik ki, sahə mətbuatı kimi formalaşmış çap mediası subyektləri içərisində “Azərbaycan müəllimi” qəzeti öz davamlılığı, materialların işlənməsində özünəməxsus yazı tərzi və mövzu rəngarəngliyinə görə daim fərqlənmiş, geniş oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanmışdır.
Texnoloji inkişafın təsiri ilə müsair media mühitində gedən sürətli dəyişiklik artıq jurnalistikanın klassik dəyərlərini də əhatə etməklə yeni, daha dinamik məzmun almışdır.Müasir çağırışlara cavab vermək istəyən media gündəlik fəaliyyətini məhz texnoloji tərəqqinin dinamik ritmləri üzərində qurmağa məhkumdur. Bu baxımdan “Azərbaycan müəllimi” qəzeti yalnız ənənəvi çap mediası subyekti kimi qalmamış, onlayn platformada da fəallıq göstərərək cəmiyyəti təhsillə bağlı ictimai məzmunlu məlumatlar, maraqlı reportajlar, publisistika nümunələri ilə tanış etməkdə davam edir.
Yubileyi münasibətilə “Azərbaycan müəllimi” qəzetinin redaksiya heyətini, qəzetin yazarlarını, çoxsaylı oxucularını təbrik edir, yeni uğurlar, yeni yubiley sevincləri arzulayırıq.
Əhməd İSMAYILOV,
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru