Yeni dərs ilində birinci sinif şagirdləri məktəbə ilk addımlarını atacaqlar. Bu həm şagirdlər, həm də valideynlər üçün əlamətdar bir hadisədir. Bəzi uşaqlar məktəbə başlamağı səbirsizliklə gözləyir, öyrənməyə və yeni dostlar qazanmağa çox həvəsli olurlar. Onlar məktəb həyatı ilə tanışlıqdan zövq alır, yeni biliklər əldə etmək və fərqli fəaliyyətlərdə iştirak etmək üçün can atırlar.
Digər tərəfdən, birinci sinifə adaptasiya ola bilməyən şagirdlər üçün bu mərhələ çətin ola bilər.
Mövzu ilə bağlı psixoloq Ülviyyə Hümbətova “Azərbaycan müəllimi”nə danışıb. O bildirib ki, həqiqətən də bəzi şagirdlər məktəbə rahatlıqla adaptasiya ola bildiyi halda, digərləri bu prosesdə müəyyən çətinliklərlə üzləşirlər.
"Bunun bir sıra səbəbləri var. Bunlar arasında uşağın fərdi psixoloji xüsusiyyətlərini, sinif müəlliminin yanlış yanaşmasını və digər halları qeyd edə bilərik. Bu dövrdə uşağa qarşı tələbkar olmaq isə düzgün deyil. Valideynlər hər şeydən öncə çalışmalıdırlar ki, uşaqları vaxtında məktəbə qoysunlar. Psixoloji cəhətdən uşağın təlim fəaliyyətinə hazır olduğu yaş 7 yaşdır. Çünki, məhz 7 yaşında uşağın oyun fəaliyyəti bitir və təlim fəaliyyəti başlayır. Bu yaşda uşaq öyrənməyə, kitab-dəftərə hazır olur. Oyun fəaliyyətindən təlim fəaliyyətinə keçən şagird üçün müəyyən çətinliklər yarana bilər. Bu bir növ tələbəlik illərini bitirmiş və yenicə iş həyatına addımlayan gənclərin vəziyyətinə bənzəyir. Necə ki iş həyatına yeni addımlamış insanlar müəyyən müddət adaptasiya ola bilmirlər, eynilə uşaqlarda da belədir.
Psixoloq qeyd edib ki, xüsusənm bağçaya getməyən uşaqlar adaptasiya mərhələsində çətinlik yaşayırlar. Bu uşaqlar ömürlərinin ilk illərini evdə, nənə-baba, ata və ana ilə birlikdə keçirərək, daha az sosial mühitlərdə vaxt keçirmiş olurlar. Buna görə də onlar üçün məktəb mühiti daha yad və qeyri-məlum olur:
"Müəllim sinif otağında elə bir mühit qurmalıdır ki, uşaqlar özünü yad bir mühitdə hiss etməsin. Sinif otağında oyun və əyləncə yönümlü bir mühitin qurulması uşaqların dərslərə daha həvəslə yanaşmalarına, öyrənməyə maraqlarının artmasına və ümumi inkişaflarına müsbət təsir göstərir. Buna görə də dərslərin daha oyun yönümlü, əyləncə yönümlü olması məsləhətlidir".
Bəs uşaqlarda məktəbə qarşı həvəsi necə yaratmaq olar?
“Əgər şagirdin fərdi psixoloji vəziyyətində bir problem yoxdursa, onda dərsə qarşı həvəsi yaratmalıyıq. Bu zaman müəllimin üzərinə bəzi öhdəliklər düşür. Müəllimlər bəzən səhvlərə də yol verirlər. Belə ki, onların etdiyi səhvlərdən biri də şagirdlərin düzgün cavablarından daha çox səhv cavablarına diqqət yetirmələridir. Bu yanaşma onların özünəinamını və dərsə olan marağını azalda bilər. Əksinə, müəllimlər düzgün cavabları tərifləyərək və səhvləri konstruktiv şəkildə müzakirə edərək şagirdlərin özünü inkişaf etdirmələrinə kömək etməlidirlər. Bu yanaşma, həmçinin, müsbət öyrənmə mühiti və şagirdlərin daha yaxşı nəticələr əldə etməsinə şərait yaradacaqdır”.
Psixoloq sonda qeyd edib ki, uşaq ən geci 3 yaşda bağçaya verilərsə, bu onun gələcək təhsil həyatına müsbət təsir edər, məktəbə daha tez adaptasiya olar.
Nərmin İSKƏNDƏRZADƏ