NDU-da keçirilən tədbirdə tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Beynəlxalq tələbə həftəsi çərçivəsində Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamını diqqətə çatdırıb.
Fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova Beynəlxalq tələbə həftəsi münasibətilə tələbələri təbrik edib. Vurğulanıb ki, əsərlərində forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi əks olunan Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilən məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşayır.
Sonra bədii hissədə şairin həyat və yaradıcılığını əks etdirən kompozisiya nümayiş etdirilib. Şairin şeirlərindən ibarət bədii qiraət, şeirlərinə bəstələnmiş mahnılar tədbirə xoş ovqat bəxş edib.
Beynəlxalq tələbə həftəsi çərçivəsində tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.