Mehriban Əliyeva: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır”


Bəzən deyirlər ki, insanın adı onun xarakterini, xasiyyətini, davranışını, hətta gələcək həyat yolunu, taleyini müəyyənləşdirir. Hər adın öz ictimai obrazı, mənası var. Elə xalqımız tərəfindən sevilən, hamının doğması kimi qəbul etdiyi  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın timsalında bu fikrin doğrudan da öz təsdiqini tapdığını görürük. Sadəlik, mərhəmət, qayğıkeşlik, həssaslıq və ən əsası, hamıya qarşı mehriban münasibət. Budur, Mehriban Əliyevanı xalqa sevdirən özəllikləri. Vətənə sədaqət, milli dəyərlərə hörmət  bu nəcib insanın hərtərəfli fəaliyyətinin əsas prinsipini təşkil edir.
 
Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində rolu danılmazdır. Və təbii ki, müasir Azərbaycanın quruculuğunda bu tandem mühüm əhəmiyyət kəsb edir. Mehriban Əliyeva Birinci vitse-prezident kimi fəaliyyəti dövründə  qısa bir müddət ərzində  yüksək biliyi, peşəkarlığı, zəngin təcrübəsi, böyük humanizmi və hadisələrə genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində qadın hərəkatının yeni bir səhifəsini açaraq  xüsusilə idarəetmədə qadınların rolunun artmasına təkan vermişdir.
 
Mehriban Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, onun çoxşaxəli fəaliyyətində  təhsil, səhiyyə, idman, mədəniyyətimizin təbliği, xeyriyyəçilik, ətraf mühitin qorunması və adlarını qeyd etmədiyimiz digər sahələrin hər biri diqqətdə saxlanılır. Mehriban Əliyeva xüsusilə təhsilimizin hamisi, bu sahəyə ən çox qayğı və həssaslıqla  yanaşan xanımdır.
 
Ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban  Əliyeva söyləyir ki, hər bir dövlətin əsas sərvəti onun malik olduğu insan amilidir və Azərbaycanın da gələcəyi məhz bu gün təhsil alan uşaqlardan, gənclərdən asılıdır. Ona görə də ölkəmizdə təhsil prioritet sahələrdən biridir  və onun inkişafına xüsusi diqqət ayrılır, gənc nəslin biliklərə mükəmməl yiyələnməsi üçün bütün lazımi addımlar atılır.
 
Heydər Əliyev Fondunun yaradıcısı
 
Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısıdır. Dahi şəxsiyyətin adına Fondun təsis edilməsi də  məhz  bu təşkilatçı xanımın adı ilə bağlıdır. Hər zaman çıxışlarında Mehriban Əliyeva Heydər Əliyev Fondunu tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradıldığını xüsusi qeyd edərək təşkilatın istər ölkəmizdə, istərsə də ölkəmizin hüdudlarından uzaqlarda gördüyü işlərlə adından söz etdirməyi uğurla bacarır.
 
2004-cü ildən fəaliyyətə başlamış Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif  layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
 
Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın  təhsil, səhiyyə, mədəniyyət sahələrində reallaşdırdığı genişmiqyaslı layihələr, istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda  həyata keçirdiyi  müxtəlifyönlü  tədbirlər xeyirxahlıq simvoluna çevrilmiş bu nəcib əməllər sahibinin  hərtərəfli bilik və bacarıqlara malik olmasının göstəricisidir.
 
Təhsillə bağlı layihələr
 
Qeyd etdiyimiz kimi Fondun  fəaliyyətində təhsilə diqqət və qayğı xüsusi önəm kəsb edir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə təhsillə bağlı bir çox irimiqyaslı layihə və proqramlar uğurla həyata keçirilir. Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” öz əhatə dairəsinin  genişliyinə  görə  ən diqqətçəkən layihələrdəndir. Ən əhəmiyyətlisi odur ki, öz coğrafiyasına görə bütün ölkəni əhatə edən  bu layihə çərçivəsində on illərlə təmir edilməmiş, tam yararsız və qəza vəziyyətində olan, təlim-tərbiyə üçün heç bir şəraiti olmayan məktəblərin yerində çoxlu sayda müasir standartlara uyğun yeni binalar, həmçinin internat məktəbi, uşaq bağçası və körpələr evi  inşa edilmiş, təmir olunmuşdur. Bu müəssisələr ən müasir  avadanlıqlarla təchiz olunaraq  şagirdlərin, balacaların istifadəsinə verilmişdir.
 
