Cövdət Hacıyev adına musiqi məktəbinin şagirdi və xoru müsabiqənin qalibi olub


Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbi Azərbaycanın görkəmli bəstəkarı Cövdət Hacıyevin xatirəsinə həsr olunmuş birinci “Florida keys” beynəlxalq musiqi yarışmasında ölkəmizi təmsil edib.

 

Müsabiqədə məktəbin vokal ixtisası üzrə onuncu sinif şagirdi Məhəmməd Məmmədov və “Renesans” xoru öz nominasiyaları üzrə birinci yerə layiq görülüblər. Müsabiqənin qala-konsertində M. Məmmədov Azərbaycanı layiqincə təmsil edib. Qaliblərə pul mükafatları, Azərbaycan kəlağayıları və milli suvenirlər hədiyyə edilib, müsabiqənin laureatları isə Vyana şəhərində ustad dərslərində və “Mozart’s House”da konsertdə iştirak etmək imkanı əldə ediblər.

 

Müsabiqənin məqsədi dünyanın hər yerindən gənc istedadlı musiqiçilərin üzə çıxarılması və təbliğidir ki, bu da onlara Nyu-Yorkun məşhur “Carnegie Hall”un səhnəsində çıxış etməyə imkan yaradır. Bundan başqa, təşkilatçıların məqsədi Azərbaycanın zəngin musiqi mədəniyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdır.

 

Qeyd edək ki, müsabiqəyə bu ilin əvvəlində start verilib, musiqiçilər iştirak üçün öz çıxışlarını onlayn təqdim ediblər. Ümumilikdə müsabiqəyə 15 ölkədən və ABŞ-ın 5 ştatından 70-ə yaxın iştirakçı qatılıb. Onlardan 5-23 yaş arası iştirakçılar fortepiano və simli alətlər, 5-32 yaşarası iştirakçılar isə ansambl və vokal nominasiyaları üzrə yarışıblar.