2019-2020-ci tədris ilindən başlayaraq Azərbaycanda STEAM təhsil metodologiyası tətbiq edilir. Bilikləri və bacarıqları bir araya gətirən bu təhsil metodu müasir dünya problemlərini həll etmək üçün interdissiplinar bir yanaşmadır.

 

STEAM təhsil sistemində yeni metodologiyaları tətbiq edərək elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələrini özündə birləşdirir. Bu metod şagirdlərin yaradıcı düşünmə və problem həll etmə bacarıqlarını gücləndirərək onların gələcəyin mütəxəssisi kimi hazırlanmasına şərait yaradır.

 

STEAM Azərbaycan layihəsinin rəhbəri İqrar Nəzərovla həmsöhbət olduq…

 

- Təhsilalanların STEAM mərkəzlərinə cəlb edilməsi prosesi necə gedir? Hazırda bu sahədə vəziyyət nə yerdədir?

- STEAM mərkəzləri əsasən orta məktəblərin bazasında qurulur. Hazırda ölkəmizdə 30-dan çox STEAM mərkəzi var. Yay tətili olmasına baxmayaraq fəaliyyətlərimiz davam edir. 240 şagirdimiz Elm və Təhsil Nazirliyinin UNİCEF-lə birgə həyata keçirdiyi “Green Skills through STEAM” – “STEAM ilə yaşıl bacarıqlar” layihəsindədə iştirak edir. Həmin uşaqları müvafiq olaraq seçim turları əsasında müəyyənləşdiririk. Ancaq digər layihələrə şagirdlər qeydiyyatdan keçərək yazıla bilərlər. Avqust ayının 1-dən etibarən ölkənin müxtəlif regionlarını əhatə edən 19 STEAM Mərkəzində çalışan 43 müəllimiz oktyabrda keçiriləcək Yaşıl STEAM Azərbaycan Festivalına (Yaşıl SAF 2024) müxtəlif siniflərdə təhsil alan 500-dən çox şagirdlə hazırlaşırlar. Yeni tədris ilinin başlanması ilə bu rəqəm bir neçə dəfə aratcaq.

 

 

- Orta ümumtəhsil müəssisələrində şagirdlərin STEAM bacarıqlarına dəstək verən layihələr həyata keçirilir. Bu, prosesə təsir edirmi?

- Keçən il statistik məlumatlarda qız uşaqlarının təhsil almaları ilə bağlı həssas qəbul edilən bölgələrdə “Qızların rəqəmsal bacarıqlarının inkişafı və karyera seçiminə dəstək” adlı layihə keçirmişdik. Təbii ki, bu kimi fəaliyyətlər prosesə öz təsirini müəyyən qədər göstərəcək. Ancaq uzunmüddətli perspektiv olduğu üçün indidən dəqiq bir fikir bildirmək çətindir. Ona görə də hazırda layihəmizə cəlb edilən oğlanların və qızların statistikasını götürmüşük ki, prosesi izləyək və keçirdiyimiz layihələrin gələcəkdə onların ixtisas seçimində hansı rol oynadığımızı müşahidə edək. 

 

- STEAM-in şagirdlərin bacarıqlarını üzə çıxarmaq məqsədilə həyata keçirdiyi çoxsaylı fəaliyyətlərin növü nələrə əsasən müəyyənləşdirilir?

- Şagirdlərin bacarıqlarının yoxlanılması təlimin nəticələrinin ölçülməsində vacib faktordur. Bizim hər sinif üzrə proqramlarımız var. Əməkdaşlıq, mühəndislik və robototexnika modullarında şagirdlərin bacarıqları yoxlanılır. Bu modulların müəyyənləşdirilməsi isə dünya ölkələrinin təcrübəsinə əsaslanır.

 

- Mühəndislik bacarıqları dedikdə tam olaraq nə nəzərdə tutulur?

- Məsələn, lap erkən təhsil dövründən başlayaraq - aşağı siniflərdən uşaqlara dondurma çubuqlarından körpü düzəltməklə bağlı tapşırıq veririk. Ancaq həmin çubuqları sırf bu məqsədlə marketdən almağı yox, özləri dondurma yedikcə toplamalı olduqlarını bildiririk. Bu həm də uşaqların ətraf mühitlə bağlı təsəvvürlərinin yaranmasına, tullantıların yenidən emalının öyrədilməsinə kömək edir. Sonra həmin körpünün dayanıqlılığını yoxlayırıq. Hansısa problem varsa, asan yollarla aradan qaldırmağa çalışırıq. Təbii ki, şagird bu prosesdə tək olmur, ona komanda yoldaşları da dəstək olur. Prosesi komanda şəklində aparmağın  üstünlüyü odur ki, bir şagirdin bilmədiyini mütləq digəri bilir və ortaya keyfiyyətli iş çıxır.

