Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib.
DİM-dən "Azərbaycan müəllimi"nə bildirilib ki, bu nömrədə 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (Azərbaycan bölməsi – I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə birlikdə bir jurnalda, rus bölməsinin bütün qrupları isə bir jurnalda) dərc olunub. Bu nömrədə, eyni zamanda, həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.
Jurnalları DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Nəşrlərin elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.