17-19 iyul 2024 tarixlərində “WorldSkills Azerbaijan” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışması başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqədə ölkəmizin təmsilçiləri ilə yanaşı Qazaxıstan və Özbəkistandan gələn gənclər də daxil olmaqla ümumilikdə 8 yarışmaçı iştirak edib və yarış zamanı 5-i xarici olmaqla toplamda 8 ekspert qiymətləndirmə sessiyasında iştirak edib.
Yarışda birinci yeri ölkəmizin təmsilçisi Kamal Ağayev, ikinci yeri Qazaxıstan təmsilçisi Aleksandra Kolpakova və Özbəkistan təmsilçisi Nazənin İsrailova, üçüncü yeri Azərbaycan təmsilçisi Rüfət Zeynalov və Özbəkistan təmsilçisi Müştəriy Həsənova tutublar.
Qaliblərinin elanı və təltif edilməsi yarışın bağlanış mərasimində, 20 iyul tarixində baş tutub. Həmin tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rüfət Tağızadə, BMT İnkişaf Proqramının rezident nümayəndəsinin köməkçisi Slobodan Tadic və Qazaxıstanın ölkəmizdəki səfirliyinin əməkdaşları da daxil olmaqla bir sıra rəsmi qonaqlar iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, ümumilikdə 16-20 iyul 2024 tarixi aralığını əhatə edən bu yarışın əsas məqsədi cari ilin 10-15 sentyabr tarixlərində keçiriləcək 47-ci beynəlxalq “WorldSkills” yarışlarına milli komandamızın hazırlığını gücləndirmək, ölkəmizdə peşə təhsilinə marağın artırılmasına töhfə vermək və bu sahədə beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Sözügedən yarış “WorldSkills Azerbaijan” platforması tərəfindən təşkil edilən ilk beynəlxalq tədbir olacaqdır. Müsabiqə çərçivəsində ölkəmiz xarici yarışmaçılara ev sahibliyi etməklə bu sahədə bir ilkə imza atır.
Qeyd edək ki, “WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına 85-ci üzv kimi qəbulu ilə qoyulmuşdur. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.
Sözügedən yarış Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi və CASA Kulinariya Mərkəzinin dəstəyi ilə həyata keçirilib.