Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Hacıvar kəndində 456 şagird yerlik məktəb binasının inşasına başlanılıb. 
 
"Azərbaycan müəllimi"nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən verilən məlumata görə, iki mərtəbədən ibarət olacaq məktəbdə 4-ü elektron lövhəli olmaqla, 20-ə yaxın sinif otağı, STEAM və hərbi kabinetlər, kimya, biologiya və fizika laboratoriyaları, kompüter sinifləri, müəllimlər otağı, kitabxana, bufet, yeməkxana, idman zalı və açıq idman qurğuları, oyun meydançası  yaradılacaq.
 
Naxçıvanda əvvəllər inşa olunan məktəb binalarından fərqli dizaynda və müasir üslubda, tam tikinti normalarına uyğun olaraq inşa olunacaq binada qazanxana həyətyanı ərazidə yerləşdiriləcək.
 
Məktəbdə müasirtipli peşə təmayüllü siniflər, akt zalı və xarici dil kabinetinin  yaradılması da nəzərdə tutulub. Hazırda binanın təməlində qazıntı işləri aparılır.  
 
Qeyd edək ki, 252 şagird yerlik Hacıvar kənd tam orta məktəbinin əvvəlki binasının 2005-ci ildə inşa olunmasına baxmayaraq, layihəsinin yararsız olması, inşaat işlərinin keyfiyyətsiz aparılması səbəbindən binada qəzalı vəziyyət yaranmış, istismara yararsız olduğu üçün müvafiq qurumların rəyinə əsasən, 2023-cü ildə söküntüsü həyata keçirilmişdir.