Bakı Dövlət Universiteti (BDU) və “Kapital Bank”ın birgə təşkilatçılığı ilə bankın yaranmasının 150 illik yubileyi çərçivəsində BDU-nun Quba Tədris-Təcrübə və İstirahət Mərkəzində “Doğru yolun başlanğıcı” adlı təlim proqramı təşkil olunub.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, proqram çərçivəsində “Kapital Bank”ın əməkdaşları tərəfindən BDU tələbələri üçün “Şəxsi inkişaf”, “Biznesin qurulması və idarə edilməsi”, “İş mühitində kollektivlə işləmə bacarıqları”, “Karyera planlaması və yüksəlişi” kimi mövzularda təlimlər, açıq havada əyləncəli oyunlar keçirilib.
 
Sonda fərqlənən bir qrup tələbə “Kapital Bank” tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
 
Bununla bağlı mərasimdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev universitetdə həyata keçirilən sosial layihələrdən danışıb, "Kapital Bank"la birgə layihənin gənclərin karyera quruculuğunda faydalı olacağını bildirib.
 
Qeyd edək ki, təlim proqramında “BDU könüllüləri” təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Gənclər Təşkilatının 100-dən çox üzvü iştirak edib.