2024-2025-ci tədris ili üçün "Peşə təmayüllü siniflər"də ixtisas müəllimi olmaq üçün 1873 nəfər imtahan verəcək. Test imtahanı avqustun 6-da keçiriləcək.
Bu barədə “Azərbaycan müəllimi”nə "Peşə təmayüllü siniflər" layihəsindən məlumat verilib. Bildirilib ki, yalnız tələblərə uyğun namizədlər ikinci mərhələdə imtahanlarda iştirak etmək hüququ qazanıb. Bu barədə onlara SMS vasitəsilə məlumat verilir.
İmtahan müvafiq peşə ixtisas modulları üzrə 40 sual, tədris metodologiyası və təlim strategiyaları üzrə 20 sualdan ibarət olacaq.
İmtahanlardan uğurla keçənlər müsahibəyə dəvət ediləcək və ən yüksək nəticə toplamış namizədlər əməkdaşlığa cəlb olunacaqlar.
İşə qəbul edilmiş şəxslər sentyabr ayından əmək fəaliyyətinə başlayacaqlar.
Xatırladaq ki, müsabiqənin ilk mərhələsi iyulun 29-da yekunlaşıb. Müraciətlər üçün ayrılan müddət başa çatıb və peşə təmayüllü siniflərdə yeni açılacaq 4 pilot peşələr də daxil olmaqla 16 peşə ixtisası üzrə 462 vakant yerə 4000 nəfərdən çox şəxs müraciət edib.