Peşə təhsili alanlardan biri də sən ol!
 
İyulun 29-da peşə təhsili müəssisələrinə 2024-2025-ci tədris ili üzrə tələbə qəbuluna başlanılıb. Bu münasibətlə brifinq keçirən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə qəbul planı, yeni tədris ilində gözlənilən yeniliklər, son bir neçə ilin müqayisəli təhlilini təqdim edib.
 
Sənədlərini hazırla, qəbul başladı
 
Beləliklə,  növbəti tədris ilində peşə təhsili almaq istəyən şəxslər avqustun 12-dək portal.edu.az  platformasında qeydiyyatdan keçməlidirlər. Elektron qeydiyyat zamanı lazım olacaq  sənədləri hazır saxlamaq lazımdır. Sənədlərin siyahısını təqdim edirik:
 
* Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini);
*  Təhsil haqqında sənəd (attestat);
*  Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd.
 
 
Naxçıvan da tələbə qəbuluna elektron qaydada qoşuldu
 
Ceyhun Kərəmov bu il ilk dəfə olaraq Naxçıvanda da tələbə qəbulunun elektron şəkildə həyata keçiriləcəyini bildirib: “Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistemdə təsdiqlənir. Qəbul ilk və texniki peşə təhsili səviyyələri üzrə ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında, yüksək texniki peşə təhsili səviyyəsi üzrə isə buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir. 
 
Bu müsabiqəyə qatılsan...
 
“Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə edilən bu müraciətlərin nəticələri barədə məlumat həm “şəxsi kabinetim” bölümündə yerləşdiriləcək, həm də SMS vasitəsilə təqdim ediləcək. 
Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərinin əslinin təqdim etmək üçün dəvət olunacaqlar.
 
Peşə təhsilində artım dinamikası: yer sayı da artdı, ayrılan vəsaitin məbləği də
 
Peşə təhsili müəssisələrinə tələbə qəbulunda artan dinamika davam edir. C.Kərəmovun müqayisə üçün verdiyi rəqəmlərə görə, 2020-ci ildə 14795 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub. Növbəti tədris ilində qəbul olunanların sayı 12.1 faiz artaraq 16590 olub. Bu, əvvəlki illə müqayisədə 1795 nəfər çox idi. 2022-ci ildə qəbul olunan tələbələrin sayı 2453 nəfər daha çox idi və 19043 nəfər olmuşdu. Ötən il tələbə qəbulu prosesindən 20563 nəfər uğurla keçib və 13 faiz artım müşahidə olunub. 
Son illərdə dövlət sifarişli yerlərin sayında 64 faiz artım müşahidə edilib. Belə ki, 2021-2022-ci tədris ilində 16040 yer ayrılmışdısa, 2022-2023-cü tədris ilində bu rəqəm 18290, ötən il isə 23185 yer olub: “2024-2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas olmaqla 30960 plan yeri üzrə aparılacaq. Bu yerlərdən 23185-i dövlət sifarişli, 7775-i isə ödənişlidir”.
Bu il 2660 yer yüksək texniki, 25640 yer texniki və 2660 yer ilk peşə təhsilinə ayrılıb.
Qəbul planının 61.4 faizi regionlar üzrə paylanıb, 38.6 faizi isə Bakıdakı peşə təhsili müəssisələrinin payına düşüb. 
C.Kərəmov peşə təhsili səviyyəsində tələbə qəbulunda olduğu kimi, ayrılan vəsaitin də artdığını deyib. Belə ki, peşə təhsilinə 2020-ci ildə 49, 2021-ci ildə 50, 2022-ci ildə 62, 2023-cü ildə 64 və nəhayət, 2024-cü ildə 74 min manatdan artıq vəsait ayrılıb.
 
 
9 yeni ixtisas var
 
Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Bu il bildiyimiz ixtisaslarla yanaşı, qarşınıza yeni ixtisaslar da çıxacaq. Yeni ixtisaslar siyahısında “Dronların texniki xidmət və təmiri üzrə texnik”, “Kargüzarlıq və ofis xidmətləri üzrə mütəxəssis”, “Qida və içki üzrə mütəxəssis”, “Elektrik və hibrid avtomobillərin təmiri”, “Hava nəqliyyatı üzrə nəqliyyat sistemlərinin texniki istismarı”, “Alternativ enerji qurğu və avadanlıqlarının istismarı”, “Günəş panelləri quraşdırıcısı və təmirçisi”, “Tibbi avadanlıqların təmiri və xidmət elektromexaniki”, “Suvarma maşınları və nasos qurğuları maşinisti” kimi müasir ixtisaslar əksini tapıb.
 
