17-19 iyul 2024-cü il tarixlərində “WorldSkills Azerbaijan” İctimai Birliyinin təşkilatçılığı ilə Bakıda “Silk Way Flavor Fest: Baku Edition” adlı beynəlxalq aşpazlıq yarışması keçirilir.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Peşə Təhsil üzrə Dövlət Agentliyindən xəbər verilib. Bildirilib ki, müsabiqədə ölkəmizin təmsilçiləri ilə yanaşı Qazaxıstan və Özbəkistandan gələn gənclər də iştirak edirlər. 
 
Tədbirin əsas məqsədi bu ilin 10-15 sentyabr tarixlərində keçiriləcək 47-ci beynəlxalq “WorldSkills” yarışlarına milli komandamızın hazırlığını gücləndirmək, ölkəmizdə peşə təhsilinə marağın artırılmasına töhfə vermək və bu sahədə beynəlxalq təcrübə mübadiləsinə şərait yaratmaqdır.
 
İndiyə kimi aşpazlıq ixtisası üzrə 3 fərqli təsnifat mərhələsi baş tutmuşdur və 100-dən çox müraciətçi qeydiyyata alınmışdır. Sonrakı mərhələlərdə isə namizədlərin nəzəri və praktiki biliklərini ölçən müsabiqə keçirilmişdir.
 
Sözügedən yarış “WorldSkills Azerbaijan” platforması tərəfindən təşkil edilən ilk beynəlxalq tədbir olacaqdır. Müsabiqə çərçivəsində ölkəmiz xarici yarışmaçılara ev sahibliyi etməklə bu sahədə bir ilkə imza atır.
 
Qeyd edək ki, “WorldSkills Azerbaijan” platformasının əsası 2020-ci ilin oktyabr ayında Azərbaycanın “WorldSkills International” təşkilatına  85-ci üzv kimi qəbulu ilə qoyulmuşdur. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan “WorldSkills” hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.
 
Sözügedən yarış Aİ tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilən “Gələcək üçün peşə təhsili və təlimi: Azərbaycanda qabaqcıl peşə təhsili mərkəzlərinin yaradılmasına dəstək” layihəsi və CASA Kulinariya Mərkəzinin dəstəyi ilə həyata keçirilir.