Ümumi təhsil müəssisələrində metodik işin qurulması məqsədilə Təhsil İnstitutu tərəfindən təşkil edilmiş “Müasir metodist” müsabiqəsi çərçivəsində keçirilən təlimlər davam edir.
 
Bu barədə "Azərbaycan müəllimi"nə Təhsil İnstitutundan bildirilib ki, müsabiqənin müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər üçün metodistlərin hazırlanması istiqamətində təlimlər davam edir. 8 iyul tarixindən başlanan təlimlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Regional Təhsil İdarələrinin tabeçiliyində olan ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, xarici dil və riyaziyyat müəllimləri iştirak edirlər.
 
Təlimin məqsədi ümumi təhsil müəssisələrində metodiki işin təşkilinə cəlb olunacaq metodist namizədlərin metodiki bacarıqlarının inkişaf etdirilməsi, metodist fəaliyyəti üçün zəruri olan nəzəri, praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
 
Namizədlər təlimin indiyə qədər olan hissəsində XXI əsr müəllimi üçün zəruri olan bacarıqlara yiyələnmək, fənn kurikulumları və standartlarla işləmək, məktəbdaxili qiymətləndirmə, şagirdlərdə təfəkkürü inkişaf etdirən tapşırıqlar hazırlamaq, şagirdlərin fərdi göstəricilərinə uyğun olaraq təlimin müxtəlif komponentlərini diferensiallaşdırmaq, müxtəlif təhsil nəzəriyyələrinin praktik əhəmiyyətini anlamaq və tətbiq etmək bacarığını formalaşdırmaq məqsədilə interaktiv fəaliyyətlərdə iştirak ediblər. Praktik əsaslı təlimdə müəllimlər kiçik qruplar və fərdi şəkildə tapşırıqları yerinə yetirir, aktiv müzakirələrdə iştirak edir, real situasiyalara əsaslanan problem əsaslı öyrənmə vasitəsilə bacarıqlarını təkmilləşdirirlər.
 
Təlimin növbəti günlərində müdavimlərin metodiki bacarıqlarının, metodistin əsas xüsusiyyətlərindən olan yumşaq bacarıqların, idarəetmə, liderlik və metodist fəaliyyəti üçün zəruri olan digər bacarıqların inkişaf etdirilməsi nəzərdə tutulur.
 
Qeyd edək ki, müsahibədən uğurla keçən bütün namizədlərin mərhələli şəkildə təlimlərə cəlb olunması nəzərdə tutulub.