Ən çox bu peşələrə yer ayrılıb
 
Amma ən çox yer ayrılan ixtisaslar siyahısında ənənəvi olanlar üstünlük təşkil edir. Ən çox yer ayrılan ixtisaslardan biri aşpazlıqdır. “Elektrik qaz qaynaqçısı”, “Əməliyyatçı-mühasib”, “Elektrik avadanlıqlarına xidmət” və “Təmir üzrə elektrik mantyoru”, “Dərzi”, “Bərbər-vizajist-manikürçü”, “Qrafik dizayner”, “Avtomobillərin təmiri çilingəri”, “Kompüterlərin təmiri və xidmət üzrə texnik”, “Geyim üzrə dizayner” növbəti tədris ilinin ən tələb olunanlarıdır.
 
Ən çox yer ayrılan müəssisələr
 
Ayrılan plan yerlərinin çoxu Dövlət Peşə Təhsil mərkəzlərindədir. Bu siyahıya Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi (2200 yer) rəhbərlik edir. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 1140, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə 1080, Mədəniyyət və Sənətkarlıq, həmçinin Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzlərinin hər birinə 1040 yer ayrılıb. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 980, Bərdə Dövlət Peşə Təhsil Mərkəzi 920, Gəncədəki Sənaye və Texnologiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzi 880, Ticarət və Xidmət üzrə Dövlət Peşə Təhsil Mərkəzi 820 yer alıb. Bu il İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə 680  yer ayrılıb.
 
DUAL təhsil modeli 17 regionda
 
Növbəti tədris ilində dual peşə təhsili 17 regionda təşkil ediləcək. 25 peşə təhsili müəssisəsində 33 ixtisas üzrə dual təhsil proqramı əsasında kadr yetişdiriləcək. 79 qrupda 1580 tələbə bu təhsil proqramı əsasında təhsil alacaq. 
C.Kərəmov bildirib ki, bu proqram çərçivəsində 120 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.
 
 
İkinövbəli tədrisə keçən müəssisələr
 
Növbəti tədris ilindən peşə təhsil müəssisələrinin bir neçəsi ikinövbəli tədris sisteminə keçəcək. Dəmir yolu və metropoliten üzrə BDPTM, Emal sənayesi üzrə BDPTM, Texnika və Texnologiyalar üzrə BDPTM, Turizm və Sosial Xidmətlər üzrə BDPTM, Sənaye və İnnovasiyalar üzrə BDPTM, Rabitə və İnformasiya Texnologiyaları üzrə, Mədəniyyət və Sənətkarlıq üzrə, İctimai iaşə və xidmət üzrə, Aviasiya və avtomobil nəqliyyatı üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzləri ikinövbəli tədrisə keçəcəklər.
 
Qadınların peşə təhsilində iştirakı artır
 
“Beş ildir ki, məqsədlərimizdən biri də qadınların peşə təhsilində inkişafını artırmaqdan ibarətdir”, - deyən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun sözlərinə görə, builki hədəf qəbulun 40 faizinin qadınlardan ibarət olmasını təmin etməkdir.
2021-2022-ci tədris ilində peşə təhsilində qadınlar 29.60 faiz təşkil edirdi. 16590 tələbənin cəmi 4911-i qadınlar idi. 2022-2023-cü ilində peşə təhsili müəssisələrinə qəbul olunan 19043 nəfərin 6164-ü qızlardan ibarət idi. Yəni qızlar tələbələrin 32.45 faizini təşkil edirdi. Ötən tədris ilində peşə təhsili müəssisələrindəki qızların nisbəti 33.71 faizə çıxdı. Belə ki, 20563 yeni qəbul olunanın 6931-i qızlar idi. C.Kərəmov ümid edir ki, bu il “daha çox qızlarımız, qadınlarımız peşə təhsilinə müraciət edəcək”.
 
 
“Böyük Qayıdış” müəssisələri
 
2023-2024-cü tədris ilində peşə təhsili müəssisələrində təhsil alan keçmiş məcburi köçkünlərin sayı 1200 nəfər olub.  
İşğaldan azad edilən ərazilərdə peşə təhsili müəssisələrinin fəaliyyətə başlaması ilə əslən bu regiondan olan və elə bu torpaqlarda yaşayan təhsilalanların da sayı artacaq.
Məsələn, 400 tələbə tutumlu 12 emalatxana, 86 yerlik yataqxanadan ibarət Şuşa Dövlət Peşə Təhsil Mərkəzində “Daş memarlıq abidələrinin bərpaçısı”, “Bədii tikmə ustası”, “Musiqi alətlərinin ustası” ixtisasları ölkəmizdə ilk dəfə tədris olunacaq. 
850 yerlik Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin hələ ixtisasları bəlli olmasa da, 34 emalatxana, 100 yerlik yataqxanadan ibarət olacağı qətiləşib.
“Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə təhsili müəssisələrinin layihələndirmə mərhələsi davam edir.
 
Ruhiyyə DAŞSALAHLI