 

Tapşırıq yekunlaşdıqdan sonra qiymətləndirmə prosesini həyata keçiririk. Ancaq bunu rəqəmlərlə deyil, rubriklərlə həyata keçiririk. Çünki “iki” alan uşağın hər hansı bir motivasiyası qalmayacaq. Ona görə də, biz onların işlərini “yaxşı”, “çox yaxşı”, yaxud “əla” kimi qiymətləndiririk.

 

Sonda isə uşaqların sahibkarlıq bacarıqlarının formalaşması - öz hazırladıqları məhsulların bazara çıxarılması və reallaşdıra bilmələri ilə bağlı təkliflərini dinləyirik.

 

 

- Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə STEAM mərkəzi fəaliyyət göstərir. İşğaldan azad olunmuş digər ərazilərdə bu mərkəzlərin fəaliyyətə başlaması planlaşdırılırmı?

- Növbəti ildən Qarabağ Universitetində STEAM mərkəzinin yardılması və STEAM əsaslı öyrənmənin tətbiq edilməsi ilə bağlı ilkin müzakirələr aparılıb.

 

STEAM mərkəzlərinin bütün Qarabağ ərazisini əhatə etməsi ilə bağlı konsept təqdim etmişik. İşğaldan azad olunmuş ərazilərdə tikilən demək olar ki, bütün məktəblərdə STEAM mərkəzləri, yaxud kabinetləri var. Ağdamda, Laçında, Zəngilanda, Şuşada bu mərkəzlər mövcuddur, Kəlbəcərdə, Xocalıda isə tikiləcək məktəblərdə mərkəzlərimizin olması nəzərdə tutulub.

 

- STEAM mərkəzlərinin fəaliyyəti bütün ölkə ərazisini əhatə edə bilirmi?

- STEAM mərkəzlərinin fəaliyyətinin bütün ölkə ərazisini əhatə etməsi istiqamətində işlər aparırıq. Ancaq ölkəmizin bəzi regionlarında, xüsusilə ucqar kəndlərdə maddi texniki bazanın yerləşdirilməsi üçün əlverişli şərait və bütün məktəb ərazisini əhatə edən genişzolaqlı internetlə bağlı çətinliklər mövcuddur. Buna görə də mərkəzlərin məktəb daxilində qurulmasında çətinlik yaşayırıq. Bu problemlərin həll olunması üçün çalışırıq. Əvvəlki illərlə müqayisədə problem xeyli həll olunub və bu istiqamətdə irəliyə doğru kifayət qədər addımlar atılıb. Hesab edirəm ki, bütün məktəblərdə internet olmalıdır.

 

- 2026-cı il üçün layihənin əhatə dairəsini ölkə üzrə nə qədər şagirdə çatdırmaq məqsədiniz var?

- Növbəti tədris ilindən STEAM 210 000-dən çox şagirdi əhatə edəcək. Onlardan 30%-ə yaxını region, qalan hissəsi isə  Bakı, Sumqayıt və Abşeron məktəblərinin payına düşür. Ümumilikdə, bu təhsil metodu 398 məktəbdə reallaşdırılır. Onlardan 176-sı regionlarda, 222 məktəb isə Bakıdadır. Yeni tədris ilindən 4-cü siniflərdə təhsil alan 47 002 şagird prosesə qoşulacaq.

 

- Hazırda təhsilalanların tərkibi necədir? STEAM təhsil metodu hansı sinif şagirdlərini əhatə edir?

- Hazırda STEAM 5-9-cu sinifləri əhatə edir. Yeni tədris ilindən 4-cü siniflərdə, növbəti ildən isə 3-cü sinifdə tətbiqi ilə bağlı  müzakirələr aparılır. STEAM metodologiyası təhsilalanlarda XXI əsr bacarıqlarını formalaşdırdığını nəzərə alsaq, gələcəkdə prosesi bütün siniflərdə keçirilməsi arzuolunandır. Hər il proqramlarımızı təkmilləşdiririk. Artıq demək olar ki, pilot layihə səviyyəsindən, yəni layihənin ilk tətbiqə başlamasından və 41 məktəbdə təxminən 7000 şagirdi əhatə etməsindən 5 il ötməsinə baxmayaraq hal-hazırda STEAM məzmunu 210000 çox şagirdi üçün əlçatandır. Hesab edirəm ki, növbəti illərdə STEAM ölkə təhsilin bir hissəsi olması daha məqsədəuyğundur.

 

 

- Proqram 10-11-ci sinifləri niyə əhatə etmir?

