Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 9 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır.
 
İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, paytaxtdakı 313 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, əsas korpusun əsaslı təmiri, 57, 68, 141, 151 nömrəli məktəblərin sökülərək yenidən inşası, 59 və 324 nömrəli məktəblərin, 328 nömrəli uşaq bağçasının və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam edir.
 
Eləcə də ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir.
 
Onu da qeyd edək ki, Azərbaycanda məktəb infrastrukturunun inkişafına və təhsilalanların tədris şəraitinin yaxşılaşdırılmasına xidmət edən dövlət siyasəti sayəsində təhsil müəssisələrinin mütləq əksəriyyəti müasir tələblər səviyyəsində yenidən qurulub.
 
Paytaxt məktəblərində aparılan tikinti və təmir-bərpa işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.