Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş Təhsilin İnkişafı Forumu (TİF2024) "Tərəfdaşlıqdan Tərəqqiyə" konsept mesajı ilə Elm və Təhsil Nazirliyi, Təhsilin İnkişafı Fondu, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 8 oktyabr 2024-cü il tarixdə Gülüstan Sarayında təşkil olunacaq.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, forumun əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafına töhfə verməkdən ibarətdir. Eyni zamanda, dövlət-özəl əməkdaşlığı çərçivəsində layihələrin təşviqi, akademik təsisatların sənaye qurumları ilə fəaliyyətlərinin inteqrasiyası, insan kapitalının inkişafı tədbirin əsas mövzuları sırasındadır.
 
Tədbir 3 panel üzrə peşəkar moderator və spikerlərin iştirakı ilə baş tutacaqdır. Dövlət-universitet və sənaye arasında əməkdaşlıq modellərinə nümunə olaraq müştərək tədqiqat mərkəzlərinin yaradılması və fəaliyyəti, tədqiqatlar üzrə tərəfdaşlıq, texnologiyanın transferi, inkubator və innovasiya mərkəzləri, sənaye təcrübə proqramları müzakirə mövzuları arasındadır.
 
Təhsilin İnkişafı Forumu ilk dəfə olaraq “Təhsildən tərəqqiyə” konsept mesajı ilə 1 noyabr 2023-cü ildə 350-dən artıq nümayəndənin iştirakı ilə keçirilmişdir. Forumdan sonra bir sıra ali təhsil müəssisələri Bakı və regionlarda sənaye qurumları ilə faydalı əməkdaşlıqlara start vermiş və səmərəli layihələr həyata keçirmişlər. Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti, iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişaf perspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.
 
Təhsilin İnkişafı Fondu təhsilin bütün pillələrində təhsilalanlara və təhsilverənlərə yönəlik müxtəlif layihələr həyata keçirir, infrastruktur layihələri icra edir və təhsil sahəsində dövlət-özəl tərəfdaşlığını təşviq edir.
 
Tədbir haqqında ətraflı məlumatı www.tif.az rəsmi veb saytı və sosial media hesablarından əldə etmək mümkündür.
 
 
 
 
Tərəfdaşlıqdan tərəqqiyə siz də qoşulun!