- Biz təklif edirik ki, xüsusi STEAM əsaslı məktəblər yaradılsın və 10-11-ci sinif şagirdləri arasından seçimlər edək, marağı olan şagirdləri həmin məktəblərdə təlimlərə cəlb edək. Onları avadanlıqlarla təmin edək, beynəlxalq yarışlara göndərək və mütəxəssis kimi hazırlayaq. Mən əminəm ki, gələcəkdə onlar arasından Elon Masklar da, Bayraqdarlar da çıxacaq.

 

- Azərbaycanın mövcud kurrikulum proqramı STEAM metodologiyasına nə dərəcədə adaptasiya olub?

- Əslində, bu proqramlar bir-birinə bənzəyir. Kurrikulumu mənimsəyən müəllimin STEAM metodologiyasını mənimsəməkdə heç bir problemi olmamalıdır. Çünki bu üsulların hər ikisi bacarıqlara əsaslanır. Sadəcə kurrikulum konsepsiyadır, STEAM isə təhsil yanaşması - metodologiyadır. STEAM bu mənada kurrikulumun bünövrəsidir. Bunlardan birini bilən digərini də biləcək.

 

- Müəllimlərin hazırlıq vəziyyəti necədir, kadr hazırlığının həyata keçirilməsi istiqamətində STEAM hansı üsuldan istifadə edir?

- Yeni tədris ilindən 4-cü sinifləri də əhatə edəcəyimiz üçün hazırda müəllimlərin hazırlığı prosesinə başlamışıq. Bu il üçün 3000 müəllim hazırlamalıyıq. Onlardan 2200 müəllimin ibtidai siniflər üzrə fəaliyyət göstərməsi nəzərdə tutulub. Proqram 48 saatlıq moduldan ibarətdir. Hazırlaşan müəllimlərin hər biri imtahan verməli və sertifikat almalıdır.

 

- Kadr hazırlığı çətin bir prosesdir. Müəllimlərin öyrənmə prosesində xarici təcrübəyə əsaslanan bir neçə üsuldan istifadə edirik. Bunlardan STEAM metodologiyalarını özündə tam olaraq birləşdirən və onun konseptual çərçivəsini hazırki dövrdə daha düzgün izah edən layihə əsaslı öyrənmə ilə yanaşı digər metodologiyalar da var. Məsələn, bunlar problem əsaslı, sorğu əsaslı, dizayn əsaslı, qarşılıqlı, fənlərarası əlaqə və fənlərarası, analogiyalarla öyrənmə, biomimikriya, nano və biotexnologiyalar, neyroelm, mühəndislik-dizayn modullarıdır. Müəllimlər bütün bunları bilməlidir ki, şagirdlərə rahat şəkildə ötürə bilsinlər.

 

- Sizcə, ali təhsil müəssisələrində bu sahə üzrə mütəxəssislər hazırlanmalıdırmı?

- Bizim dəstəyimizlə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) fizika fakültəsinin bazasında STEAM mərkəzi yaradılıb, avadanlıq və məzmunla bağlı dəstək göstərilib, univerisitetin dosent və professor heyəti bununla bağlı STEAM-də təcrübə keçib. Hazırda ADPU-nun beş fakültəsində seçmə fənn kimi STEAM əsaslı öyrənmə tətbiq edilir. Keçən ildən bu fənn Riyaziyyat, İnformatika, Fizika, Kimya və Bilogiya fakültələrində tətbiq edilir. Eyni zamanda demək olar ki, hər il SABAH qruplarında təhsil alan tələbə qrupları üçün təcrübə proqramları təşkil edirik.  Bütün universitetlər müasir çağırışlar fonunda bu metodologiyanın tətbiqində maraqlı olmalıdır.

 

- Mərkəzlərin maddi texniki bazası hansı vəziyyətdədir, bu proqramı yerinə yetirməyə baza imkan verirmi?

- Dövlət layihəni tam olaraq dəstəklədiyi üçün maddi texniki baza ilə hansısa bir problem yoxdur, proqramı yerinə yetirmək üçün sistem əlverişlidir.

 

 

- “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər adlı sənədlərdə təhsillə bağlı müvafiq tapşırıqlar var. Sənədlərə əsasən layihə hansı öhdəlikləri həyata keçirməyi planlaşdırır və özfəaliyyət planına bu istiqamətdə nələri daxil edib?

- Həmin sənədlərdə bizim üçün nəzərdə tutulmuş 2 indikator var. Orada qeyd olunur ki, 2026-cı ilə qədər STEAM metodologiyası 10 000 sinifdə tətbiq edilməli və şagird sayı 280 000 olmalıdır. Hər il statistik məlumatları toplayıb hədəfləri müəyyən edərək addım-addım hədəfə doğru gedirik. Strategiyada olan bütün hədəflərə çatacağımızı düşünürəm. Arzu  edək ki, artıq 2026-2031-ci illəri əhatə edən müvafiq strategiyada STEAM-in bütün məktəblərdə tətbiq edilməsi qeyd olunacaq.

