Bakı Mühəndislik Universiteti (BMU) və INHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramının (IDP) 122 tələbəsi Koreya Respublikasında təşkil olunan 3 həftəlik yay məktəbində iştirak edəcək.
 
Bu barədə "Azərbaycan müəllimi"nə BMU-dan məlumat verilib. Ümumilikdə üç qrup olmaqla mərhələli şəkildə yola düşən tələbələrə BMU rektorunun müşaviri İsrafil Hacıyev, kompüter və informasiya texnologiyaları kafedrasının müəllimi Əfsanə Quliyeva, mühəndislik fakültəsinin tyutoru Fəqan Əmənullazadə rəhbərlik edir.
 
İyulun 29-dan avqustun 16-dək davam edəcək yay məktəbinin təşkili “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində BMU və INHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramının əsas istiqamətlərindən biridir. Yay məktəbində iştirak xərcləri Dövlət Proqramı tərəfindən qarşılanır.
 
Xatırladaq ki, ötən il BMU-INHA ikili diplom proqramının 118 tələbəsi Koreya Respublikasında təşkil olunan 3 həftəlik yay məktəbində iştirak edib.