19 iyul 2024-cü il tarixində ADA Universitetində keçirilən 18-ci Bakı Yay Enerji Məktəbi sertifikatların təqdimetmə mərasimi ilə yekunlaşıb.
 
ADA Universitetindən "Azərbaycan müəllimi"nə bildirilib ki, iki həftəlik intensiv enerji kursu ADA Universiteti Fondu, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), bp Azərbaycan, GL Group, KOLIN Azerbaijan və Gürcüstan Texniki Universiteti ilə birgə təşkil olunub.
 
Proqram 2024-cü il iyulun 8-dən 19-dək bir həftə Bakıda, bir həftə isə Gürcüstanın paytaxtı Tbilisidə keçirilib. Bu proqram iştirakçılara enerji məsələləri və Yaşıl Enerji Dəhlizi üzrə regional perspektivləri araşdırmaq imkanı verib. Ənənəvi enerji mənbələri və bərpa olunan enerji mövzularına vahid regional yanaşmanın təmin edilməsində yeni yanaşmalar müzakirə edilib.
 
Builki proqramda Azərbaycan, Çexiya, Çin, Fransa, Macarıstan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Vyetnam, ABŞ və Böyük Britaniyanı təmsil edən 48 iştirakçı olub. Proqram iştirakçıları arasında Çexiya Respublikasının Sənaye və Ticarət Nazirliyi, Səudiyyə Ərəbistanının Energetika Nazirliyi, Vyetnam Neft və Qaz Qrupu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, bp Azərbaycan, GL Group kimi təşkilatların əməkdaşları, Türkiyə Xarici İşlər Nazirliyi, ABŞ və Macarıstanın beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər.
 
Prinston, ADA və Gürcüstan Texniki universitetləri, Atlantik Şura, Beynəlxalq Enerji Agentliyi, Azərbaycan Dövlət Neft Fondu, Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi, Deloitte və digər şirkətlərin ekspertləri geniş spektri əhatə edən enerji mövzuları, o cümlədən bərpa olunan enerji texnologiyaları, enerji siyasəti və davamlı təcrübələr barədə təqdimatlar ediblər. İştirakçılar enerji böhranının idarə edilməsi və bərpa olunan enerji müzakirələri üzrə yenilənmiş perspektivi dərk etmək üçün simulyasiyalarla məşğul olublar. Onlar nəzəri biliklərin tətbiqi ilə bağlı praktiki fikirlər əldə etmək üçün Azərbaycan və Gürcüstanın ən müasir bərpa olunan enerji obyektlərinə ekskursiyalar ediblər.
 
İyulun 14-də iştirakçılar Gürcüstan təcrübəsinə başlayıblar. Azərbaycan-Gürcüstan sərhəddində yerləşən ADA Universitetinin Qazax Mərkəzindən keçərək Tbilisiyə çatan iştirakçılar Azərbaycanın təhsil irsi haqqında dərin təsəvvür əldə ediblər. Gürcü ekspertlərin mühazirələri Gürcüstanın perspektivini, geosiyasi mülahizələrini, regional əməkdaşlığı və onun qlobal enerji bazarlarına təsirini əhatə edib.
 
18-ci Bakı Yay Enerji Məktəbi sertifikatların təqdimetmə mərasimi ilə başa çatıb.
 
Qeyd edək ki, Bakı Yay Enerji Məktəbi qlobal və Xəzər hövzəsinin enerji və ekoloji problemlərini araşdırmaq, daha yaxşı başa düşmək üçün dünyaşöhrətli alimləri, praktikantları və siyasətçiləri bir araya gətirən iki həftəlik sertifikat proqramıdır. İştirakçılar regional boru kəməri və enerji təhlükəsizliyi ilə bağlı inkişaflarla yanaşı, enerjinin əsasları, neft və qaz sənayesində idarəetmə, enerji hüququ və iqtisadiyyatı, eləcə də yaşıl enerji təşəbbüsləri, ekoloji problemlər kimi geniş spektrli məsələlərlə tanış olurlar. COP29 üçün gözləntilər, SOCAR və BP-nin strateji baxışı da proqramın tərkibindədir.