 

- Oktyabrda Green STEAM Azərbaycan Festivalı (SAF) keçiriləcək. Festivalla bağlı planlarınız nədir?

- Green SAF 2024-də 8 kateqoriyadan 7-si üzrə iştirakçılar yaşıl həllər təklif edəcəklər. Məzmunu tam olaraq COP-a uyğunlaşdırmağa və iqlim dəyişikliyi ilə bağlı problemlərin həllinə yönəlik addımlar atmağa çalışırıq.

 

- Uşaqların nəzəri cəhətdən öyrənməsi üçün mərkəz tərəfindən hansı xüsusi vəsaitlər hazırlanıb?

- STEAM mərkəzlərində müxtəlif  yaş səviyyələri üzrə hazırlanan 40-dan çox dərs vəsaiti var. Kitablar mütəxəssislərimiz tərəfindən həm tərcümə vasitəsilə, həm də xüsusi şəkildə tərtib edilir. Bu kitabların digər dərs vəsaitlərindən fərqi var. Çünki biz yazılara yox, şəkillər və əyani vəsaitlərlə işləmə vasitəsilə sistemli izah etmə formasına üstünlük veririk. Bununla yanaşı, şagirdləri gündəlik şəkildə kitablardan nəyisə əzbərləməyə məcbur etmirik. Onlar hansısa bir tapşırığı hazırlayanda bu kitablardan kömək alırlar.

 

- Beynəlxalq səviyyəli STEAM çempionatlarına hazırlıq hansı səviyyədədir, təhsilalanların qoşulması prosesi necə gedir?

- SAF 2024-də üç kateqoriya beynəlxalq yarışlar üçün nəzərdə tutulub. Bu kateqoriyalar üzrə yarışmaq üçün müxtəlif ölkələrdən xeyli nümayəndə gələcək.

 

Onu da qeyd etmək istəyirəm ki, 2 il öncə Texasda keçirilən VEX robotexnika yarışmasında bizim şagirdlərimiz hazırladıqları robot ilə 4800 komanda içərisində 6-cı yerdə qərarlaşmışdılar. Bu il isə iki kateqoriyada yarışmaq üçün Amerikaya gedəcəklər.  

 

 

- Bu təhsil metodunun tətbiq edilməsi zamanı hansı ölkələrin təcrübəsinə üstünlük verilir?

- Layihəni həyata keçirdiyimiz gündən İsrail, Finlandiya, İngiltərə, Türkiyə,Almanya, Norveç və digər ölkələrin STEAM təcrübəsini öyrənmişik. Bu mənada STEAM-ə yeni layihələr gətirməkdə maraqlıyıq. Məsələn, Formula 1-in şagirdlər üçün olan yarışını tətbiq etmək və VR texnologiyaları təhsilə adabtasiya etmək fikrimiz var. Çünki VR gələcəyin texnologiyasıdır və ona uyğunlaşmaq üçün indidən başlamalıyıq. Bundan əlavə, pilotsuz uçuş aparatları ilə bağlı xarici tərfdaşlarla əməkdaşlıq edirik.

 

- STEAM təhsil metodu qarşıya qoyulan hədəflərə çata bilirmi?

- Biz qarşıya qoyulan hədəflərə istədiyimiz şəxsiyyəti yetişdirəndə çatacağıq. İstədiyimiz şəxsiyyət isə düşünən, sual verən, istehsal edə bilən, istehsaldan sonra öz məhsulunu bazara çıxara bilən şəxsdir. Bunun üçün konsepsiya hazırlamalı, iqtisadiyyatın nəyi tələb etdiyini və nəyə ehtiyacı olduğunu müəyyənləşdirməliyik. Hesab edirəm ki, “biz nə istəyirik?” sualı əslində, bir insanın yox, böyük bir layihənin sualıdır. Bunu xarici ölkələrin təcrübəsində müşahidə edirik.

 

Məncə, uzunmüddətli hədəflərə çatıb-çatmadığımızı bilmək üçün bir neçə il keçməlidir. Biz ancaq bir neçə il sonra deyə bilərik ki, 2020-ci ildə prosesə cəlb etdiyimiz 7000 şagird hansı sahələrə yönəlib. Layihəyə başladığımız insanlar hələ maliyyə bazarında, ölkə iqtisadiyyatında hansısa rol oynamır. Ümumilikdə isə qısamüddətli hədəflərə çatdığımızı düşünürəm.

 

Günel ABBAS