Məktəblər arasında təşkil olunmuş dama yarışının mükafatlandırma mərasimi keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, yarış “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan Yay məktəbinin 5 və 6-cı sinif şagirdlərini əhatə edib.
"Təhsil" Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi və “Məktəblinin dostu” layihəsinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən yarışın məqsədi məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, məktəblərarası əməkdaşlığın gücləndirilməsi və damaçıların oyun təcrübələrinin artırılmasından ibarətdir.
Oyun ümumilikdə 3 turdan ibarət olub. 70 məktəbin qatıldığı yarışda 136 şagird iştirak edib. 72 şagird isə II tura keçib.
İsveçrə sistemi üzrə təşkil olunan final mərhələsində 18 oğlan və 17 qız yarışıb.
Yarışa həmçinin ilk dəfə layihənin tətbiq olunduğu Gəncə və cənub zonasında fəaliyyət göstərən məktəblərdən 6 şagird qatılıb.
Oğlanlar arasında keçirilən yarışda ilk 3, eyni zamanda qızlar arasında keçirilən yarışda ilk 3 yerin qalibi müəyyənləşdirilib.
Oğlan iştirakçılardan
- 1-ci yerin qalibi Sarıyev Cavid (Məktəb Lisey Kompleksi),
- 2-ci yer Məsimov Fərid (245 nömrəli məktəb),
- 3-cü yerin qalibi Məmmədov Camaldır. ( Gəncə 39 nömrəli tam orta məktəb)
Qız iştirakçılar arasında
- 1-ci yerin qalibi Ağayeva Fatimə (244 nömrəli tam orta məktəb),
- 2-ci yerin qalibi Osmanova Fidan (20 nömrəli tam orta məktəb)
- 3-cü yerin qalibi Əkbərli Həmaildir (284 nömrəli məktəb).
Bütün iştirakçılara sertifikatlar təqdim olunub. Qaliblərə isə diplom və müxtəlif hədiyyələr verilib.