Nəriman Qəhrəmanlı: “Harvard Universitetinin Təhsil Məktəbindən ilk azərbaycanlı olaraq məzun olmaq qürurvericidir”
Son illər ali təhsil sahəsində həyata keçirilən islahatlar gənclərimizin dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alma imkanlarını yaxşılaşdırmaqla ölkəmizdə yüksəkixtisaslı mütəxəssis hazırlığının təmin olunmasında əhəmiyyətli istiqamətlərdən birinə çevrilib. Ölkə başçısının müvafiq sərəncamı ilə bu yaxınlarda “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın müddətinin 2028-ci ilə qədər uzadılması isə bu sahədə dövlətin diqqət və qayğısının daha bir bariz nümunəsidir. Adıçəkilən Proqram çərçivəsində xaricdə təhsil arzularını gerçəkləşdirən gənclərimizdən biri də ABŞ-nin nüfuzlu Harvard Universitetindən məzun olan Nəriman Qəhrəmanlıdır. Müsahibimizi oxucularımızla daha yaxından tanış edək.
Tanıtım: Qəhrəmanlı Nəriman Habil oğlu 1992-ci ildə Bərdə şəhərində anadan olub.2010-cu ildə Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyi bitirib. Orta məktəb illərində şəhər, zona və ölkə əhəmiyyətli şahmat və bilik yarışlarında, eləcə də riyaziyyat üzrə olimpiadalarda, tələbəlik illəri dönəmində isə “Nə? Harada? Nə zaman?”, “Xəmsə” Milli İntellektual Oyunu və “Breyn Rinq” kimi intellektual yarışlarda iştirak edərək çoxsaylı uğurlar əldə edib. 2010-cu ildə 642 balla Bakı Dövlət Universitetinə daxil olub və 2014-cü ildə “İqtisadiyyat” ixtisası üzrə həmin universitetdən məzun olub. Daha sonra təhsilini 2015-2016-cı illərdə İspaniya Krallığının Barselona Muxtar Universitetində davam etdirib və 2016-cı ildə məzun olaraq, “Beynəlxalq biznesin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi əldə edib.
Əmək fəaliyyətinə 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində məsləhətçi olaraq başlayıb. 2017-2023-cü illərdə Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsində və Təhsildə Keyfiyyət Təminatı Agentliyində müxtəlif vəzifələrdə çalışıb. 2023-2024-cü illərdə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində ABŞ-nin Harvard Universitetində “Təhsil siyasəti və təhlili” ixtisası üzrə magistratura təhsili alıb. Hazırda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil siyasəti şöbəsində müdir müavini olaraq əmək fəaliyyətini davam etdirir.
- Harvard Universitetindən məzun olmaq necə bir hissdir? Harvard Universitetinin Təhsil Məktəbindən (“Harvard Graduate School of Education”) məzun olan ilk azərbaycanlı kimi təəssüratlarınız necədir?
- Harvard Universitetindən, xüsusilə, Təhsil Məktəbindən (“Harvard Graduate School of Education”) ilk azərbaycanlı olaraq məzun olmaq qürurvericidir. Hesab edirəm ki, ilk azərbaycanlı olaraq Universiteti fərqlənmə (ÜMG 3.9/4.0) ilə bitirməyim məndən sonra Harvard Təhsil Məktəbində təhsil almaq üçün müraciət edən azərbaycanlılar barədə əvvəlcədən müsbət fikir formalaşmasına, müəyyən mənada, təsir edib. Sevindirici haldır ki, bu tədris ilindən etibarən Harvard Təhsil Məktəbində artıq 3 azərbaycanlı tələbə təhsil almağa başlayıb.
- Harvard sizə nə verdi, hansı bilik bə təcrübələri qazandırdı və tədqiqat mövzunuz, ixtisasınız barədə nə deyə bilərsiniz?
- Əvvəl də qeyd etdiyim kimi, Harvardda ixtisasım “Təhsil siyasəti və təhlili” (“Education Policy and Analysis”) olmuşdur. Təhsil aldığım 1 il müddətində professorlarım tərəfindən mənə təhsildə uğurlu siyasət müəyyənetmənin incəlikləri öyrədildi. İnkişaf etməkdə olan ölkələrdə həyata keçirilmiş uğurlu və uğursuz təhsil siyasətlərinin ilboyu təhlili və müzakirəsi isə əldə etdiyim biliklərin daha da dərinləşməsinə, ən əsası isə Azərbaycanda təhsilin inkişafı üçün hansı addımların atılmalı olduğuna dair önəmli təsəvvür formalaşmasına səbəb oldu.
Əlavə olaraq, Harvardda əldə etdiyim faydalı tədqiqat bacarıqlarını və təhsil aldığım dövrdə apardığım çoxsaylı tədqiqatları vurğulamaq istərdim. Qeyd edim ki, Harvard Təhsil Məktəbində təhsil alan ilk azərbaycanlı olmağın xüsusi məsuliyyətini dərk edərək, bütün fənlər üzrə tədqiqat işlərimi Azərbaycan təhsilinə həsr etdim. Nümunə olaraq, müəllimlərin işə qəbulu və ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqələrin təkmilləşdirilməsi, eləcə də şagirdlərin oxuyub-anlama bacarıqlarının inkişafı istiqamətində apardığım geniş tədqiqatları qeyd edə bilərəm.
- Harvarda bütün dünyadan maraq var. Sizcə, Harvardı fərqli edən əsas xüsusiyyətlər nələrdir?
