Lənkəran Dövlət Universiteti ilə Afyon Kocatəpə Universiteti arasında Erasmus+ KA171 layihəsi çərçivəsində bağlanmış müqaviləyə əsasən, Türkiyə Cümhuriyyətinin Afyon Kocatəpə Universitetinin rektoru, professor Mehmet Karakaşın rəhbərlik etdiyi nümayəndə heyəti 29 iyul tarixində LDU-da olub. 
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, qonaqları LDU-nun rektoru, professor Natiq İbrahimov qəbul edib. Söhbət zamanı  rektor Natiq İbrahimov türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti, bu ali təhsil müəssisəsində son illərdə aparılan yeni işlər, genişlənən beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib. 
 
Tərəflər müasir dünyada ali təhsilin məqsəd və vəzifələri, problemləri, perspektivləri, qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi ediblər. 
 
Görüşdə Lənkəran Dövlət Universiteti ilə Afyon Kocatəpə Universiteti arasında İkili əməkdaşlıq və Erasmus+ müqaviləsi imzalanıb. Müqavilələrdə ikili əməkdaşlıqların gücləndirilməsi, birgə elmi konfransların təşkili, tələbə-müəllim mübadiləsi, İkili diplom layihəsinin həyata keçirilməsi üçün müvafiq işlərin görülməsi, Erasmus+ proqramı çərçivəsində tələbə-müəllim heyətinin mobilliyinin artırılması və s. məsələlər əksini tapıb.
 
Türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti ilə əyani tanışlıq imkanı yaradılıb. Afyon Kocatəpə Universitetinin rektoru Mehmet Karakaş və onun LDU-ya səfərində müşayət edən şəxslər Lənkəran Dövlət Universitetinin tədris korpusları, laboratoriyaları, Turizm tədris bazası, fənn kabinələri, tələbə yataqxanaları və s. ilə tanış olublar.