Bakı Dövlət Universitetinin (BDU) aliminin məqaləsi beynəlxalq impakt-faktorlu jurnalda dərc olunub.
 
Universitetdən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin dekanı professor Ziyatxan Əliyevin həmmüəllifi olduğu “Dördüncü tərtib adi diferensial tənliklər üçün bəzi qeyri-xətti sərhəd məsələlərinin nodal həllərinin mövcudluğu” (“Existence of nodal solutions to some nonlinear boundary value problems for ordinary differential equations of fourth order”) adlı məqaləsi  “Web of Science” elmmetrik bazasına daxil olan Q1 kvartilli (IF: 1.087) “Electronic Journal of Qualitative Theory of Differential Equations” jurnalında dərc olunub.
 
 
Məqalədə sərhəd şərtinə spektral parametrə daxil olan dördüncü tərtib adi diferensial tənliklər üçün bəzi qeyri-xətti sərhəd məsələlərinin düyün həllərinin mövcudluğu araşdırılır. Bunun üçün əvvəlcə qeyd olunmuş sayda nodal sıfırları olan funksiyalar siniflərində uyğun qeyri-xətti məxsusi qiymət məsələlərinin həllərinin sıfırdan və sonsuzluğundan qlobal bifurkasiyası öyrənilir. Sonra isə bu qlobal bifurkasiya haqqında nəticələrdən istifadə edilərək, baxılan qeyri-xətti sərhəd məsələlərinin  qeyd olunmuş sayda nodal sıfırlara malik həllərinin varlığı göstərilir.