Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunun ikili diplom proqramının (BMU-İNHA İDP) tələbələri Özbəkistanın Səmərqənd şəhərində səkkiz ölkənin təmsil olunduğu Beynəlxalq Gənclər Eko Düşərgəsində iştirak ediblər.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Dövlət Proqramı İdarəetmə Qrupundan məlumat verilib. Bildirilib ki, II kurs tələbələri Leyla Allahverdiyeva, Səidə Məmmədova və Ayan Cəfərlinin qatıldığı düşərgə qlobal iqlim dəyişikliyi mövzusunda fikir mübadiləsi aparmaq, ekoloji problemlərin həlli istiqamətində təklif və layihələrin təqdim edilməsi məqsədi daşıyıb.
 
Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Macarıstan, Türkiyə və Azərbaycanın ekoloji fəalları düşərgə müddətində bir sıra sessiyalarda iştirak edib, beynəlxalq ekspertlərlə iqlim dəyişikliyi mövzusunda müzakirələr aparıb, eyni zamanda bu ilin noyabrında Bakıda reallaşdırılacaq COP29-da təqdim ediləcək layihələri nəzərdən keçiriblər.
 
Səmərqənddəki İpək Yolu Beynəlxalq Turizm və Mədəni İrs Universitetində iştirakçılar üçün qrup dərsləri də təşkil olunub. Onlar, həmçinin Daşkənd Mərkəzi Asiya Ətraf Mühit və İqlim Dəyişiklikləri Universitetində ekologiya sahəsində aparıcı mütəxəssislərin mühazirələrini də dinləyiblər.
 
Düşərgə Özbəkistanın müvafiq dövlət qurumları, eləcə də UNICEF, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT) və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə reallaşıb.