Təəssüflər olsun ki, Azərbaycan ailələri imtahan məsələsində övladlarını aşırı dərəcədə psixoloji təsir altında saxlayırlar ki, bu da uşaqların özlərini daim gərgin və stresli hiss etməsinə gətirib çıxarır


Etiraf edək ki, yaşımızdan asılı olmayaraq hər birimizin həyatı streslidir. Həssas dönəm yaşayan yeniyetmələrin yaşam tərzinə isə bir tərəfdən də ali məktəblərə qəbul imtahanının stresi əlavə olunub.Təbii ki, ali məktəbə qəbul olmaq, sevdiyi ixtisasa yiyələnmək yeniyetmələrin ən böyük arzusudur. Amma təəssüf ki, hər bir gəncə də elə həmin il tələbə adını qazanmaq nəsib olmur və o an gəncin həyatı sanki “darmadağın” olur, tələbəlik ilə bağlı qurduğu xəyallar puça çevrilir. Bundan başqa, öz sinif yoldaşlarının, eləcə də tanıdığı yaşıdlarının ali məktəbə qəbul olunduğunu görəndə depressiyaya düşür, ruh düşkünlüyü, stres yaşayırlar. Çox vaxt da valideynlərinin töhməti, danlağı ilə üzləşmək istəməyən gənclərimiz nə edəcəyini bilmir, bəzən evdən çıxıb gedir, bəzən isə çıxış yolunu intiharda görürlər.
 
Bəs necə etmək lazımdır ki, yeniyetmələrimiz onlar üçün ağrılı olan bu dönəmi daha sakit və stressiz yaşasınlar? 
 
Məsələnin aktuallığını nəzərə alaraq bu dəfə “Azərbaycan müəllimi” Psixologiya Elmi-Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyevanın qəbul imtahanlarından sonra ali məktəblərə qəbul olma ehtimalı az olan gənclərimizlə bağlı fikirlərini, məsləhət və tövsiyələrini diqqətə çatdırır.
       
Bir imtahan nəticəsindən asılı olmayan həyat 
 
Bilirsiniz, həyat bir imtahan nəticəsindən asılı deyil. Hər nə qədər keşməkeşli olsa belə, hər səhvin bizlərə bir təcrübə qazandırdığı və bu təcrübə ilə irəlidə daha da gözəl addımlar atmağımıza səbəb olan bir yoldur.
 
Təəssüflər olsun ki, Azərbaycan ailələri imtahan məsələsində övladlarını aşırı dərəcədə psixoloji təsir altında saxlayırlar ki, bu da uşaqların özlərini daim gərgin və stresli hiss etməsinə gətirib çıxarır. Yeniyetmələr düşünürlər ki, ali məktəbə qəbul imtanlarında az bal toplamaq həyatın sonudur. "Heç kimin üzünə baxa bilmərəm", "mən çox zəifəm, bacarıqsızam", "ailəmə layiq deyiləm", "onların inamını itirdim" və s. yanlış düşüncələrə qapılırlar ki, bu da onların həyatlarına belə qıymalarına gətirib çıxarır. Halbuki valideynlərin missiyası övladlarının bu yanaşmasının yanlış olduğunu göstərmək, onlara həyatın sadəcə bir universitetdən ibarət olmadığını aşılamaqdır. Anlamaq lazımdır ki, tələbə adını qazanmamaq dünyanın sonu demək deyil. 
 
Həvəs və sevgi ilə başlayan hər işin sonu gözəl bitir
 
Psixoloq qeyd edir ki, bir ailədə abituriyent varsa, onun hazırlıq qiymətləri çox zaman həmin ailənin aylıq gəlirindən daha çox olur. Bu zaman istər yeniyetmələr, istərsə də onların valideynləri hər gün, hər ay maddi sıxıntının verdiyi gərginliklə imtahana hazırlaşırlar. Ailədəki maddi çətinliklərlə bağlı dialoqları eşidən uşaq, onu hansı çətinliklərlə hazırlığa göndərildiyini görür. Sonda yeniyetmənin qəbul imtahanında aşağı nəticə göstərməsi onda qorxu, vicdan əzabı, utancaqlıq, məyusluq və s. hisslər oyadır ki, bunun da axırı evdən qaçmaqla, bəzən isə daha dəhşətli hadisə - intiharla nəticələnir. 
 