- Əsas amillər kimi dünyaşöhrətli professorların, geniş tədqiqat imkanlarının, zəngin tədris resurslarının və ümumilikdə, mükəmməl tədris mühitinin mövcudluğunu vurğulaya bilərəm. Dünyanın ən istedadlı və önəmli uğurlara imza atmış gəncləri arasından seçilmiş tələbələrlə birlikdə təhsil almaq, onlarla fikir və təcrübə mübadiləsi aparmaq, yekunda isə Harvardın nüfuzlu məzun şəbəkəsinə qoşulmaq əvəzolunmaz bir fürsətdir.
- Dövlət Proqramının əhəmiyyəti və həyatınızda rolu barədə nə deyə bilərsiniz? Bu barədə düşüncələrinizi bölüşməyinizi xahiş edirik.
- Danılmaz faktdır ki, dünyada minlərlə gənc nüfuzlu ali təhsil müəssisələrinə qəbul olsa da, maddi imkan yetərsizliyi səbəbindən həmin müəssisələrdə təhsil almaq şansından məhrum olurlar. Qeyd edim ki, başqa ölkələrdən olan tələbə yoldaşlarımın əksəriyyəti hər hansı əmlaklarını satmaq və ya yüksək məbləğlərdə kredit götürməklə Harvard təhsillərini maliyyələşdirirdilər. Buna görə də onlar Dövlət Proqramının azərbaycanlı tələbələr üçün yaratdığı imkanlar barədə məndən eşidəndə öz təəccüblərini gizlədə bilmir və azərbaycanlı gənclərin nə qədər şanslı olduğunu söyləyirdilər.
Fürsətdən istifadə edərək, bu imkanı bizə yaratdığı üçün ölkə rəhbərliyinə, o cümlədən Dövlət Proqramının hazırlanması, təsdiqi və icra olunmasında əməyi keçən hər kəsə öz dərin təşəkkürümü bildirirəm!
- Hazırda Dövlət Proqramının müddəti uzadılıb və 2022-2028-ci illər olaraq müəyyən edilib. Siz proqramın müddətinin uzadılmasının əhəmiyyətini necə qiymətləndirirsiniz, gənclərə nə kimi tövsiyələriniz olardı?
- “Qara qızıl”ın insan kapitalına çevrilməsinə xidmət edən belə bir möhtəşəm təşəbbüsün icra müddətinin uzadılması, təbii ki, ancaq sevindirici hal ola bilər. Şübhəsiz ki, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasında xaricdə təhsil üzrə cari və əvvəlki dövlət proqramları mühüm töhfə vermiş və verməkdə davam edir.
Dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq istəyən gənclərə əsas tövsiyəm məqsədyönlü şəkildə və əzmlə öz üzərlərində çalışmalarıdır. Burada “məqsədyönlü” sözünü xüsusi vurğulayıram, çünki belə olmadıqdan sonra yalnızca çox çalışmaq yetərsizdir. Qısamüddətli və uzunmüddətli hədəflərin yer aldığı şəxsi inkişaf planı hazırlamaq və həmin hədəflər üzrə görülən işlərin mütəmadi monitorinqini aparmaq bu istiqamətdə kifayət qədər faydalı ola bilər.
- Ölkəmizdə yeni ali təhsil müəssisələri yaradılıb, Qarabağ və Türkiyə-Azərbaycan, İtaliya - Azərbaycan universitetlərinə qəbul keçirilib. Siz bu yenilikləri necə şərh edərdiniz?
- Çox müsbət qiymətləndirirəm. Bu yeniliklər, Azərbaycanın ali təhsil sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq və bu sahədə regional əməkdaşlığı gücləndirmək istiqamətində atılan əhəmiyyətli addımlardır. Xüsusilə, Qarabağ Universitetinin fəaliyyətə başlaması, inanıram ki, Qarabağ regionunun yenidən qurulmasına, orada insan kapitalının inkişafına, o cümlədən regionda iqtisadi, mədəni və elmi potensialın artırılmasına mühüm töhfə verəcəkdir.
Müxtəlif ölkələrlə əməkdaşlıq sayəsində yaradılan universitetlər mütərəqqi beynəlxalq ali təhsil modellərinin Azərbaycana “idxalına” şərait yaratmaqla, ölkəmizin beynəlxalq ali təhsil məkanına daha sürətli inteqrasiya olunmasına, o cümlədən tədrisin keyfiyyətinin artması və yeni elmi tədqiqatların aparılmasına imkan yaradacaqdır.
- Hazırda bütün dünyada təhsil ən sürətlə inkişaf edən sahədir. Ali təhsildə nə kimi mühüm çağırışları qeyd edərdiniz?
- Hazırda qlobal miqyasda ali təhsildə mühüm çağırışlara texnologiyaların tədris prosesinə uğurlu inteqrasiyası, müasir əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi, akademik əlçatanlığın və inklüzivliyin artırılması kimi məsələləri misal göstərə bilərəm.
- Qarşıdakı illər üçün nə kimi hədəfləriniz var?
- Əsas hədəfim, xaricdə əldə etdiyim bilik və bacarıqlardan da yararlanmaqla, Azərbaycan təhsilinin inkişafına töhfə verməkdir. Növbəti 5-6 il üçün bu yolda mənə əsas bələdçi Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və bu sənəddən irəli gələrək hazırlanmış müvafiq strategiyalar olacaqdır.
- Müsahibəyə görə təşəkkürümü bildirir və bol uğurlar arzulayıram.
Oruc MUSTAFAYEV