Avqustun 22-də Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən “PAŞA Holding” MMC-nin maliyyə dəstəyi ilə həyata keçirilən “Peşəkar qadınlar” layihəsi çərçivəsində “Bərbər” peşə ixtisası üzrə qiymətləndirilmə və tanınma prosesində uğurlu nəticə əldə etmiş ərizəçilərə peşə ixtisasını təsdiq edən sertifikatlar təqdim olunub.
 
TKTA-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbirdə giriş nitqi ilə çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Kamran Rəsulov sertifikat sahiblərini təbrik edərək qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində ötən dövr ərzində görülmüş işlər barəsində, eləcə də, formal təhsilə məhdud çıxış imkanı olan, müxtəlif peşə sahələrində çalışan vətəndaşların bilik, bacarıq, təcrübə və səriştələrinin tanınmasının ölkə iqtisadiyyatının inkişafı üçün əhəmiyyətindən söz açıb.
 
Tədbir zamanı “Peşəkar qadınlar” layihəsinin əsas məqsədinin müxtəlif sahələrdə fəaliyyət göstərən qadınların sosial müdafiəsinin gücləndirilməsinə, o cümlədən, rifahının, özünüməşğulluq və dayanıqlı məşğulluq imkanlarının artırılması, gəlir əldə etmək imkanlarının genişləndirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək verməkdən ibarət olduğu vurğulanıb.
 
Qeyd edək ki, “Bərbər” peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi və tanınması üzrə imtahanlar TKTA və "Schwarzkopf Professional Azerbaijan"nın birgə tərəfdaşlığı çərçivəsində həyata keçirilib.
 
Sonda qiymətləndirilmə və tanınma imtahanlarından uğur əldə etmiş ərizəçilərə peşə ixtisasını təsdiq edən sertifikatlar təqdim olunub və iştirakçılar ilə xatirə fotosu çəkdirilib.