Zeynəb Əliyevanın sözlərinə görə, ailədaxili müəyyən problemlər aradan qalxarsa, zamanla valideynlərin də gərginliyi, stresi azalar, birinci il qəbul olmayan övladlarına istər psixoloji, istərsə də mənəvi olaraq dəstək olmaqla, ikinci il yenidən hazırlaşmaları üçün şərait yaradarlar. Unutmayaq ki, həvəs və sevgi ilə başlayan hər işin sonu gözəl bitir:
 
“Lakin çox təəssüf ki, valideynlər çox zaman övladlarına bu il daxil olmadınsa, mən növbəti bir il müddətində haradan pul tapıb səni yenidən hazırlığa qoyacam düşüncəsi ilə övladlarına sanki bu imtahan onların son şansıdır kimi yanaşırlar. Qeyd etmək istərdim ki, valideynlər övladlarının tələbə adını qazanmamalarına sanki həyatlarının sonu olaraq yanaşaraq onlara ikinci şansın olmadığını deyirlər. Bu da təbii ki, yeniyetmələrin gələcək həyatlarına mənfi təsir göstərir, onlarda psixoloji travma yaradır”.
 
Əslində isə…
 
Zeynəb Əliyevanın fikrincə, biz övladlarımızı həyatın bütün çətinliklərinə öyrətməli, insan iradəsinin ən çətin situasiyalarda belə maksimalist addım atmalı olduğuna inandırmalıyıq. Adətən daha çox rastlaşdıqları mənzərələrdən birinin də sonadək öz arzu və istəyinin arxasınca getməyən gənclər olduğunu və bunu da onların yenidən cəhd etmə qorxusunun olmasında, cəsarətli olmamasında görən psixoloq əslində bu yanaşmanın yanlış olduğunu söyləyir:
 
“Belə gənclər istər gələcək iş, istərsə də ailə həyatında ilk problemlə qarşılaşdıqları zaman qaçmağı seçirlər və stresə davamlılıqları olmur, qarşılarına çıxan müxtəlif çətinliklərlə mübarizə apara bilmirlər. Belə bir düşüncə tərzi ilə ixtisas seçdikləri zaman “az bal toplasam da yetər ki, haraya olursa, olsun qəbul olum növbəti ilə qalmayım” düşüncəsi ilə seçim edib sonra qəbul olduqları ixtisası sevmədən oxumaq məcburiyyətində qalan gənclərimiz sonda həmin sahədə çalışmaq istəmirlər”.
 
Övladlarınızdan sevginizi və diqqətinizi əsirgəməyin… 
 
Psixoloq qeyd edir:

"Əziz valideynlər yaşadığınız çətinliklərdın asılı olmayaraq övladlarınızı sevin və onları diqqətlə dinləyib, anlamağa, nə hiss etdiklərini duymağa çalışın. Valideynlər övladlarına daim dəstək olmalı, nə olursa olsun onlara olan sevgilərinin azalmayacağını izah etməli, hər zaman onların yanında olduqlarını hiss etdirməlidirlər. Bu zaman gənclərimiz yenidən cəhd etməkdən qorxmaz, imtahanın nəticəsinin necə olmasından asılı olmayaraq, hədəflərindən imtina etməzlər. Bu da onların xarakterik xüsusiyyətlərinə çevrilərək həyat yolunda qarşılaşdıqları ilk çətinliklərdə qaçmağı deyil, mübarizə aparmağı öyrədəcəkdir".
 
                         
Samirə KƏRİMOVA