Fondun təhsillə bağlı həyata keçirdiyi proqramlar sırasında “Təhsilə dəstək” isə birbaşa tədrisin keyfiyyətinə təsir göstərən problemlərin həllinə - məktəblərin əyani vəsaitlə, şagirdlərin dərs ləvazimatı ilə təmin olunmasına yönəlib. Belə ki, Fond hər yeni tədris ilində silsilə aksiyalar keçirməklə bu sahədə bir sıra problemlərin aradan qaldırılmasına əhəmiyyətli töhfə verir. 2004-cü ildən başlayaraq Fond  qaçqın və məcburi köçkün ailələrindən olan I sinif şagirdlərinə məktəbli çantaları və dərs ləvazimatı paylayır. Artıq son bir neçə ildir bu proses ölkədəki bütün orta məktəbləri əhatə edir.
 
Onu da xüsusi qeyd edək ki,  “Təhsilə dəstək” layihəsi məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulmasını da əhatə edir. Layihə çərçivəsində paytaxt Bakı  və kəndlərində,  eləcə də  bölgələrdə uşaq bağçaları əsaslı təmir olunaraq  müasir avadanlıqlarla təchiz edilir.
 
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bilavasitə rəhbərlik etdiyi  layihələrin  əsasında  uşaqlara qayğı önəmli yer tutur. Birinci xanım uşaq evlərinin və internat məktəblərinin ən müasir səviyyədə  qurulmasını, təşkilini  diqqətdə saxlayaraq körpələrin fiziki və əqli cəhətdən sağlam böyüməsi üçün əlindən gələni əsirgəmir. Fond tərəfindən “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir olunub.
 
Göründüyü kimi Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond təhsillə bağlı proqramların icrasını həyata keçirərək dövlət təhsil siyasətinin reallaşmasında müstəsna əhəmiyyətə malik işlər görür. Həyata keçirilən layihələr  nəticəsində paytaxt Bakı ilə yanaşı, hətta respublikamızın ən ucqar regionlarında belə, müasir tələblərə cavab verən hər cür ləvazimatla təmin olunmuş çoxlu sayda məktəblər tikilib istifadəyə verilmiş, təhsilin bütün ölkə ərazisində əlçatanlığı təmin edilmişdir. Müasir tipli məktəblərin, bağçaların  inşası, tədris prosesində normal şəraitin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması son illər ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına inteqrasiyasını gücləndirmiş və şagirdlərimizin beynəlxalq fənn olimpiadalarında, müsabiqələrdə, bilik yarışlarında   uğurlarının əsas təminatçısı olmuşdur.
 
Heydər Əliyev Fondunun  son  illərdə həyata keçirdiyi  növbəti uğurlu işlərdən biri  də təhsilalanların müasir bilik və bacarıqlarının, XXI əsr səriştələrinin inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edən inteqrativ təhsil yanaşmalarının ölkəmizin təhsil müəssisələrində geniş tətbiqinə dəstəyidir. Məhz Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Elm və Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq “STEAM Azərbaycan” layihəsinə start verib. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Hazırda ölkəmizin bir sıra məktəblərində STEAM otaqları və mərkəzləri fəaliyyət göstərir.
 
STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.
 
Heydər Əliyev Fondunun dəstək verdiyi bu layihə ölkəmizdə elm və təhsil sahəsində yeniliklərin tətbiqinə, təhsilin müasir tələblər səviyyəsində inkişaf etdirilməsinə, gənc nəslin yeni ideyalarının reallaşdırılmasına göstərilən diqqətin və əhəmiyyətin əyani təzahürüdür.
 
Ölkəmizdə təhsil sistemini modernləşdirmək və dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək Mehriban Əliyevanın birbaşa  təşəbbüsü  ilə həyata keçirilən genişmiqyaslı proqram və layihələrin əsas hədəflərindəndir.
 
