Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov "Azərbaycan müəllimi" qəzetinin 90 illik yubileyi münasibətilə təbrik məktubu göndərib.

 

Təbrikdə deyilir: 

 

“Azərbaycan müəllimi” qəzetinin redaksiya heyəti!

 

Sizi “Azərbaycan müəllimi” qəzetinin 90 illik yubileyi münasibətilə səmim qəlbdən təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram. Qəzetçilik böyük zəhmət, xüsusi səy, peşəkar yanaşma, hadisələri obyektiv dəyərləndirmək, prosesləri qabaqlamaq və düzgün təhlil etmək bacarığı tələb edən sahədir. “Azərbaycan müəllimi” qəzetinin kollektivi də təhsil sahəsində həyata keçirilən dövlət siyasətinin və baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında həmişə böyük rol oynayıb və bu gün də fəaliyyətini həmin istiqamətdə uğurla davam etdirir. Qəzet həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə əməkdaşlığı genişləndirərək muxtar respublikada son dövrlərdə təhsil sahəsində aparılan islahatları da ictimaiyyətə təqdim edir. Yaxın zamanlarda qəzetin muxtar respublika bürosunun yaradılması da əməkdaşlığımızın genişləndirilməsində mühüm rol oynayacaq. Bunun üçün Nazirliyin kollektivi adından qəzetin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. “Azərbaycan müəllimi”nin rəhbərliyini və yaradıcı heyətini bir daha bu əlamətdar tarix - 90 illik yubiley münasibətilə təbrik edir, peşəkar fəaliyyətlərində uğurlar arzulayıram.

 

Elxan NƏCƏFOV,

Naxçıvan Muxtar Respublikasının təhsil naziri