İsveçin paytaxtı Stokholmda növbəti illik Beynəlxalq Su Həftəsi keçirilib.
 
"Azərbaycan müəllimi" AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirin yüksək səviyyəli panelində COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii ehtiyatlar naziri Muxtar Babayev videoformatda çıxış edərək, Azərbaycanın COP29 ilə bağlı prioritetləri və ölkəmizin suyun beynəlxalq iqlim gündəliyində yeri ilə bağlı mövqeyini iştirakçılara çatdırıb.
 
Stokholm Beynəlxalq Su İnstitutu (SIWI) tərəfindən təşkil edilən həftə çərçivəsində növbəti mühüm müzakirə COP28 sədrliyi, SIWI və COP29 sədrliyi tərəfindən birgə çağırılmış "COP28-dən COP29-a doğru: Su və İqlim fəaliyyəti üçün tərəqqinin əldə edilməsi" başlıqlı yan tədbir çərçivəsində baş tutub. Tədbirdə COP-un Azərbaycan sədrliyi adından çıxış edən Azərbaycanın İsveç Krallığındakı səfiri Zaur Əhmədov COP29-un Su Təşəbbüsü barədə iştirakçılara ümumi məlumat verərək beynəlxalq ictimaiyyəti bu təşəbbüsü dəstəkləməyə dəvət edib.