Beynəlxalq humanitar missiyaya çevrilən Fond
 
Heydər Əliyev Fondunun təhsilə qayğısının coğrafiyası genişdir. Artıq dünyada nüfuzlu qurum kimi tanınan Fond xeyriyyəçilik missiyasını bir neçə ölkədə uğurla davam etdirir.
 
Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası  və Hollandiyada bir sıra məktəblərin  yenidən qurulması və əsaslı təmir olunması məhz Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində reallaşdırılmışdır. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən dağılmış qızlar məktəbinin əvəzində onlar üçün yeni tədris binasının inşası  da məhz  Heydər Əliyev Fondunun  nəcib təşəbbüsü sayəsində həyata keçirilən ən uğurlu layihələrdəndir.
 
Birinci xanımın xidmətləri
 
Mehriban  Əliyevanın  timsalında birinci xanım statusu ənənəvilikdən tamamilə fərqlidir. Azərbaycanın birinci xanımı özündə humanizmi, mərhəməti, xeyriyyəçilik və qayğıkeşliyi ehtiva etməklə yanaşı, Heydər Əliyev Fondunun prezidenti  kimi elm, təhsil, səhiyyə, ədəbiyyat, mədəniyyət, və digər sahələrdə həyata keçirilən çoxsaylı uğurlu layihələrin, həmçinin mədəni irsimizin qorunması və beynəlxalq arenada təbliği ilə bağlı reallaşdırılan  proqramların müəllifidir.
 
Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti boyu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz xidmətlər göstərib.
 
Birinci xanımın xidmətləri sırasında torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ilhamlandıran müraciət və çağırışları, ölkə başçısı İlham Əliyevlə birlikdə Qarabağa çoxsaylı səfərləri, işğaldan azad edilən ərazilərimizdə reallaşdırılan genişmiqyaslı tikinti-bərpa işləri, 32 ildən sonra Şuşada möhtəşəm  “Xarıbülbül” musiqi festivallarının təşkili  xüsusi yer tutur.
 
Hər birimizin yadına 44 günlük Vətən müharibəsinin ilk günlərində Mehriban Əliyevanın xalqa müraciətindəki ürəkləri riqqətə gətirən sözlər düşür: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”.
 
44 günlük Vətən müharibəsi  ərzində bu  içdən gələn arzu çin oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun şücaəti, xalqımızın birliyi sayəsində doğma Qarabağımız işğaldan azad  edildi.
 
“Sizin Mehriban...”
 
O, hər səfəri ilə əsgər analarının ümid yeri və sarsılmaz  mənəvi dayağına çevrildi. Qəlbi şəhid analarının qəlbləri ilə döyündü, onların göz yaşı özünün göz yaşı oldu. Ana şəfqəti, mərhəməti, doğmalığı ilə qəhrəman Qazilərimizin yarasına məlhəm oldu.
 
Mehriban Əliyevanın istər Heydər Əliyev Fondunun prezidenti, istər ISESCO-nun Xoşməramlı səfiri kimi, istərsə də dövlət  idarəetməsindəki fəaliyyəti  İLKlərlə zəngindir. Bu ilklərin sayı olduqca  çoxdur... Əsas odur ki, onun imza atdığı hər bir  İLK, ölkəmizdə  və  beynəlxalq aləmdə yüksək  qiymətləndirilir, bəyənilir  və təqdir olunur. 
 
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini yaxından izlədikcə   hər addımının əsasında xeyirxahlığın, humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunduğunun şahidi oluruq.
 
Təsadüfi deyildir ki, Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri  xüsusi diqqətə çatdırmışdır: “Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar”.
 
Onun “Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir” fikri  yaşadığı ömür payında  əldə etdiyi nailiyyətlərin, gördüyü işlərin vizit kartıdır.
 
Ən böyük mükafatı isə xalqın ona olan sevgisi, inamı, etimadıdır.
 
Mehriban Əliyeva bizlərə ünvanladığı tək bircə müraciət forması “Sizin Mehriban” - söyləməklə, sadəliyi və mehribanlığı ilə ürəkləri fəth etməyi bacarıb.
 
Samirə KƏRİMOVA