Bu il Azərbaycan Parisdə keçiriləcək XXXIII Yay Olimpiya Oyunlarında 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunur. Onlardan 24-ü Azərbaycan İdman Akademiyasının tələbə və məzunlarıdır.
 
"Azərbaycan müəllimi" xəbər verir ki, təmsilçilərimiz yarışlarda güllə atıcılığı, bədii gimnastika, bədii gimnastika (qrup hərəkətləri komandası), batut gimnastikası, cüdo, üzgüçülük, boks və güləş (yunan-Roma güləşi, sərbəst güləş) yarışlarında güclərini sınayacaqlar.
 
Belə ki, builki Olimpiya Oyunlarında İdman Akademiyasının 10 tələbəsi (Nicat Hüseynov (boks), Zöhrə Ağamirova (bədii gimnastika), Selcan Mahsudova (batut gimnastikası), Ləman Əlimuradova (bədii gimnastika (qrup hərəkətləri komandası), Yelizaveta Luzan (bədii gimnastika (qrup hərəkətləri komandası), Güllü Ağalarzadə (bədii gimnastika (qrup hərəkətləri komandası), Darya Sorokina (bədii gimnastika (qrup hərəkətləri komandası), Ramil Vəlizadə (üzgüçülük), Balabəy Ağayev (cüdo), Yaşar Nəcəfov (cüdo) və 14 məzunu (Ruslan Lunyov (10 m, pnevmatik tapança), Malik Həsənov (boks), Murad Allahverdiyev (boks), Məhəmməd Abdullayev (boks), Əliabbas Rzazadə (sərbəst güləş), Hacı Əliyev (sərbəst güləş), Turan Bayramov (sərbəst güləş), Murad Məmmədov (yunan-Roma güləşi), Həsrət Cəfərov (yunan-Roma güləşi), Sənan Süleymanov (yunan-Roma güləşi), Rafiq Hüseynov (yunan-Roma güləşi), Hidayət Heydərov (cüdo), Leyla Əliyeva (cüdo), Gültac Məmmədəliyeva (cüdo)) iştirak edir.
 
Olimpiya təmsilçilərimizə uğurlar arzulayan Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev tələbələrimizin Olimpiya Oyunlarındaki iştirakı ilə bağlı bildirib ki, Azərbaycan İdman Akademiyası olaraq tələbələrimizin həm idman, həm də təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən qürur duyuruq. Bizim məqsədimiz gənclərimizin yüksək səviyyəli idmançılar və savadlı vətəndaşlar kimi yetişməsinə töhfə verməkdir. Bu yolda hər bir tələbə və məzunumuza uğurlar və qələbə sevinci yaşamağı arzu edirik.
 
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasındaki qərarına əsasən XXXIII Yay Olimpiya Oyunlarının Parisdə keçirilməsi qərarlaşdırılıb. Budəfəki olimpiadada 32 idman növü üzrə 329 medal dəsti oynanılacaq. Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək keçiriləcək.