Böyük Britaniyanın Vorvik Universitetində IUPAC-ın təşkilatçılığı ilə 50-ci “Dünya polimer konqresi” (MACRO-2024) keçirilib. Beynəlxalq tədbirdə Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU) fizika və kimya kafedrasının müəllimi Rəna Xankişiyeva təmsil edib.
 
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, R.Xankişiyeva “Epoksidləşmiş akrilonitril butadien kauçukunun sintezi və onun qamma şüalanması ilə alınan BNK/EPDM qarışıqlarının mexaniki xüsusiyyətlərinə təsiri” (Synthesis of epoxidized acrylonitrile butadiene rubber and its impact on the mechanical characteristics of nbr/epdm blends through gamma irradiation-induced crosslinking) mövzusunda məruzə ilə çıxış edib və mövzu ərafında verilən sualları cavablandırıb.
 
IUPAC tərəfindən təşkil olunan bu nüfuzlu elmi konqresə polimer sahəsində çalışan 61 ölkədən 1200 iştirakçı qatılıb. Tədbirdə smart polimerlər, davamlı gələcək üçün bərpa olunan resurslardan alınan polimerlər, bioloji parçalana bilən polimerlər, polimerlərin emalı, modelləşdirilməsi, simulyasiyası və digər aktual mövzular ətrafında çıxışlar dinlənilib.