Salyan Tarix-Diyarşünaslıq Muzeyində 1 avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Dahi Azərbaycan şairi Füzulinin söz dünyası” adlı tədbir təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhərrəm Məmmədov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri yazıçı-publisist Nəbi İbrahimov, eləcə də rayon ictimaiyyəti və ziyalılar, ədəbiyyat-şeir həvəskarları iştirak ediblər.
Əvvəlcə Salyan Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Məhərrəm Məmmədov çıxış edərək ana dilimizin keçdiyi inkişaf yolundan və göstərilən dövlət qayğısından bəhs edib, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün milli təqvimə daxil edilməsini tarixi hadisə kimi dəyərləndirib.
Daha sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri yazıçı-publisist Nəbi İbrahimov bildirib ki, Azərbaycan dili xalqımızın milli sərvətidir və millətimiz, tarix durduqca bu sərvətin qayğısına qalmalı, dilimizi gələcək nəsillərə ötürməlidir.
Nəbi İbrahimov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir.
Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün yaranma tarixindən, keçdiyi inkişaf mərhələsindən, dilimizin tarixin müxtəlif dövrlərində ərəb-fars dillərinin təsirinə məruz qalmasından, sovet hakimiyyəti dövründə tariximizə, eləcə də dilimizə qarşı yeridilən yadlaşdırma siyasətindən danışıb.
Bu əlamətdar günün Ulu Öndər Heydər Əliyevin Fərmanına əsasən təsis edildiyini söyləyən direktor vurğulayıb ki, Azərbaycan dilinin dövlət dili kimi qəbul olunması və inkişafı Ümummilli Liderin adı ilə bağlıdır. Dahi rəhbər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli varlığın əsas amili kimi daim diqqət mərkəzində saxlayıb. Hələ sovetlər dönəmində Moskvanın təzyiqlərinə baxmayaraq, xalqımızın böyük oğlu Ulu Öndər Heydər Əliyev misilsiz cəsarət göstərərək 1978-ci ildə Azərbaycan dilinin Azərbaycan SSR Konstitusiyasında dövlət dili kimi təsbit olunmasına nail olub.
“Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Liderin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir”, - deyən professor Nadir Məmmədli qeyd edib ki, Heydər Əliyevin 2001-ci il iyulun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanlar ana dilimizin qorunması və inkişafı baxımından göstərdiyi misilsiz xidmətlərdəndir. Direktor əlavə edib ki, 2003-cü il yanvarın 2-də Ulu Öndər Heydər Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.
Professor Nadir Məmmədli vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixində imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək mühüm işlərin həyata keçirilməsinə şərait yaradıb. Bundan başqa, dövlət başçımızın “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.
Azərbaycan dilinin milli müstəqilliyin, suverenliyin, Azərbaycan ideologiyasının əsaslarından biri olduğunu söyləyən Nadir Məmmədli millətin dilinin onun milliliyini ən birinci təsdiq edən amil olduğunu bildirib.
O, həmçinin Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsəri haqqında da ətraflı məlumat verərək bu əsərin ilk dəfə ərəb dilindən Azərbaycan dilinə özbək əsilli məşhur Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən tərcümə edildiyini diqqətə çatdırıb. Professor Nadir Məmmədli Xalid Səid Xocayevin kitabın tərcüməsinə görə “əksinqilabi pantürkist təşkilatın üzvü kimi Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnməyə məhkum edildiyini və bununla da əsərin itmiş hesab olunduğunu bildirib. O, “Divanü lüğat-it-türk” əsərinin 86 ildən sonra - 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapıldığını qeyd edib.
Bu əsərin türk dillərinin tarixi inkişafını, tarixi leksikologiyasını öyrənməkdə, müqayisəli qrammatikasını tərtib etməkdə əvəzsiz mənbə olduğunu vurğulayan direktor bildirib ki, nəşrdə XI əsrdə türklərin yaşaması haqqında məlumatlar yer alıb, bugünkü türk xalqlarının tarixi geniş əks olunub. Onun sözlərinə görə, əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verən, XI əsrin əvvəllərində türk tayfalarının ləhcələri haqqında geniş məlumat verən dialektoloji-etnoloji kitabdır.
Daha sonra professor Nadir Məmmədli AMEA Rəyasət Heyətinin qərarı ilə 3 cilddə çapdan çıxmış “Divanü lüğat-it-türk” kitabını AMEA prezidenti, akademik İsa Həbibbəylinin adından Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxanasına hədiyyə edib.
Tədbirdə Salyan şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Dilçilik İnstitutunun dissertantı Günel Orucova, tanınmış şair Zabil Pərviz, tarixçi-tədqiqatçı Sahib Həsənov, Salyan rayon “Qələbə” qəzetinin əməkdaşı şair-publisit Əzizağa Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Oqtay Sarıcalı və Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva çıxış edərək ana dilimizin zənginliyindən, poetik ifadəliyindən bəhs edib, Azərbaycan dilinin istifadə imkanları, eləcə də formalaşması və təkmilləşməsi ilə bağlı fikirlərini bölüşüblər.
Çıxışlarda Azərbaycan dilinin xalq danışıq dili kimi keçdiyi zəngin inkişaf tarixinə nəzər salınıb, görkəmli mütəfəkkirlərin ana dilimiz haqqında fikirləri təhlil olunub, dilimizin qorunub saxlanmasında elm adamlarının, xüsusilə gənc nəslin üzərinə düşən vəzifələrdən bəhs edilib.
Tədbirə bədii proqramla yekun vurulub.