Naxçıvanda ilkdəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada şagird sayı 500-dək olan ümumtəhsil müəssisələri üzrə direktor vəzifəsi üçün keçiriləcək müsabiqəyə sənəd qəbuluna başlanılıb.
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən "Azərbaycan müəllimi"nə bildirlib ki, sənəd qəbulu 26 avqust 2024-cü il tarixinədək davam edəcək.
Müsabiqəyə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi şagird sayı 500-dək olan ümumtəhsil məktəbləri üzrə 17 direktor vəzifəsi çıxarılıb.
Qeyd edək ki, şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul yalnız müsahibə yolu ilə, şagird sayı 151-500 aralığında olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul isə müsabiqə (test və müsahibə) yolu ilə ölkə üzrə mərkəzləşmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.
Məlumat üçün bildirək ki, şagird sayı 500-dən artıq və Təhsil Nazirliyinə birbaşa tabe təhsil müəssisələrində vakant olan direktor vəzifələrinə qəbul isə analoji olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq edilən qaydalara uyğun aparılacaq.
Namizədlər ümumtəhsil müəssisələri üzrə vakansiyalarla linkindən tanış ola bilərlər.